22 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda vergi dərəcələrinin optimallaşdırılması ilə bağlı təkliflər hazırlanır

“Vergi güzəştləri və vergi azadolmaları məsələlərinə yenidən baxıla bilər”

Azərbaycanda vergi dərəcələrinin optimallaşdırılması və vergitutma bazasının genişləndirilməsi ilə bağlı təkliflər hazırlanır.

Bunu Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov deyib.

N. Şirinovun sözlərinə görə, hazırda nazirlik aidiyyatı iqtisadi qurumlarla birgə bu təkliflər üzərində işləyir: “Ölkə iqtisadiyyatı dinamik inkişaf edir. Bu inkişafın tələblərinə uyğun olaraq Vergilər Məcəlləsinin daim təkmilləşdirilməsi üzərində düşünürük. İqtisadiyyatın müxtəlif sahələrinə aid olan çoxlu təkliflər var. Bu təkliflər hazırda müzakirə mərhələsindədir”.

Baş İdarə rəisi bu təklifləri açıqlamasa da, vergi güzəştləri və vergi azadolmaları məsələlərinə yenidən baxılacağını istisna etmir: “Bizdə vergi siyasəti vergi güzəştlərindən daha çox, vergi dərəcələrini optimallaşdırılması, yəni aşağı salınması ilə həm iqtisadiyyatın inkişaf etdirilməsinə, həm də sahibkarlığa stimul verilməsinə istiqamətlənib. Eyni zamanda, bu zaman optimal vergi dərəcələri ilə normal vergi yığılmasına da diqqət yetirilir. Ümumiyyətlə, görürsünüz ki, vergi siyasətində heç vaxt vergi dərəcələrinin artırılması istiqamətində elə bir iş getmir. Adətən vergi dərəcələri aşağı düşür. Son illərdə aparılan siyasət də bunu bir daha sübut edir. Məsələn, mənfəət vergisinin 22%-dən 20%-ə salınmasını buna misal göstərmək olar. Bu təkliflər nəzərdən keçirilərkən vergi güzəştləri və vergi azadolmaları məsələlərinə yenidən baxıla bilər. Təkliflər arasında qiymətli kağızlar sahəsində vergi güzəştlərinin tətbiqi məsələsi də var. Amma bununla bağlı müəyyən hesablamalar olmalıdır. Yəni, verilən güzəştlər, vergi dərəcəsinin aşağı salınması adekvat olaraq həmin sahədə sahibkarlığın inkişafına necə təsir edəcək və büdcə daxil olmalarına necə təsir edəcək? Bunu müəyyən etmək üçün hələ ki, hesablamalar aparılır. Çünki, bunun iqtisadi əsası olmalıdır”.

APA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər