14 C
Baku
Wednesday, April 17, 2024

Bank islahatları iqtisadi islahatların ayrılmaz hissəsidir

Müəllif: Fikrət Yusifov

Ölkə iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsi və onun real sektora transformasiya edilməsi məqsədilə artıq bir ilə yaxın başlanan sürətli iqtisadi islahatlar öz növbəsində bank sektorunun da yenidən qurulmasını zəruri etdi.

Yeni iqtisadi mühütdə banklar bazarı daha yaxından hiss edən, onun tələblərini hər kəsdən tez müəyyən etməyi bacaran analitik bir mərkəz kimi fəaliyyət göstərməlidirlər. Məhz bu prinsipləri öz fəaliyyətinin əsasına qoyan bank sistemi olan ölkələrdə iqtisadiyyatın sürətli inkişafına nail oluna bilinmişdi. Bütün hallar üçün iqtisadiyyatın yüksəlişi, məhz bank sektoru tərəfindən fasiləsiz pul və kapital dövriyyəsinin təmin edilməsindən, iqtisadiyyatın ayrı-ayrı sahələrinin, dövlətin və əhalinin kreditləşməsinin yüksək səviyyədə təşkil edilə bilməsindən asılıdır. Real olan budur ki, banklar əhalinin və müəssisələrin sərbəst vəsaitlərini, habelə digər sərfəli mənbəələrdən vəsaitləri cəlb edib, onları müxtəlif sahələr arasında yenidən bölüşdürərək, bütövlükdə inkişafın lokomotivi rolunu öz üzərlərinə götürməlidirlər.

Bankların iqtisadiyyatın inkişafında mühüm rolunu nəzərə alan Prezident İlham Əliyev iqtisadiyyatın real sektorunda aparılan sürətli islahatlarla eyni vaxtda bank islahatlarına da xüsusi yer ayırdı. Bankların müasir tələblərə cavab verilə biləcək bir səviyyədə yenidən qurulması məqsədilə ölkədə bank islahatlarına start verildi. Bu ilin fevral ayının əvvəllərində Maliyyə Bazarlarına Nəzarət palatası yaradıldl və banklarda olan bütün əmanətlər üç il müddətinə tam sığortalandı. Bu günlərdə isə ölkə başçısı Fərmanla maliyyə Stabilliyi Şurası yaratdı. Prezident bu qərarı dünyanı bürümüş iqtisadi və maliyyə böhranı şəraitində ölkədə maliyyə sabitliyinin tam bərqərar olması və bank sektorunda islahatların səmərəli aparıla bilməsi məqsədilə qəbul etdi. Baş Nazirin rəhbərliyi   altında fəaliyyət göstərəcək bu Şuraya ölkənin əsas iqtisadi və maliyyə qurumlarının rəhbərləri daxildir. Şuranın əsas məqsədi, ölkədə maliyyə sabitliyi yaratmaq yolunda bütün aidiyyatı qurumların fəaliyyətini tam koordinasiya etməkdən ibarətdir. Deməli, bundan sonra ölkənin maliyyə sabitliyinin təmin olunmasına yönəli addımlar ayrıca götürülmüş bir qurumun deyil, bütöv bir peşəkar komandanın razılaşdırılmış qərarı əsasında atılacaqdır. Prezident bu qərarla aparılan bütün islahatların özünün şəxsi nəzarəti altında olduğunu bir daha göstərdi. Dövlət başçısı kimi kifayət qədər başqa qayğıları olan Prezidentin ölkədə aparılan iqtisadi, maliyyə  və struktur islahatlarını bilavasitə öz nəzarəti altında saxlaması tədqirə layiqdir və bu hal islahatlarla bağlı hər bir vətəndaşın optimist əhval-ruhiyyəyə köklənə bilməsinin əsasını təşkil edir.

Bank sisteminin yenidən qurulması aparılan iqtisadi islahatların səmərəliliyini təmin etməyə hesablanıb. Əslində bütün başqa islahatlar kimi bank islahatları da ağrısız olmur. Lakin bu gün biz başqa bir seçim edə bilmərik. Bankların bağlanması ilə bağlı ortaya çıxacaq bütün çətinlikləri dəf etməyi bacarmalıyıq. Bank sistemində bu gün aparılan kordinal islahatlar hər hansı bir cərrahi əməliyyatı xatırladır. İstənilən cərrahi əməliyyat isə ağrılı olur, lakin bu ağrını yaşayan hər kəs başa düşür ki, bir müddətdən sonra düçar olduğu problemdən tam xilas olacaq və buna görə də müvəqqəti olan ağrılara dözməyinə dəyər. İslahatlar nəticə etibarilə bankların üzünü əsaslı şəkildə ölkənin iqtisadiyyatına çevirməyi nəzərdə tutur. Banklar nəhayət ki, girov fetişizmindən yaxa qurtarmalıdırlar. Onlar kredit verərkən, ilk növbədə bütün səylərini təqdim olunmuş layihənin reallığını yüksək peşəkarlıqla araşdırmağa sərf etməlidirlər. Bunun üçün də yüksək peşə hazırlığı kursları  təşkil edilməli, aparıcı xarici banklarla müqavilələr bağlanmalı və təcrübə keçmək üçün mütəxəsislər həmən banklara ezam edilməlidirlər. Bir sözlə, “kredit üçün dəyəri  kreditin məbləğindən bir neçə dəfə çox olan girov yetərlidi” psixologiyasını sındırmağın zamanı artıq çatıb. Bu baxışlarla bundan sonra kiminsə bank fəaliyyəti mümkün olmayacaq. Çünkü Hökumətin bank islahatlarından gözləntiləri tamamilə başqadır.

 

 

Son xəbərlər
Digər xəbərlər