4 C
Baku
Friday, March 29, 2024

Bank kreditlərinin əsas kapitala qoyuşundakı payı 14,1% olub

Qeyri-neft sektoruna kapital qoyuluşu artıb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi 2017-ci ilin göstəricilərinə dair məlumat yayıb.

2017-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 15 milyard 550,8 milyon manat vəsaitin 7 milyard 102,2 milyon manatı və ya 45,7 faizi qeyri-neft sektoruna sərf edilmiş və bu sektorda investisiyaların həcmi ötən illə müqayisədə 6,0 faiz artıb.

Ümumi sərmayənin 73,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmiş, istifadə olunmuş vəsaitin 76,3 faizi məhsul istehsalı obyektlərinin, 18,0 faizi xidmət sahələri üzrə obyektlərin, 5,7 faizi isə ümumi sahəsi 1727,4 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 44,6 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 63,4 faiz, bank kreditləri 14,1 faiz, büdcə vəsaitləri 15,4 faiz, əhalinin şəxsi vəsaitləri 5,1 faiz, büdcədənkənar fondların vəsaitləri 1,3 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil edib.

2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı şəhərində “Baku Agropark” istixana kompleksi, “Pirallahı” Günəş Elektrik Stansiyası, körpü, Balaxanı Sənaye Parkı, Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat avtomobil yolu, Bakı Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Sumqayıt şəhərində yenidən qurulmaqla Boruyayma zavodu, Gəncə şəhərində “Yeni Gəncə” elektrik yarımstansiyası, Gəncə Dövlət Filarmoniyasının yeni binası, “Grand Qafqaz” Ticarət Kompleksi, “Gəncə Mall” Ticarət Mərkəzi, Yevlax şəhərində Varvara balıqartırma və balıqyetişdirmə zavodu, Lənkəran şəhərində Çəltik zavodu, “Xəzər Palace” otel kompleksi, Abşeron rayonunda Olimpiya İdman Kompleksi, Ağcabədi rayonunda Çörək və un məmulatları zavodu, Olimpiya İdman Kompleksi, Balakən rayonunda Su elektrik stansiyası, Cəlilabad rayonunda dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsi, Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun Masallı-Cəlilabad hissəsi, Gədəbəy rayonunda Limonad zavodu, 35/10 kV-luq “Gədəbəy” elektrik yarımstansiyası, Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzi, Qax rayonunda 110/35/10 kV-luq elektrik yarımstansiyası, Quba rayonunda “Azərxalça” ASC-nin Quba filialı, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsi, 110/35/6 kV-luq “Neftçala” yarımstansiyası, Saatlı rayonunda 110/35/10 kV-luq “Sarıcalar” elektrik yarımstansiyası, Sabirabad rayonunda Quşçuluq fabriki, Mərkəzi Xəstəxana, Salyan rayonunda 110/35/10 kV-luq “Qaraqaşlı” yarımstansiyası, Şəmkir rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzi, “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı, Zaqatala rayonunda “Bəhmənli” elektrik yarımstansiyası, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində, Gədəbəy, Salyan, Şamaxı və Tərtər rayonlarında 5160 şagird yerlik 10 ümumtəhsil məktəb binası, Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində, Qazax, Qobustan, Saatlı, Samux və Tərtər rayonlarında 1154 yerlik 9 məktəbəqədər təhsil müəssisəsi və s. obyektlər istifadəyə verilib.

 

Son xəbərlər
Digər xəbərlər