4 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda valyuta ipoteka kreditlərinə qadağa qoyulub

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ötən gün keçirilən iclasında sağlam borclanma və məsuliyyətli kreditləşməyə dair qərar qəbul edib. Qərarda xarici və milli valyutada istehlak kreditlərinin verilməsi şərtləri və onlara dair yeni prudensial çərçivə öz əksini tapıb. Reportun verdiyi xəbərə görə, xarici valyutada gəlirlərlə və bankda əmanətlərlə təmin olunmamış xarici valyutada olan istehlak kreditlərinin verilməsinin dayandırılmasına dair 4 aprel 2016-cı il tarixli qərar qüvvədə qalıb. Bundan əlavə, daşınmaz əmlakın əldə edilməsi üçün xarici valyutada kreditlərin verilməsinə qadağa qoyulub.

Eyni zamanda, qərar valyutada borcalanların borc yükünün yüngülləşdirilməsi məqsədi ilə xarici valyutada mövcud kreditlərin sağlam kreditləşmə şərtləri ilə restrukturizasiyasını mümkün edir.

Bununla yanaşı, milli valyutada istehlak kreditlərinin verilməsi borcalanların borc yükünün izafi artmasının məhdudlaşdırılması əsasında aparılacaq. Bu məqsədlə borcalanların gəlirlərinin həcmindən asılı olaraq borc yükünün gəlirə nisbəti və kredit məbləğinin təminata nisbəti əmsallarının daxil edilməsi nəzərdə tutulur.

Qəbul edilmiş qərar mayın 6-dan qüvvəyə minir.

Eyni zamanda, bank sisteminin dayanıqlığının təmin olunması məqsədi ilə gələcəkdə banklara kredit risklərinin idarə edilməsində daha sərt prudensial çərçivənin tətbiq olunması üzrə qərar qəbul edilib. Bu zaman kapital buferinin möhkəmləndirilməsi və gözlənilən zərərlərə qarşı ehtiyatlanmanın mərhələli şəkildə artırılması nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər