16 C
Baku
Friday, April 19, 2024

“Bakı Fond Birjası”nın lisenziyaları ləğv edildi

QKDK tərəfindən “Bakı Fond Birjası” QSC-nin depozitar və klirinq fəaliyyətləri üzrə lisenziyaları ləğv edilmişdir

15 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Bakı Fond Birjası” QSC-nin müraciətinə əsasən Cəmiyyətə depozitar və klirinq fəaliyyəti üçün verilmiş lisenziyalar ləğv edilmişdir.

2013-cü ilin sentyabr ayından etibarən dövlət qiymətli kağızların saxlanılması və bağlanılmış əqdlər üzrə klirinq və hesablaşmalar üzrə xidmətlərin göstərilməsi “Bakı Fond Birjası” QSC-dən “Milli Depozit Mərkəzi” QSC-yə keçmişdir.

Bu proseslər, Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramında nəzərdə tutulan strateji xəttə uyğun həyata keçirilmişdir. Belə ki, qiymətli kağızların depozitar-uçot sistemi, o cümlədən qiymətli kağızlar və onlar üzərində hüquqların qeydiyyatı mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Milli Depozit Mərkəzinin bazasında dövlət və korporativ qiymətli kağızların mərkəzi depozitar sistemi yaradılmışdır.

Nəticədə qiymətli kağızlarla ticarətin səmərəliliyinin artırılması və risklərin azaldılması məqsədilə qiymətli kağızların ticarəti üzrə mərkəzləşdirilmiş klirinq sisteminin yaradılması və onun elektron ödəniş sistemlərinə inteqrasiyası təmin edilmişdir.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker fəaliyyəti, 14 diler fəaliyyəti, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 2 depozitar, 1 fond birjası və 1 klirinq fəaliyyəti, aktivlərin idarə olunması üzrə 3 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.

Son xəbərlər
Digər xəbərlər