22 C
Baku
Thursday, April 25, 2024

“Bank of Baku”nun rəhbəri: “Bank sektorundakı son proseslər bizi daha çevik olmağa vadar edir” – MÜSAHİBƏ

“Biz dayanıqlılığımızı təmin etmək üçün aşağı faiz dərəcələri və aşağı gəlir marjaları ilə fəaliyyət göstərməyə hazır olmalıyıq”

“Bank of Baku” ASC-nin İdarə Heyətinin Sədri Abbas İbrahimovun müsahibəsi:

– Siz cari ilin may ayından etibarən “Bank of Baku”nun İdarə Heyətinin sədri təyin edilmisiniz. İlk növbədə sizi yeni təyinatınız münasibətilə təbrik edirik. Zəhmət olmasa özünüz haqda bir qədər danışın. Neçə ildir bank sahəsində çalışırsınız, hansı uğurlarınız olub?

– Təbrikiniz üçün çox təşəkkür edirəm. Təhsilimi bitirib Azərbaycana qayıdandan sonra ilk iş yerim kimi artıq o vaxtlardan yenilikçi bir bank kimi parıldamağa başlayan “Bank of Baku”nu seçdim. Bankdakı ilk müsahibəmdən sonra anladım ki, axtardığım və işləmək istədiyim təşkilatı tapmışam. Çoxlarına məlumdur ki, “Bank of Baku” bir çox gəncin ilk iş yeri və bank məktəbi olub. Mən də həmin şanslı insanlardanam. 2005-ci ildə Biznesin inkişafı sahəsində ekspert kimi işə başladım, 9 ay sonra aparıcı ekspert, bir müddət sonra şöbə müdiri vəzifəsinə yüksəldim. 2008-ci ildə, yəni karyeramın 3-cü ilində Məhsulların Yaradılması və İnkişafı departamentinin müdiri, 5-ci ilində isə Pərakəndə sahə üzrə İdarə heyəti sədrinin müavini və İdarə heyətinin üzvü təyin edildim. Bu il sentyabrın 12-də “Bank of Baku”da fəaliyyət dövrümün 10-cu ilini qeyd etdim və bununla fəxr edirəm. Uğurla bağlı sualınıza gəldikdə isə, gözəl komanda olmadığı təqdirdə uğur da ola bilməz. Bu günə qədər iş həyatımdakı bütün uğurlarımı komandamıza borcluyam. Bankın Pərakəndə sahəsinə rəhbərliyim dövründə ən böyük uğurumuzun Azərbaycan kart bazarında yeni bir “trend” yaradan “Bolkart” layihəsi olduğunu düşünürəm.

– “Bolkart” layihəsinə irəlidə bir daha qayıdacağıq. İlk öncə isə Azərbaycan bank sektorundakı mövcud durum haqqında fikrinizi öyrənmək istərdik. Banklar indi əsas nəyə fikir verməlidir?

– Əslində çox geniş mövzudur, lakin qısaca olaraq əsas önə çıxan məsələləri sadalamaq istərdim: birincisi, son aylarda əhalinin kreditə olan tələbatının azalması ilə kredit portfellərinin düşməsi və faiz gəlirlərinin azalması, ikincisi, son illərdə əhalinin borc yükünün artması və manatın məzənnəsinin korreksiyası ilə bağlı kredit risklərinin və müvafiq olaraq ayrılan ehtiyat xərclərinin artması, üçüncüsü, Mərkəzi Bankın tövsiyyəsi ilə komissiya haqlarının və faiz dərəcələrinin azaldılması səbəbi ilə gəlir marjalarının azalması, dördüncüsü, əmanət portfellərinin dollarlaşması. Fikrimcə, bu gün banklar bu məsələlər barədə daha dərin düşünməlidir.

– Yuxarıda qeyd edilən tendensiya ilə bağlı “Bank of Baku” nə düşünür? Hansı addımları atmağa planlaşdırır?

– Mən bütün bu dəyişiklikləri bank sistemini daha çevik və effektiv olmağa çağırış kimi qiymətləndirirəm. Düşünürəm ki, banklarımız üçün hal hazırda ən optimal strategiya cari durumu operativ təhlil edib, sürətli və düzgün qərarlar verməkdir. Köhnə dönəm artıq geridə qaldı, indi biz dayanıqlılığımızı təmin etmək üçün aşağı faiz dərəcələri və aşağı gəlir marjaları ilə fəaliyyət göstərməyə hazır olmalıyıq. Bunun yeganə yolu şərtlərin imkan verdiyi ölçüdə dünya standartlarında bir bank olmaq və bu istiqamətdə hərtərəfli dəyişməkdir.

Sentyabr ayının sonunda “Bank of Baku” yeni persperktivlər vəd edən “Change” layihəsinə start vermək üçün hazırlıqlarını aktiv şəkildə davam etdirir. Əsas hədəfimiz layihə çərçivəsində dayanıqlı gəlirlilik və effektivliyimizi təmin etməkdir. 3 illik proqram çərçivəsində biznes proseslərə yenidən baxılması və sadələşdirilməsi, bankın filial şəbəkəsinin optimallaşdırılması, alternativ və texnoloji satış kanallarının müştəri xidmətlərində daha geniş istifadəsi, risk menecment alətlərinin təkmilləşdirilməsi, yeni və innovativ qeyri-kredit məhsullarının yaradılması, kredit portfellərinin diversifikasiyası və real sektorun inkişafı üçün layihələr, məhsul əsaslı xidmətdən müştəri əsaslı xidmətə keçid və digər mövzular ətrafında müxtəlif layihələr işlənəcək. Nəticədə daha çevik, daha innovativ, daha texnoloji və daha sağlam bank olmaq niyyətindəyik. Əminəm ki, müştərilərimiz də tezliklə bu dəyişiklikləri hiss edəcək və onlara təqdim edəcəyimiz üstünlüklərdən faydalanacaqlar.

– Sizə bu yolda uğurlar arzulayırıq. Yəqin ki, planlarınız arasında “Bolkart”a da yer ayırmısınız. 2011-ci ildə bazara daxil olan ilk hissə-hissə ödəniş kartı olan “Bolkart”ın belə uğurlu olacağını heç kəs gözləmirdi. Bu dönəmdə layihə barədə yenilik gözləməyə dəyər?

– Düzgün qeyd etdiniz ki, “Bolkart” ilk hissə-hissə ödəniş kartıdır və hazırda bazar lideridir. 4 il ərzində “Bolkart” yüzminlərlə müştərinin rəğbətini və sevgisini qazana bilib. Qeyd edim ki, son bir neçə ildə Mərkəzi Bank tərəfindən keçirilən müsabiqələrdə “Bank of Baku”nun nağdsız ödənişlər üzrə lider bank seçilməsinin əsas səbəblərindən biri də məhz “Bolkart”dır. Müştərilərimizin dəyişən istək və tələblərinə uyğun olaraq, məhsulumuzu yeniləmək yenilikçi strategiyasına riayət edən bankımızın daimi prioritetlərindəndir. Yəqin ki, bu günlərdə internetdə və şəhərdəki reklam daşıyıcılarında “birdən-birə 5 sürpriz” sloqanlı arımıza rast gəlmisiniz. Belə ki, çox yaxında “Bolkart”ımız hamını yenidən sevindirəcək. Tamamilə yenilənmiş, üstünlükləri bol və digər bənzər kartlardan tamamilə fərqlənən “Bolkart” yaxın günlərdə bazara təqdim olunacaq. Arımızın sürprizlərini pozmaq istəməzdim (gülür – red.), amma onu bildirim ki, 5 sürpriz dedikdə 5 yeni kart və 5 yeni xüsusiyyət nəzərdə tutulur. Bu yeniliklər sırf bir neçə ildir müştərilərdən aldığımız təkliflər əsasında hazırlanıb. Əminəm ki, “Bolkart”lılar bu yenilikləri çox bəyənəcək, “Bolkart”ı olmayanlar isə bu karta tezliklə sahib olmaq istəyəcək.

– Bəs texnoloji layihələrlə bağlı “Bank of Baku”nun planları nədir ? Bu yaxınlarda İnternet bankçılıq sisteminizin mobil versiyasını təqdim etdiniz. Bundan sonra bu sahədə hansı yeniliklər gözlənilir?

– Texnoloji inkişafı bank sistem və məhsullarına inteqrasiya edən pioner banklardan olduğumuzu iddia edə bilərəm. İlk dəfə kredit ödənişlərini terminallar vasitəsilə ödəməyə imkan verən, ilk dəfə onlayn kredit ödənişi xidməti təqdim edən, ilk taksit kart sistemini təqdim edən, SMS kredit məhsulunu ilk və yeganə təqdim edən bank məhz “Bank of Baku” olub. Bizi fərqləndirən bir cəhət də bütün bu yeniliklərin öz daxili İT komandamız tərəfindən reallaşdırılmasıdır. Qeyd etdiyim kimi növbəti dönəmdə alternativ kanallarımızı, xüsusilə internet və mobil bankçılıq sistemimizi daha müştəri yönümlü və funksional etməyi, müştərinin bu gün yalnız filialda edə biləcəyi bir çox əməliyyatların artıq internet bankinq vasitəsilə etməyini nəzərdə tuturuq. Misal üçün, ASAN imza vasitəsilə artıq pilot layihə çərçivəsində bir neçə korporativ müştəri öz köçürmələrini və hesab əməliyyatlarını banka gəlmədən edə biləcək. Bu yaxınlarda bu imkanı fiziki şəxs müştərilər üçün də təqdim etməyi planlayırıq. Hazırda intenet bankçılıq xidmətimizin 20 mindən artıq aktiv istifadəçisi var. “Bolkart” məhsulumuz üçün də xüsusi mobil əlavə təqdim etmişik. İnanırıq ki, o da istifadəçilər arasında sürətlə populyarlaşacaq. Qısaca bir daha qeyd edim ki, məqsədimiz müştərilərin rahatlığı və məmnuniyyəti məqsədilə, onların filiallarla fiziki təmasını qanunvericiliyin imkan verdiyi ölçüdə minimuma endirməkdir. Müştərilər ehtiyac olan xidmətləri 145 Məlumat Mərkəzi, İnternet bankçılıq, Mobil əlavələr, ödəniş terminalları və s. alternativ kanallardan edə biləcəklər.

– Bu yaxınlarda Mərkəzi Bank tərəfindən Banklarda Məsuliyyətli Kreditləşmə adı altında xüsusi Metodoloji Rəhbərlik təqdim olundu. Bu sənədin tətbiqi ilə bağlı fikirləriniz nədir?

– Hazırda bank sahəsində aktual mövzulardan biridir. Bir az əvvəlki sualınıza cavab olaraq da qeyd etmişdim ki, bank sistemində ciddi məsələlərdən biri də müştərilərin son illərdə aşırı borclanması və bunun da nəticədə problemli kreditlərin həcminə təsiridir. Biz Mərkəzi Bankın bank sisteminin sağlamlaşdırılması, əhali arasında maliyyə savadlılığının artırılması və istehlakçıların hüquqlarının qorunması istiqamətində atdığı addımları dəstəkləyirik. Bu cür tənzimləmələrin orta və uzun müddətdə sistemdə aktivlərin keyfiyyətini artıracağına inanırıq. Sənədin tövsiyyələrinə əsasən, “Məsuliyyətli kreditləşmə siyasəti” üzərində işləməyə başlamışıq və tezliklə sənədin rəsmiləşməsi baş tutacaq. Qəbul olunmuş daxili sənədimizdə müştərinin maksimum borclanma imkanlarının düzgün təhlil edilməsi və onların ödəniş imkanlarından əlavə borcla yüklənməməsi, müştəriyə faiz və komisyon haqqları barədə məlumatların şəffaf şəkildə açıqlanması, maliyyə savadlılığının artırılması istiqamatində tədbirlərin həyata keçirilməsi və digər mövzular öz əksini tapacaq. Müvafiq əməkdaşlarımız qısa müddətdə sənədlə tanış olub, qeyd olunan qaydaların tətbiqinə başlayacaqlar.

– Sonda oxucunun vermək istədiyi ən önəmli sual: “niyə məhz “Bank of Baku”nu seçməliyəm?”

– Mən çalışdığım bankla həmişə qürur duyuram, çünki hər yerdə – böyüdüyüm, yaşadığım yerlərdə, dost-tanış məclislərində daima bizim müştərilər çıxır və ən əsası onları həmişə Bankımızdan məmnun görürəm. Biz həmişə öz müştərilərimizə yaxın olmağa çalışmışıq, məhsullarımızda, xidmətlərimizdə, bütün yeni kampaniyalarımızda müştərilərimizin istək və ehtiyaclarını qarşılamağa səy göstərmişik. Çalışmışıq ki, hər bir yeniliyimizlə müştərilərimizə dəstək olaq. Məhz buna görə də bu gün bizə etibar edən 750 mindən artıq müştərimiz var. Kredit müştərilərimiz bizim çevikliyimizə və sürətimizə, kreditlərin ödənişi üzrə rahatlığa, davamlı kampaniyalarımıza və müştərilərlə iş üslubumuza daha çox qiymət verirlər. Əmanət müştərilərimiz isə ölkənin ən sağlam, ən dayanıqlı banklarından biri olduğumuz üçün öz vəsaitlərini bizə etibar edirlər. Həqiqətən də, bu gün Bankın sağlamlığını göstərən əsas rəqəmlərə baxsaq görərik ki, müştərilərimiz öz seçimlərində yanılmırlar. Bu günə bankın məcmu kapitalı 100 milyon manatdan artıqdır, likvid vəsaitlərin ümumi aktivlərə nisbəti 20%-ə yaxındır, ayrılmış ehtiyatların gecikən kreditlərə nisbəti 125%-dən çoxdur. Mən əminəm ki, biz bankın rəhbərliyi olaraq mövcud şəraitdə sürətli və düzgün qərarlar verməklə bankımızı daima Azərbaycanın ən sağlam, dayanıqlı və effektiv banklarından biri kimi saxlayacaq və müştərilərimizin bizə olan etibarını daha da artıracağıq.

APA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər