8 C
Baku
Friday, March 29, 2024

Bankomat necə işləyir?

Vəsaitlərimizin nağdlaşdırılması üçün istifadə etdiyimiz bu cihaz həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Son 20 ildə bankomatlar insanların gündəlik həyatında fəal şəkildə iştirak edir. Bəs bu cihazların iş prinsipləri haqqında nə qədər çox məlumata sahibik? Sözsüz ki, vəsaitlərimizin təhlükəsizliyi üçün bu prinsiplərdən xəbərdar olmaq mütləqdir.

İlk bankomat 1967-ci ildə Londonun şimal hissəsində peyda olub və bunu İngiltərənin Barclays bankı quraşdırmışdı. Bu cihazı isə bank bağlı olduğundan hesabından pul götürə bilməyən şotlandiyalı Con Şepard-Barron yaratmışdı. O şokolad satan ticarət aparatından ilhamlanaraq belə bir aparatın bankın xaricində quraşdırılmasını və pul nağdlaşdırmasını düşünmüşdü. Bununla da, özündən sonrakı nəsillərin həyat şəraitini müəyyən mənada asanlaşdırmışdır.

Bankomat necə işləyir: əsas prinsipləri

Bankomat – ilk növbədə məlumatın emal edilməsi üçün cihazdır. İstənilən bankomat prosessinq mərkəzi ilə əlaqəlidir ki, bu da konkret bankomat şəbəkəsini idarə edir. Bu şəbəkə isə müəyyən banka, yaxud ayrı bir xidmət təminatçısına aid ola bilər.

İlk olaraq bankomat plastik kartınızın saxta olub olmadığını yoxlayır. Sistem şifrənizin doğruluğunu təsdiq etdikdən sonra bankomat prosessinq mərkəzi vasitəsilə bankınız ilə əlaqə yaradır, ona əmrlər göndərir və müştərinin tələblərini yerinə yetirir.

Əgər istifadəçi pul çıxarmaq istəyirsə, prosessinq tələb olunan məbləği istifadəçinin bank hesabından öz hesabına elektron qaydada köçürür. Köçürülmə baş verdikdən dərhal sonra prosessinq mərkəzi bankomata pulların verilməsi ilə bağlı “əmr” verir.

Bankomat müştəri tələbləri ilə bağlı məlumatlarla yanaşı, öz işi barədə olan məlumatları da prosessinq mərkəzinə ötürür.

Bankomat nədən ibarətdir:

Bankomat 2 əsas hissədən ibarətdir: yuxarı, yaxud istifadəçinin istifadə etdiyi hissə və aşağı, yaxud seyf hissəsi. Bankomatın aşağı hissəsində dispenser adlanan və pulların verilməsi üçün istifadə olunan cihaz yerləşib. Qeyd edək ki, banknotların verildiyi pəncərə də həmçinin dispenser adlanır. Bankomatın seyfində banknotların saxlanması üçün bir neçə kassetlər mövcuddur. Adətən bu kassetlərdə 1-dən 1000-ə qədər banknot yerləşdirilir. Pullar kassetlərə yerləşdirildikdən sonra xüsusi açar ilə bağlanır, plomblanır və inkassatora verilir. İnkassasiya prosesi adətən 15-30 dəqiqə vaxt tələb edir.

Banknotlar bankomatın pəncərəsində peyda olmazdan əvvəl uzun yollardan keçməli olurlar. İlk olaraq hər bir kassetdə mövcud olan fider cihazı bir banknotun arxasınca səhvən digərinin getməməsinə nəzarət edir. Daha sonda Double Detect cihazı banknotun müştərinin əmrinə uyğun olub-olmadığını yoxlayır. Bunun ardınca isə pullar diverter adlanan hissəyə gəlib çıxır ki, diverter də pulları ya irəli göndərir, ya da hər hansı bir səhv aşkar etdikdə divert-kassetə göndərir. Bu hissə isə cırılmış, əzilmiş və zədələnmiş banknotlar üçün nəzərdə tutulub.

Bankomatın işi ilə bağlı maraqlı faktlar:

Bankomat 1 əməliyyat zamanı 40 banknotdan artıq pul çıxarmır ki, bu onun nağdlaşdırma mexanizmi ilə əlaqədardır. Adətən ekranda müəyyən nominallar təklif edilir və buna görə də, nağdlaşdırma edərkən bankomatdan 1 dəfəyə maksimum nə qədər vəsait əldə edə biləcəyinizi hesablaya bilərsiniz.

Bankomat tərəfindən verilən pulları 30 saniyə ərzində götürmək lazımdır. Əks halda onlar bankomat tərəfindən geri götürüləcək. Kartı isə bankomat onu geri qaytardıqdan 40 snaiyə sonra götürmədikdə, o bankomat tərəfindən saxlanılır. Məbləğ üzərində 15 saniyədən artıq düşündükdə ekranda “Daha çox vaxt lazımdır?” şəklində yazı peyda olduqda məbləği əks etdirən ekrana geri qayıtmaq üçün “Bəli”-ni seçmək kifayətdir.

Pullar bankomatda kaset adlanan hissədə saxlanılır və bankomatda bir neçə kaset (4-6) ola bilər. Bu kasetlərin hər biri isə konkret banknota uyğun olaraq quraşdırılıb və bir kasetə 2,5 min banknot yerləşir. Müştərilərin bir çoxunu narahat edən sual bankomatın banknotun saxta olub-olmamasını və nominalını necə ayırd etdiyidir. Bu sualın cavabı isə “Heç cür”-dür. Heç bir standart bankomat banknotun nominalını və saxta olub-olmadığını yoxlamır. Pulların kasetlərə yerləşdirilməsi isə kassirin belə desək “vicdanından” asılıdır.

Küçələrdə olan bankomatlar nəmişliyə qarşı 100%-lik qorunmaya sahibdirlər. Lakin onlar soyuğa qarşı həssasdırlar. Bəzən temperatur mənfi 10-15 dərəcəyə endikdə bankomatlar işə düşməyə, pulların verilməsi mexanizmini blok edə və s. iş pozğunluqlarına yol verə bilər.

Bankomatlar 100 kq-dan artıq çəkiyə malik olan poladdan istehsal edilir və 22 tonluq zərbəyə davam gətirmək iqtidarındadır.

Cihazın içərisinə oğru daxil olduqda boyalı konteynerlər partlayır və dərhal bütün banknotları korlayır. Bu səbəbdən də, cinayətkarlar fırıldaqçılıq yolları ilə bankomatdakı pul vəsaitlərini qarət etməyə çalışırlar. Bunun üçün isə onlar skimminq cihazlarından istifadə edirlər ki, bu cihaz kart haqqında məlumatları ələ keçirir.

Son xəbərlər
Digər xəbərlər