Benzinin qiymətini ancaq dövlət artıra bilər, ekspert deyir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun oktyabr ayında əsaslı təmirə dayandırılacağını açıqlayıb.

Onun sözlərinə görə, Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalın dayandırılması zamanı daxildə “Ai-92” markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan benzin idxal ediləcək və bununla bağlı saziş gələn ay imzalanacaq.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban açıqlamasında cəmiyyətdə benzinin qiymətinin bahalaşacağı ilə bağlı yaranmış ajiotaja münasibət bildirib.

Ekspert bildirib ki, neftayırma zavodlarının cari təmirə dayanması bütün dünyada ildə 1 dəfə baş verir:

“İlk olaraq hesab edin ki, hər 5 min km-dən bir avtomobilləri aparıb yağını və filtirlərini dəyişirsiniz, bu da həmin prosesdir, təqribən 20-25 gün çəkir, baxır kim zavodu necə istismar edib.

İkincisi, Azərbaycanda neft məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənir. 2014-cü il aprelin birindən yüksək oktanlı benzinlərin qiyməti bu kateqoriyadan çıxarılsa da, orada kartel sazişi tətbiq edilir – yəni eyni gündə eyni saatda bazar iştirakçıları eyni qiyməti tətbiq edirlər”.

Ajiotajın səbəbi nədir?

İ.Şabanın sözlərinə görə, KİV-lər tərəfindən yaranmış ajiotajın səbəbsizdir:

“Müstəqilliyimiz zamanı hər il yanacaq istehsal edən NEZ təmirə dayanır, məgər onda benzin qiymətləri ilə məsələ gündəmə gəlib? Düzdür, deyə bilərsiniz ki, axı o zamanlar biz benzin ixracatçısı idik, indi isə idxal edirik. Bəli, ancaq bir məsələ var ki, o zaman azərbaycanda heç yarım milyon maşın yox idi, indi 1,3 milyona çatıb. Keyfiyyət amilini və rəqabət mühitini kənara qoysaq, istehlak daxili bazarda artanda əlbəttə ixrac üçün də həcmlər qalmayacaq.

Son 2 ildə NEZ-in cari təmiri onun modernizasiyası ilə paralel aparıldığından müddəti bir qədər uzanır. Ona görə də anbarlarda yığılan ehtiyat heç də yerli tələbatı ödəmir. Adətən avqust ayında Nazirlər Kabineti sərəncam verərək müəyyən limitlənmiş dövrdə “Ai-92” markalı benzinin idxal vergilərini sıfırlayır. Bu ona görə edilir ki, daxili bazarda həmin marka neft məhsulunun satış qiyməti NEZ fəaliyyətini bərpa edənə qədər artmasın”.

Ekspert bəzi KİV-lərdə Rusiyadan idxal ediləcək benzinə diqqət çəkilməsini doğru saymayıb:

“Əvvəllər Rumıniyadan Azərbaycan bazarına benzin idxal edilirdi. Bu məsələnin kökündə məncə heç də siyasi amillər durmur. SOCAR daha çox kommersiyaya diqqət yetirir. Axı uzunmüddətli müqavilə deyil ki, siyasət iqtisadiyyatı üstələsin. Rusiyada artıq Avro-4 və Avro-5 standartında yanacaq istehsal edilir. İkincisi, logistika məsələsi daha əlverişlidir. Məsələn, “LUKoil”-un Krasnodar vilayətindəki müasir NEZ-dən dəmir yolu ilə birbaşa Azərbaycana yanacaq daşımaq mümkündür. Başqa bir sual oluna bilər ki, Qazaxıstanda Avro-4 və Avro-5 standartlı yanacaq istehsal etməyə başlayıb, niyə ordan idxal etməyək? Məsələ burasındadır ki, Qazaxıstan NEZ-lərin modernizasiyasını mərhələli şəkildə başa çatdırsa da, hələ ölkənin benzinə olan tələbatını tam təmin edə bilmir, ona görə də hökumət onun ixracına icazə vermir”.