8 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda bank işi: kimlərə ehtiyac qalacaq, kimlərə yox

Rəqəmsallaşma, alternativ bankçılıq: bank sektorunda işsizlik yaradacaqmı?

Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil olunaraq 23-24 noyabr 2017-ci il tarixlərində keçirilmiş II Bankçılıq Forumunda bir çox məsələlərə toxunuldu. Bu forumda diqqəti çəkən müsbət məqamlardan biri son iki il ərzində bank sektoru və banklar haqqında yaranmış bir sıra mənfi fikirlərin müsbətə doğru dəyişməsi oldu.

Zaman göstərdi ki, bankların sayı azalmalı, iqtisadiyyatda yalnız iri banklar olmalı, böhranın səbəbkarı və günahkarı bank sektorudur kimi fikirlər öz təsdiqini tapmadı və bank sektoru bu böhrandan ən çox zərər çəkən sektorlardan biri oldu. Daha geniş əhali təbəqəsi ilə qarşılıqlı sıx əlaqə və iqtisadiyyatın qan-damar sistemi olması bütün diqqətləri bankların üzərinə daha çox çəkdi. Bank sektorunun spesifik sahə olması, bu sahə haqqında məlumatlı olmayan şəxslərin də bu sahə haqqında danışaraq haqlı-haqsız günahlandırması bankların imic-reputasiyasına zərbə vuran amillərdən oldu.elman sadiqov

Ən azından devalvasiyanın səbəbi banklardır kimi primitiv fikir və ümumiyyətlə banklar niyə xarici valyutada kredit verirlər kimi primitiv suallar dövrü geridə qaldı. Lakin forumda diqqətimi cəlb edən məqamlardan biri də yaranmaqda olan bəzi yanlış fikirlərin hətta bank sektorunun nümayəndələri arasında da dominantlıq təşkil etməsi oldu. Hətta bir sıra xarici mütəxəssislər arasında da bu fikirlər səsləndirilməkdədir.

Hansı bank işçilərinə ehtiyac qalmayacaq?

Narahatlıq doğura biləcək və bir sıra mütəxəssislər arasında geniş yayılan əsas fikirlərdən biri də budur ki, banklarda müasir texnologiyaların tətbiqi və şöbələrdə işçi saylarının minimuma endirilməsi və hətta bir neçə ildən sonra insansız filial/şöbə konsepsiyası banklarda işçi saylarını kəskin şəkildə azaldacaqdır. Getdikcə müxtəlif səviyyələrdə, hətta bankirlər və bank əməkdaşları arasında da formalaşmaqda olan bu fikir tamamilə yanlış fikirdir və ən azı yaxın bir neçə on illiklər ərzində narahat olmağa dəyməz.

Niyə? Banklarda iş prinsiplərinə görə əsasən ön (front) və arxa (back) ofislər mövcuddur. Bəzi ölkələrdə orta (middle) ofis prinsipləri də tətbiq olunur. Ön ofis müştərilərə birbaşa xidmət göstərir, birbaşa təmasda olur, arxa ofis isə ön ofisin işini dəstəkləyir, hesabatını aparır və nəzarət edir.

Hazırda müştərilərə daha sürətli və optimal xidmət göstərmək üçün ön ofis maksimum şəkildə və sürətlə avtomatlaşdırılır, rəqəmsəlləşdirilir. Burada işçi sayı azalacaq. Lakin, arxa ofisdə isə əksinə.

Nəzarət daha da mürəkkəbləşir, banklara hökumətlər tərəfindən qoyulan tələblər artdığı üçün müxtəlif sahələrdə iş yükü artır (risk, informasiya texnologiyaları, hüquq, compliance (uyğunluq), maliyyə və sair).

Banklarda iş yükü niyə artır?

Birincisi, çirkli pulların yuyulması və terrorçuluğa qarşı mübarizə tədbirləri getdikcə güclənir və bu məsələlərə nəzarət banklarda prioritet məsələlərdən birinə çevrilməkdədir. Məhz bu prinsiplərin pozulması nəticəsində dünyanın bir neçə aparıcı bankı milyon və milyardlarla dollar məbləğində ölçülən cərimə və sanksiyalara məruz qalmışdır.

İkincisi, getdikcə artmaqda olan kredit və yaranan problemli kreditlər portfeli hüquqşünasların sayının artmasına səbəb olur.

Üçüncüsü, son dövrlərdə geniş tətbiq olunan komplayəns (compliance ingilis sözü olub riayət etmə, uyğunluq deməkdir) işi üzrə kadrlara geniş ehtiyac yaranmışdır. Bir sıra banklar bu sahə üzrə işçi çatışmazlığı hiss edir və işçi axtarırlar. Hazırda Avropa banklarında bu sahədə çoxlu vakant yerlər vardır. Məsələn, təkcə son bir neçə ildə HSBC bankı komplayəns işini həyata keçirəcək 3000 nəfərdən çox əməkdaşı işə cəlb etmişdir. Digər banklarda da bu sahə üzrə işçi cəlbi artmaqdadır.

Dördüncüsü, insansız şöbələrə texniki dəstək göstərəcək əməkdaşların sayı daha da çox olacaqdır.

Beşincisi, banklarda rəqəmsəlləşmə artdıqca informasiya texnologiyaları departamenti daha da genişlənəcək və bu istiqamətdə işçilərə ehtiyac artacaqdır.

Altıncısı, rəqəmsəlləşmə və nağdsız əməliyyatların sayının artması, maliyyə məsələlərinin daha da mürəkkəbləşməsi, daha çox əməliyyat və hesabatlılıq deməkdir ki, bu da maliyyə sahəsində daha çox işçiyə tələb deməkdir.

Yeddincisi, yuxarıda qeyd olunan sahələrin genişlənməsi və əməliyyatların artması, banklarda risk yönümlü idarəetmənin tələb olunan tətbiqi (yeri gəlmişkən, Azərbaycanda da bu məsələ növbəti ildən tətbiq olunmağa başlayacaqdır) risk sahəsində mütəxəssislərə tələbi artıracaqdır və sair.

Sadalanan və sadalanmayan digər amillər banklarda işçi sayının getdikcə azalmasının deyil, artmasının göstəricisidir. Hesablamalar da göstərir ki, ön ofisdə tesnologiyanın tətbiqi sahəsində azalan işçi sayı genişlənməkdə olan sadalanan sahələrdə artmaqda olan işçi sayı ilə müqayisədə bir neçə dəfə azdır. Yaxın tarixə nəzər salsaq görərik ki, ötən əsrin 80-ci illərində kompyuterlərin həyatımıza daxil olmasının banklarda işçi sayının azalmasına səbəb olacağı proqnozlaşdırılırdı.

Lakin, əksinə oldu. Daha bir maraqlı fakt. İnkişaf etmiş ölkələrdə aparılmış araşdırmalar göstərir ki, eyni bir bankda rəqəmsəl bankçılıq daha geniş tətbiq olunduğu zaman müştəri banka ayda ən azı 8-10 dəfə gəlir. Rəqəmsəlləşmə tətbiq olunmazdan öncə bu rəqəm ayda cəmi 2-3 dəfə idi. Banklar müştərilərin həyatına daha sıx və yaxından daxil olduqca təmas da çoxalır. İnternet bankçılıq da bu təmasa “mane” ola bilmir. Burada getdikcə artmaqda olan maliyyə alətləri və əməliyyatlarına, nağdsız əməliyyatların həcminin getdikcə çoxalması nəticəsində bankın real sektora və əhalinin həyatına inteqrasiyası səbəbindən banklarda iş yükünün artması nəticəsində arxa ofisdə artacaq işçi sayına toxunulmadı. Bütün qeyd olunan faktorlar bank sektorunda hələ uzun müddət işçi sayının nəinki azalacağı, hətta artacağını göstərir və bank sektorunda işsizlik yaranacaq kimi fikirlərin nə qədər yanlış olmasını yaxın zamanlar da göstərəcək.

P.S.
Son zamanlar dəbdə olan blokçeyn (blockchain) texnologiyasının tətbiqi bankları dövriyyədən çıxaracaq kimi fikirlər səslənməkdədir. Bu başqa bir mövzudur. Ən mükəmməl şəkildə tətbiqi mümkün olduğu halda belə bankların sistemdən çıxması deyil, öz iş tərzi və görünüşünü dəyişdirəcəyi daha realdır. Buna isə bir neçə onilliklər tələb olunacaqdır.

Müəllif: Elman Sadiqov

Son xəbərlər
Digər xəbərlər