16 C
Baku
Thursday, March 28, 2024

Azərbaycanda yeni valyuta yaranacaq

Yaxın vaxtlarda Azərbaycanda bitkoinlərin tətbiqinə başlanacaq.  Vergilər Nazirliyinin verdiyi məlumata görə, bunu Polşa Maliyyə Nəzarəti Orqanının əməkdaşı Adam Janisevski Tomas deyib.

Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsi TAIEX Ekspert Missiyası üzrə Avropa Komissiyasına “Nağdsız hesablaşmaların stimullaşdırılması” mövzusunda müraciət edib. Müraciət müsbət qarşılanmış, ekspertin ayrılması və digər texniki məsələlər həll olunduqdan sonra Vergilər Nazirliyinin inzibati binasında seminar təşkil olunub.

TAIEX – Avropa Komissiyasının Genişlənmə üzrə Baş Direktorluğunun Texniki Yardım və İnformasiya Mübadiləsi mexanizmidir. Bu yardım aləti vasitəsilə ölkələrə milli qanunvericiliyin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və həyata keçirilməsi sahəsində qısamüddətli texniki dəstək və tövsiyələr verilir. Yardım çərçivəsində Avropa İttifaqının üzv dövlətlərinin dövlət sektorunda çalışan ekspertləri müxtəlif hüquqi məsələlərə aydınlıq gətirir, qanun layihələrini qiymətləndirir və Aİ-nin digər üzv dövlətləri ilə ən yaxşı təcrübəni bölüşmək üçün tövsiyələr verirlər.

Vergilər Nazirliyinin təcrübəli və bu sahə ilə birbaşa əlaqəli əməkdaşlarının iştirak etdiyi seminarda nağdsız hesablaşmaların stimullaşdırılması sahəsində Avropanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi ilə yanaşı, qanunvericilik aktlarının Avropa təcrübəsinə uyğunlaşdırılması, bu sahədə mövcud inzibatçılıq qaydaları ilə bağlı müzakirələrin aparılması təşkil olunub.

Seminarda Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin Strateji araşdırmalar idarəsinin Vergi araşdırmaları və monitorinq şöbəsinin rəisi Yunis Quliyevin “Nağdsız hesablaşmaların stimullaşdırılması sahəsində Azərbaycandakı mövcud vəziyyət” barədə təqdimatı dinlənilib.

Tədbirdə iştirak edən Polşa Maliyyə Nəzarəti Orqanının əməkdaşı A.J.Tomas çıxışında bildirib ki, dünya ölkələri, xüsusilə də inkişaf etmiş ölkələr iqtisadiyyatda şəffaflığın artırılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə maliyyə əməliyyatlarına nəzarət sahəsində həssas mövqe nümayiş etdirirlər. Bu, özünü həm nağd hesablaşmaların məhdudlaşdırılması, həm də nağdsız hesablaşmaların stimullaşdırılması üzrə həyata keçirilən tədbirlərdə göstərir. Ekspert nümunə kimi Polşada qəbul olunmuş “2014-2020-ci illərdə nağdsız hesablaşmaların inkişaf etdirilməsi” proqramı haqqında iştirakçılara məlumat verib.

Qeyd edilib ki, proqram Polşada bu sahədə əhəmiyyətli irəliləyişlərin olacağına zəmin yaradır. O, Polşa təcrübəsi ilə yanaşı, Avropa ölkələrində nağdsız hesablaşmalar sahəsində ən son yeniliklər barədə də məlumat verib. Bildirilib ki, son dövrlərdə Avropa ölkələrində populyarlığı artan və demək olar ki, pul vəsaiti kimi alış-verişdə istifadə edilən bitkoinlər mərkəzi banklardan və vergi orqanlarından nəzarətsiz dövriyyə olunur. Bu məsələnin artıq Avropanın bir çox ölkəsini narahat etdiyini bildirən iştirakçılar yaxın gələcəkdə bitkoinlərin Azərbaycanda da istifadə edilmə ehtimalını nəzərə çatdırıblar. Bunun üçün artıq bir çox Avropa ölkəsində tətbiq olunan prosedurların və qanunvericiliklərin dərindən öyrənilərək Azərbaycanda tətbiqinin vacibliyi vurğulanıb.

Beynəlxalq təcrübədən göründüyü kimi, maliyyə əməliyyatlarına nəzarətin gücləndirilməsi üçün qanunvericiliyə nağd əməliyyatların sayının və məbləğinin məhdudlaşdırılmasını nəzərdə tutan müddəaların əlavə edilməsi, nağd vasitələrlə hesablaşmaların əhatə dairəsini məhdudlaşdıran praktiki tədbirlərin görülməsi, bank kartları və əməliyyat avadanlıqları ilə bağlı infrastrukturların təkmilləşdirilməsi, eləcə də telefon bankçılığı, internet bankçılığı kimi sahələrin inkişaf etdirilməsi aktual vəzifələrdəndir.

Trend

Son xəbərlər
Digər xəbərlər