“Azpetrol”dan yanacağın keyfiyyətinə dair açıqlama

Hazırda “Azpetrol” şirkəti 83 benzindoldurma və 5 qazdoldurma məntəqəsini istismar etməklə, ölkənin bütün əsas iqtisadi zonalarını əhatə edir.

Bunu “Caspian Energy” jurnalına müsahibəsində şirkətin baş direktoru Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda şirkət Siyəzən rayonunda ikinci yanacaqdoldurma məntəqəsinin istismara verilməsi üzərində işləyir: “2018-ci ildə bu işlər başa çatdırılacaq”.

C. Məmmədov vurğulayıb ki, rəhbərlik etdiyi şirkət hər zaman yanacağın keyfiyyətinə xüsusi önəm verib. Dizel yanacağının və Aİ-92 markalı benzinin Bakı Neft Emalı Zavodundan alındığı deyən baş direktor əlavə edib ki, burada yanacaq bütün lazımi yoxlamaları keçir və müvafiq qaydada sertifikatlaşdırılır.

Foto: Azpetrol-un FB səhifəsindən

“Premium – Avro 5” (EN-288) markalı benzinin keyfiyyətinə gəlincə, şirkət rəhbəri deyir ki, bu qəbildən olan yanacaq əsasən Rumıniyadan alınır və Avropa standartlarına cavab verir: “İdxal olunan yanacağın keyfiyyətinin yüksək olmasını təsdiqləyən bütün müvafiq sənədlər mövcuddur. Hər dəfə yanacaq topdan alınarkən onun keyfiyyəti ixtisaslaşdırılmış laboratoriyada yoxlanılır”.

Baş direktor onu da qeyd edib ki, “Azpetrol” yanacağın saxlanılması məsələsinə də diqqətlə yanaşır. “Vaxtlı-vaxtında bütün rezervuarlar xüsusi qaydada təmizlənir”, – deyə o bildirib.