12 C
Baku
Wednesday, April 24, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Banklar gecikən kreditlər üzrə cəriməni hansı metodla hesablayır? – SİYAHI

Banklar gecikən kreditlər üzrə cəriməni hansı metodla hesablayır? – SİYAHI

0
Banklar gecikən kreditlər üzrə cəriməni hansı metodla hesablayır? – SİYAHI

Banker.az monitorinq qrupu bank məhsulları haqqında müqayisəli araşdırmalar çərçivəsində daha bir maraqlı mövzuya toxunub. Bu günkü araşdırma mövzumuz gecikən istehlak kreditləri üzrə cərimələrin hesablanması metodikası haqqındadır. Keçmiş araşdırmalarda istehlak kreditlərinin məbləği, müddəti, faizi, komissiyası və zaminlik şərtləri haqqında ətraflı məlumatları Sizlərlə bölüşmüşük. Cərimələr haqqında isə ilk dəfə olaraq sorğu keçirdik və sorğunun nəticələrinin Sizlər üçün maraqlı olacağını düşündük.

Sual yarana bilər ki Banklar gecikən kreditlərə görə niyə cərimə hesablayır? Bizə görə bu sualın 2 obyektiv cavabı vardır. Birincisi ona görə ki, gecikən kreditlər Banklara əlavə xərclər formalaşdırır. Bu xərclərə Mərkəzi Bank tələblərinə əsasən məcburi yaradılan ehtiyatları, həmçinin Bankların kreditlərin qaytarılması üçün əlavə resurslara görə çəkdiyi xərcləri (işçi xərci, nəqliyyat xərci, rabitə xərci və s.) misal göstərə bilərik. İkinci cavab isə cərimələrin tərbiyələndirmə xarakterli olmasıdır. Təkcə maliyyə sahəsində deyil, digər sahələrdə də cərimələrin tətbiqi bir növ insanları qaydalara riayət etməyə məcbur edir. Müştərilər Bankdan kredit əldə etdiyi zaman, kredit müqavilələri ilə birlikdə ödəniş qrafikini də imzalayır və ayrılmış kredit məbləğini qrafikə uyğun banka geri ödəyəcəyini öhdəsinə götürür. Təbii ki, öhdəlikdən boyun qaçırmaq və ya öhdəliyi lazımi qaydada icra etməməyin hansısa bir cəzası olmalıdır.

Apardığımız araşdırma nəticəsində məlumumuz oldu ki, Banklarda cərimələrin hesablanması metodikaları fərqlənir. Bu metodikalar adətən Bankların Risk Departamentləri tərəfindən hazırlanır və Risklərin İdarə Edilməsi Komitəsi tərəfindən təsdiqlənir. Biz hər bir kredit müştərisinə gecikməyə yol verməməyi və Banklar qarşısında götürdükləri öhdəlikləri vaxtında icra etməyi tövsiyyə edirik. Çünki, gecikmə halları müştərilərə cərimələr fonunda həm maddi ziyan vurur həm də onların kredit tarixçələrini korlanmasına gətirib çıxarır.

Aşağıdakı cədvəldə nağd istehlak kreditləri verən banklar üzrə cərimələrin hesablanması metodikası qeyd edilmişdir. Sizlərə daha aydın olsun deyə hesablanma metodikasına misallarla izah verilmişdir.

Bankın adı Cərimənin hesablanma metodikası
AccessBank Gecikmədə olan hər günə görə kreditin qalıq borcunun 0.1%-i həcmində cərimə hesablanır.

Misal: Gecikən kredit üzrə qalıq borc  5000 AZN-dirsə 1 günlük cərimə məbləği  5 AZN təşkil edəcək.

AFB Bank Gecikmədə olan hər günə görə kreditin gecikdirilən əsas borc məbləğinə illik faiz dərəcəsi 40% təyin edilərək hesablanır.

Misal: Gecikən kredit üzrə illik faiz dərəcəsi 26%, aylıq ödənilməli olan əsas borc 100 AZN-dirsə 1 günə görə ödəyəcəyiniz əlavə məbləğ 26% və 40% arasında olan faiz fərqindən (14%) formalaşır. Yəni, 100 * 14% / 360 gün = 0.04 AZN

Amrahbank Gecikmədə olan hər günə görə kreditin gecikdirilən əsas borc məbləğinin illik faiz dərəcəsi kreditin müqavilə üzrə faiz dərəcəsinə 10% əlavə edilərək hesablanır.

Misal: Gecikən kredit üzrə illik faiz dərəcəsi 26%, aylıq ödənilməli olan əsas borc 100 AZN-dirsə 1 günə görə ödəyəcəyiniz əlavə məbləğ 26% və 36% arasında olan faiz fərqindən (10%) formalaşır. Yəni, 100 * 10% / 360 gün = 0.03 AZN

Azərtürkbank Gecikmədə olan hər günə görə kreditin gecikdirilən əsas borc məbləğinin illik faiz dərəcəsi kreditin müqavilə üzrə faiz dərəcəsinə 5% əlavə edilərək hesablanır.

Misal: Gecikən kredit üzrə illik faiz dərəcəsi 26%, aylıq ödənilməli olan əsas borc 100 AZN-dirsə 1 günə görə ödəyəcəyiniz əlavə məbləğ 26% və 31% arasında olan faiz fərqindən (5%) formalaşır. Yəni, 100 * 5% / 360 gün = 0.02 AZN

Bank BTB Gecikmədə olan ilk 3 gün üzrə cərimə hesablanmır. 4-cü gündən etibarən hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0.5%-i (min. 0.50 AZN ) miqdarında cərimə hesablanır.

Misal: Gecikən kredit üzrə aylıq ödənilməli olan əsas borc 100 AZN-dirsə 1 günə görə ödəyəcəyiniz əlavə məbləğ 0.5 AZN (100 AZN * 0.5%) təşkil edəcək.

Bank of Baku Gecikmədə olan ilk 2 gün üzrə cərimə hesablanmır. 3-cü gündən etibarən hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin 1%-i (min. 0.50 AZN ) miqdarında cərimə hesablanır.

Misal: Gecikən kredit üzrə aylıq ödənilməli olan əsas borc 100 AZN-dirsə 1 günə görə ödəyəcəyiniz əlavə məbləğ 1 AZN (100 AZN * 1%) təşkil edəcək.

Bank Respublika Gecikmədə olan hər günə görə kreditin gecikdirilən əsas borc məbləğinin illik faiz dərəcəsi kreditin müqavilə üzrə faiz dərəcəsinə 5% əlavə edilərək hesablanır.

Misal: Gecikən kredit üzrə illik faiz dərəcəsi 26%, aylıq ödənilməli olan əsas borc 100 AZN-dirsə 1 günə görə ödəyəcəyiniz əlavə məbləğ 26% və 31% arasında olan faiz fərqindən (5%) formalaşır. Yəni, 100 * 5% / 360 gün = 0.02 AZN

Bank VTB Gecikmədə olan hər günə görə kreditin gecikdirilən əsas borc məbləğinin hər 10 AZN hissəsinə 5 qəpik (0.05 AZN) hesablanır.

Misal: Gecikən kredit üzrə illik faiz dərəcəsi ödənilməli olan əsas borc 100 AZN-dirsə 1 günə görə ödəyəcəyiniz əlavə məbləğ 0.50 AZN (100 / 10 * 0.05 AZN) təşkil edəcək.

Expressbank Gecikmədə olan hər günə görə kreditin gecikdirilən əsas borc məbləğinin illik faiz dərəcəsi kreditin müqavilə üzrə faiz dərəcəsinin 2 misli hesablanır.

Misal: Gecikən kredit üzrə illik faiz dərəcəsi 20%, aylıq ödənilməli olan əsas borc 100 AZN-dirsə 1 günə görə ödəyəcəyiniz əlavə məbləğ 20% və 40% (20%*2) arasında olan faiz fərqindən (20%) formalaşır. Yəni, 100 * 20% / 360 gün = 0.06 AZN

Kapital Bank Gecikmədə olan hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0.6%-i miqdarında cərimə hesablanır.

Misal: Gecikən kredit üzrə aylıq ödənilməli olan əsas borc 100 AZN-dirsə 1 günə görə ödəyəcəyiniz əlavə məbləğ 0.6 AZN (100 AZN * 0.6%) təşkil edəcək.

Nikoil Bank Gecikmədə olan hər günə görə kreditin qalıq borcunun 0.2%-i həcmində cərimə hesablanır.

Misal: Gecikən kredit üzrə qalıq borc  5000 AZN-dirsə 1 günlük cərimə məbləği  10 AZN təşkil edəcək.

Rabitabank Gecikmədə olan hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 1%-i miqdarında cərimə hesablanır.

Misal: Gecikən kredit üzrə aylıq ödənilməli olan əsas borc 100 AZN-dirsə 1 günə görə ödəyəcəyiniz əlavə məbləğ 1 AZN (100 AZN * 1%) təşkil edəcək.

Turanbank Gecikmədə olan hər günə görə kreditin gecikdirilən əsas borc məbləğinin illik faiz dərəcəsi kreditin müqavilə üzrə faiz dərəcəsinin 2 misli hesablanır.

Misal: Gecikən kredit üzrə illik faiz dərəcəsi 20%, aylıq ödənilməli olan əsas borc 100 AZN-dirsə 1 günə görə ödəyəcəyiniz əlavə məbləğ 20% və 40% (20%*2) arasında olan faiz fərqindən (20%) formalaşır. Yəni, 100 * 20% / 360 gün = 0.06 AZN

Unibank Gecikmədə olan hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0.5%-i miqdarında cərimə hesablanır.

Misal: Gecikən kredit üzrə aylıq ödənilməli olan əsas borc 100 AZN-dirsə 1 günə görə ödəyəcəyiniz əlavə məbləğ 0.5 AZN (100 AZN * 0.5%) təşkil edəcək.

Yapı Kredi Bank (AZ.) Gecikmədə olan hər günə görə kreditin gecikdirilən əsas borc məbləğinə illik faiz dərəcəsi 40% təyin edilərək hesablanır.

Misal: Gecikən kredit üzrə illik faiz dərəcəsi 26%, aylıq ödənilməli olan əsas borc 100 AZN-dirsə 1 günə görə ödəyəcəyiniz əlavə məbləğ 26% və 40% arasında olan faiz fərqindən (14%) formalaşır. Yəni, 100 * 14% / 360 gün = 0.04 AZN

Araşdırma nəticəsində belə qənaətə gəldik ki, gecikən müştərilərə qarşı ən sərt şəkildə cəza tətbiq edən AccessBank və Nikoil Bankdır. Çünki bu banklarda cərimə gecikən məbləğə deyil kreditin qalıq məbləğinə nəzərən hesablanır. İlk 2 gecikmə günü ərzində cərimə hesablamayan Bank of Bakunun yanaşması isə bizə görə ən loyal olanıdır.