25 C
Baku
Tuesday, September 17, 2024

Bakı-Sumqayıt qatarlarının sayı artırılır

“Azərbaycan Dəmir Yolları” QSC-nin şəhərətrafı marşrutlarla hərəkət edən qatarları yeni dərs ilinin başlaması ilə əlaqədar sərnişin tələbatını təmin etmək məqsədilə sentyabrın 16-dan yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcəkdir.

Bu barədə ADY-nin məlumatında bildirilir.

Yeni hərəkət qrafikinə əsasən, Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə gediş-gəliş reyslərinin sayı 20-dən 24-ə, Bakı-Pirşağı-Sumqayıt xətti üzrə isə 36-dan 42-yə çatdırılıb.

Yenilənmiş qrafikə uyğun olaraq, Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə Bakıdan 13, Sumqayıtdan 11 reys, Bakı-Pirşağı-Sumqayıt xəttində isə Bakıdan 20, Sumqayıtdan 22 reys təşkil ediləcək.

ADY sərnişindaşıma xidmətinin keyfiyyətini yüksəltmək üçün Pirşağı-Sumqayıt sahəsində infrastrukturu sağlamlaşdırır. Təmir işlərinin qismən tamamlanması nəticəsində Bakı-Pirşağı-Sumqayıt xətti üzrə sərnişinlərin çoxdan gözlədiyi 4 ənənəvi səhər reysi bərpa olunub, bununla yanaşı, biri səhər, biri axşam olmaqla 2 yeni reys əlavə edilib.

Bakı-Xırdalan-Sumqayıt marşrutunun yenilənmiş qrafikində isə Bakı-Xırdalan, Bakı-Sumqayıt və Xırdalan-Bakı istiqamətində 3 yeni axşam reysi, Sumqayıt-Bakı istiqamətinə isə 1 yeni səhər reysi əlavə olunub.

ADY hərəkət qrafikinə edilmiş dəyişikliklərlə sərnişindaşıma xidmətini sərnişinlərin ehtiyaclarına uyğunlaşdırmağı və dəmir yolları ilə səfər təcrübəsini daha komfortlu və təhlükəsiz etməyi hədəfləyir.

Pirşağı-Sumqayıt sahəsində davam edən təmir-sağlamlaşdırma işlərinin bu ilin sonunadək yekunlaşmasından sonra Bakı-Pirşağı-Sumqayıt xətti üzrə hərəkət qrafikinə yenidən baxılacaq və sərnişin tələbatına uyğun əlavə və dəyişikliklər nəzərdən keçiriləcək.

fa2b4110 d0e5 3a44 8f9f 07c2e724ae1a 01e45cdc 0967 3dbc 8640 c7f64022d2d2 d9950b5f 4828 375b be47 12bac8454d92

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər