14 C
Baku
Thursday, March 28, 2024

Banklarda hansı depozit növlərinə rast gəlmək mümkündür

Depozit (əmanət) anlayışı –müvafiq müqavilə şərtləri ilə faizlər və komisyon haqlar ödənilməklə və ya ödənilmədən müştərinin (əmanətçinin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan, bankın balansında aparılan, cari, əmanət (depozit) hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir.

Depozitlər – faiz müqabilində qoyulan bank əmanətləridir. Bu zaman müştərilər banklara sabit faiz müqabilində vəsait yerləşdirmək imkanına malikdir.

Düzdür bizneslə müqayisədə bu gəlir çox deyil, amma daha az riskli və daha zəmanətlidir

Depozitin faiz dərəcələri əvvəlcədən razılaşdırılır və onlar sənədlərdə öz əksini tapır. Yəni əgər, illik faiz dərəcəsi 11% olarsa və siz 10 000 manatı bir illik depozit qoymusunuzsa, sonda 1100 manat gəlir əldə edəcəksiniz. Adətən bu tip depozitlər standart depozit adlanır. (Təbii ki, banklarımız bu məhsulu müxtəlif adlarla təklif edir).

Ümumilikdə isə depozitlər tələbli və müddətli olmaqla iki yerə ayrılır.

Tələbli əmanət –müvafiq müqaviləyə əsasən müştərinin ilk tələbi ilə əmanət məbləğinin tam və ya bir hissəsinin dərhal müştəriyə verilməsini nəzərdə tutan əmanət növüdür. Burada faiz dərəcələri olduqca aşağıdır. Lakin siz istədiyiniz anda heç bir səbəb göstərmədən və yığılmış faizlərdə heç bir itkiyə yol vermədən öz pulunuzu hesabdan götürə bilirsiniz.

Belə tip əmanət növünə Unibank-ın “proqressiv” depozit məhsulunu göstərmək olar. Bu zaman faiz dərəcələri müddətdən asılı olaraq 0-9% arasında dəyişdiyi halda, depozit məbləğinin vaxtından əvvəl götürülməsi ilə bağlı heç bir məhdudiyyət qoyulmur. Həmçinin kredit xətti açmaq imkanınız da var: Depozit məbləğinin 90%-i həcmində. İllik faiz dərəcəsi = depozit faiz dərəcəsi + 3%

Müddətli əmanət –müvafiq müqaviləyə əsasən əvvəlcədən müəyyən edilmiş müddətə gəlirlərin əldə edilməsi məqsədi ilə yerləşmiş əmanət növüdür. Əgər əmanətçi pulu danışılmış müddətdən əvvəl götürmək istəyirsə bank bu işdə ona əngəl olan deyil, amma bu zaman hesablanmış faizlər ləğv oluna bilər.

Müddətli əmanətlərdə faiz dərəcələri daha yüksək olur. Bunlara nümunə olaraq isə TuranBankın Sirlər Xəzinəsi kompaniyası məhsullarını misal göstərmək olar. Müddətindən və məbləğindən asılı olaraq məhsulun adı və depozitin faiz dərəcələri dəyişir. (Siz qeyd etdiyimiz məhsula bütün digər banklarda da rast gələ bilərsiniz).

Əmanətin növü

Qızıl küpə

Müddət

24 ay

Müddətlər üzrə faiz dərəcələri

Aylıq

Rüblük

İldə bir dəfə

Müddət sonu

Minimum məbləğ

100 AZN/USD

13%

13.25%

13.5%

13.75%

100 EURO

9.5%

10%

10.5%

11%

Əmanət məbləği müddətindən əvvəl götürüldükdə (18-24 ay müddət aralığında) illik 7% ilə hesablanır.

Ən yaxşı depozitlər reytinqi

Standart əmanətdən savayı multi-valyuta əmanətləri də vardır. Multi-valyuta əmanətlərində müştərilər eyni bir depozit müqaviləsi çərçivəsində 2 və ya 3 müxtəlif valyutada (manat, ABŞ dolları və avro) hesab aça bilərlər. Belə bir əmanətlərdən biri də “Bank Standard”ın təqdim etdiyi PREMİER əmanətidir. Müştərilər həmçinin bu hesablardakı vəsaitlərini məhdudiyyətsiz bir valyutadan digərinə istədikləri kimi çevirə bilərlər. PREMİER əmanətinin əsas xüsusiyyəti odur ki, bu zaman müştəri öz vəsaitinin müəyyən bir hissəsindən istifadə etmək imkanı olur. Yəni azaldılmaz qalıq məbləğinədək vəsait çıxarmaq imkanı vardır. Məsələn azaldılmaz qalıq məbləği 10 min (və ya 50 min) olan depozitlər vardır, Əgər müştərinin depozit məbləği 25 mindirsə, o, rahat şəkildə heç bir cərimə tutulmadan öz digər 15000 AZN-dən istifadə edə bilər. Faizlər isə hesabda qalan məbləğə hesablanır. Məbləğdən asılı olaraq, faizlər 9-11,5% arasında dəyişir.

Bundan əlavə əmanətlərə faizlərin hesablanmasından asılı olaraq depozitlər sadə və kapitallaşan depozitlərə bölünürlər. Sadə depozitlərdə faizlər yalnız əsas məbləğə hesablanır, faizlərin kapitallaşması zamanı isə əmanətin faktiki qalığına gündəlik əsasla faizlər hesablanır və müqavilədə müəyyən edilmiş müddətlərdə hesablanmış faizlər əmanətin məbləğini artırır. Belə bir depozitə nümunə olaraq, DəmirBankın təklif etdiyi “Qırmızı” əmanəti misal göstərmək olar.

“Qırmızı” əmanət üzrə hesablanmış faizlər hər ay əsas əmanət məbləğinin üzərinə əlavə olunur və əmanət məbləğinə hesablanmış faizlərə də əmanətin stabil illik faiz dərəcəsi ilə faiz hesablanır. Hesablanmış faizlər yalnız əsas əmanət məbləği ilə birgə çıxarıla bilər. Faizlər müddətdən asılı olaraq (12-36 ay) 9,5-10,5% arasında dəyişir.

Depozitlər üzrə faizlərin hesablanması düsturları (ı hissə)

Depozitlər üzrə faizlərin hesablanması düsturları (ıı hissə)

Bəzi banklar sadə metodla yanaşı faizlərin həm də kapitallaşması metodunu təqdim edirlər. Məsələn, yuxarıda adını qeyd etdiyimiz “Bank Standard”-ın PREMİER depozitində faizlərin hansı metodla hesablanmasını özünüz müəyyən edə bilərsiniz. Hesablanmış faizlər Visa Saving kartında toplanılır.

Əlavə yatırımların edilməsindən asılı olaraq əmanətləri yenə də iki hissəyə ayırmaq olar: yığım əmanətləri və ənənəvi əmanətlər. Bu əmanətlər arasında fərq onadır ki, birinci halda müştəri mütəmadi olaraq öz əmanətinin miqdarını artıra bilər. Əlavə edilən kapitalın miqdarı müqavilədən asılı olaraq məhdudlaşdırıla bilər. Həmçinin əmanətə ay ərzində neçə dəfə əlavənin mümkünlüyü də (və ya məhdudiyyətsiz sayda) bankın şərtləri və müqavilə əsasında müəyyən olunur. Ənənəvi əmanətlərdə isə heç bir əlavənin edilməsi nəzərdə tutulmur. Birincidən fərqli olaraq, ənənəvi əmanətlərin faiz dərəcələri daha yüksək olmalıdır.

Yığım əmanətinə nümunə olaraq isə AccessBankın təklif etdiyi məhsulu nümunə göstərə bilərik. Bu təklifdə minimal ilkin əmanət 50 AZN, minimal aylıq artım məbləği isə 5 AZN-dir (və daha artıq məbləğ də ola bilər). Illik faiz dərəcəsi 9%-dir və depozit vaxtlı-vaxtında, yəni müştərinin qabaqcadan seçdiyi artırma planına müvafiq surətdə artırıldıqda faizlərdən əlavə bonus da toplanır (1%). Yığım əmanətlərinin reytinqi ilə aşağıda tanış ola bilərsiniz.

Yığım əmanəti

Bundan əlavə xüsusi qrup müştərilər üçün nəzərdə tutulan, uşaq yığım əmanətləri, təqaüdçü əmanətləri, qızıl depozitləri və s məhsullar, həmçinin korporativ müştərilər üçün olan depozitlər də vardır.

Qeyd etmək istərdik ki, məqsədimiz bu məqalədə əmanətləri bir-birindən məhsul növü kimi fərqləndirmək deyildi. Ona görə də məqalədə bütün bankların təqdim etdiyi depozit məhsulları əks olunmayıb. Biz sadəcə onları funksional baxımdan bir-birindən ayırırıq. Məsələn müddətli və tələbli depozitlərin fərqi nədir və müştərilərin əsas depozit növləri haqqında ümumi məlumatı olsun.

Son xəbərlər
Digər xəbərlər