5 C
Baku
Friday, March 29, 2024

Azərbaycanın kredit reytinqinin düşməsi iqtisadi gərginliyi artıracaq

Lakin ekspertə görə, ölkə Yunanıstanın vəziyyətinə düşməyəcək.

Azərbaycanda manatın növbəti devalvasiyası təhlükəsi gündəmdədir. Bütün bunlarla bərabər, ölkənin əsas ixracı sayılan neftin də qiyməti aşağı düşməkdədir. Bəzi iqtisadçı analitiklər hesab  edir ki, mövcud şərtlər altında ölkə iqtisadiyyatını dirçəltmək üçün Azərbaycan xarici ölkələrdən borc almalı olacaq, alınan borc isə ölkənin həm iqtisadi, həm də siyasi baxımdan asılılığını artıracaq.

Rəsmi açıqlamaya görə, cari ilin iyulun 1-nə olan göstəricilərdə Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 6 milyard 629,1 milyon manat təşkil edib. Bu isə ilin əvvəlinə olan göstəricidən 33 faiz çoxdur. Belə davam edərsə,  Azərbaycanın Ukrayna və Yunanıstanın gününə düşmə ehtimalının da böyük olduğunu söyləyənlər az deyil.
Məsələ ilə bağlı iqtisadi ekspert Rəşad Həsənov bildirib ki, neft gəlirlərinin azalması səbəbindən, xarici borclar da xeyli böyüyəcək: “Ölkənin iqtisadi  vəziyyətinin müqayisəsi zamanı xarici borcların ümumi daxili məhsulda (ÜDM) və əhalinin gəlirlərində payı diqqət mərkəzində olan məsələlərdəndir. Azərbaycan hökuməti bu günə qədər əslində bu istiqamətdə daha müsbət mövqe sərgiləyirdi. Nəticədə isə ölkənin xarici borclarının ÜDM-dəki yerinə görə dünya üzrə müsbət mənada ön sıralardaydı. Bu, təxminən 14 faiz təşkil edirdi. Son dövrlər baş verənlər isə hökuməti və real sektoru məcbur edir ki, xarici  borcların miqdarını artırsınlar”.
Ekspert bildirib ki, xarici borclanmanın səbəbi ölkəyə  daha çox valyuta axınının təmin edilməsidir: “Neft valyutasından asılı olan Azərbaycan iqtisadiyyatı, neftin qiymətinin dünya bazarında azalmasından dərhal sonra, prosesə çox kəskin  reaksiya verdi. Manat 34 faiz dəyərdən düşdü. Nəticə etibarilə ölkə iqtisadi durğunluq mərhələsinə daxil olub. Ötən illərlə müqayisədə iqtisadi aktivlik kifayət qədər aşağı düşüb. Bundan sonrakı dövrlərdə də Azərbaycanın xarici borclanmasının davam edəcəyini əminliklə demək olar. Lakin əgər əvvəlki dövrlərdə beynəlxalq maliyyə dərəcələri  Azərbaycanın kredit reytinqini daha yüksək qiymətləndirirdi və bunun nəticəsində  xarici borclanmamızda faiz aşağı idisə, hazırda bu, belə olmayacaq. Reytinqlər aşağı çəkilərsə,  ölkənin daha bahalı borclanması baş verəcək. Xarici borclanmanın artması hər bir vətəndaşın üzərinə əlavə yük qoyacaq ki, bu da ölkə büdcəsindən sosial istiqamətli xərclərin azalmasına səbəb ola bilər. Bütün bunlarla bərabər demək olar ki, Azərbaycan Yunanıstanın vəziyyətinə düşməyəcək”.
Müsavat
Son xəbərlər
Digər xəbərlər