15 C
Baku
Wednesday, April 24, 2024

Bankdakı pullar mənzil bazarına axmağa başlayır

Rəşad Əliyev: “Vətəndaşlar daha çox likvid aktivlərin saxlanılmasına üstünlük verirlər”

Vüqar Bayramov: “Vəsaitin «donmuş» halda saxlanılması pulların iqtisadi səmərəliliyinin kəskin azalmasına gətirib çıxarır”

Azərbaycan vətəndaşları pullarını yenidən əmlaka qoymağa başlayıb. Xüsusən də tikinti şirkətlərinin reklam kampaniyaları nəticəsində ölkədə mənzil və fərdi evlərin alınmasına yatırılan vəsaitlər kəskin artıb. Azərbaycanda ipoteka krediti də daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına təkcə oktyabrda 117,2 milyon manat kredit verilib.

Sonuncu dəfə daşınmaz əmlakın kreditləşməsində belə kəskin artım bu ilin fevral ayında, Azərbaycanda baş vermiş devalvasiyadan sonra qeydə alınıb. Həmin ay dollarla verilmiş kreditlərin hesabına daşınmaz əmlakın kreditləşməsi 64,1 milyon manat təşkil etmişdi. Sonrakı aylarda isə bu sahəyə verilmiş kreditlər 30 milyon manatı keçməyib, hətta bəzi aylarda azalma müşahidə edilib. İndi isə birdən-birə, sentyabr ayındakı 2,4 milyon manatlıq azalmadan sonra daşınmaz əmlak kreditlərində 120 milyon manata yaxın artım baş verib. Eyni zamanda banklarda olan əmanətlərin də həcmi azalmaqda davam edir. Bu fonda bəzi ekspertlər iddia edirlər ki, banklardan çıxarılmış əmanətlər əsasən daşınmaz əmlak bazarına yönəldirilir.
2015 12 08 16 22 25dssss“Value&Sources Consaltinq” Şirkətinin rəhbəri Rəşad Əliyev bildirdi ki, manatın devalvasiyasından əvvəl əmanətlərin əsas hissəsi dollarla idi: “Ona görə də devalvasiyadan sonra əhalinin əmanətləri manatla ifadədə artdı. Yəni, dollarla əmanəti olan vətəndaşlar varlanmış oldu. Devalvasiyadan sonra bank sektorunda risklərin meydana gəlməsi bir çox vətəndaşları əmanətlərini daşınmaz əmlak bazarına yönəltməyə məcbur etdi. İlk baxışda devalvasiyaya görə daşınmaz əmlak almaq absurd görünür. Çünki, devalvasiya olarsa, daşınmaz əmlakın qiyməti dollarla ifadədə yenə də azalacaq. Ancaq bir çox insanlar düşünür ki, yenidən devalvasiya olarsa, bankların vəziyyəti pisləşə bilər. O halda əmanətlərlə bağlı ortaya problem çıxa bilər. Düzdü, devalvasiyaya görə daşınmaz əmlak almağa dəyməz. Amma bank sektorunda olan narahatçılıq insanları əmanətlərini daşınmaz əmlaka yönəltməyə məcbur edir. Bu cür tendensiya sentyabr ayında hiss edilidi. İndi isə ciddi müşahidə olunmur. Vətəndaşlar daha çox likvid aktivlərin saxlanılmasına üstünlük verirlər. Bu da dollar şəklində aktiv deməkdir”.
2015 12 08 16 23 49fdddİqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun sözlərinə görə, əmanətlərin çıxarılıb hansı istiqamətə yönəltdiyini müəyyənləşdirmək çox çətin məsələdir: “Amma həm dollar, həm də manatla olan əmanətlərin həcmində azalmalar var və davam edir. Azalmaların da olması milli valyutanın indeksasiya olunmaması səbəbindən vətəndaşların manatla olan əmanətlərini geri götürməsi ilə bağlıdır. Belə ki, Qazaxıstandan fərqli olaraq Azərbaycanda əmanətlərin indeksasiya edilməməsi vətəndaşların banklarda manatla olan əmanətlərinin əksər hissəsini geri çəkməyə gətirib çıxartdı. Digər tərəfdən dollarla olan əmanətlərin payında azalmalar var. Bu da dollar və ya xarici valyuta ilə olan əmanət faizlərinin aşağı olması ilə bağlıdır”.
Ekspert daşınmaz əmlak bazarına ciddi investisiya yönəldiyini və vətəndaşların öz pullarını daşımaz əmlak bazarında saxladığını güman etmir: “Ən azından rəqəmlər bunu göstərmir. Eyni zamanda daşınmaz əmlakın dövriyyəsində azalmalar var. Həmçinin daşınmaz əmlak bazarında qiymətlər də azalır. Tələb artmadığından qiymətlərin azalması davam edir. Ona görə də vətəndaşlar əmanətlərini götürərək xarici valyutada yığım kimi saxlamağa üstünlük verirlər. Bu da arzuedilən deyil. Vəsaitin «donmuş» halda saxlanılması pulların iqtisadi səmərəliliyinin kəskin azalmasına gətirib çıxarır. O baxımdan Mərkəzi Bank çalışmalıdır ki, vətəndaşlar öz pullarını banklarda saxlasınlar. Əks halda əmanətlərdə azalma tendensiyası növbəti dövrdə də davam edəcək”.
movqe.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər