Beynəlxalq təkrarsığorta münasibətləri və metodları

Daha çox dövlətlərin daxili hüquq normaları ilə, xüsusən də mülki hüquq normaları ilə tənzimlənən sığorta münasibətlərindən fərqli olaraq təkrarsığorta münasibətləri əsasən beynəlxalq hüquq normalarına əsaslanır. Təkrarsığorta münasibətləri bir çox hallarda bir ölkənin sığortaçı(lar)sı və ya təkrarsığortaçı(ları)sı ilə digər ölkənin təkrarsığortaçıları arasında olan münasibətlər olduğuna görə beynəlxalq hüquq normalarının təsiretmə obyektinə daxildir.

Risk menecment vasitələrindən olan sığortanın müasir dövrdə biznes fəaliyyətinin inkişafının əsas təkanverici faktorlarından biri olması məhz təkrarsığorta fəaliyyəti ilə bağlıdır.

Bəs görəsən təkrarsığorta necə və hansı zərurətdən yaranmış və inkişaf mərhələləri keçmişdir.

Hələ eramızdan əvvəl Hammurapidən Yustinyana qədər gəmiçilik əsas maliyyə riski kimi bilinirdi. Çünki gəmilərin tikintisi və təmiri baha başa gəlirdi, eyni zamanda gəmilərlə daşınan yüklərin böyük maddi dəyəri var idi. Gəmilər hava şəraiti və piratçılıq kimi risklərlə qarşılaşa bilirdilər. Hansı ki sonda xoşagəlməz nəticələrə gətirib çıxara bilirdi. Bu səbəbdən ticarətçilər və gəmi sahibləri üçün riski saxlamaqdan çox onu başqa tərəf(lər)in üzərinə atmaq və ya başqaları ilə bölüşdürmək daha sərfəli idi. Risklərin bölüşdürülməsi üçün müxtəlif dənizçilik hüquq sistemləri yaranmışdı. Bunlardan biri də Yustinyan kodeksi adlanırdı. Bu kodeksin əsas mahiyyəti ondan ibarət idi ki, gəmilər və daşınan yüklər üzrə risklər digər şəxslərlə bölüşdürülürdü və hər bir tərəf öz hissəsinə müvafiq olaraq götürdüyü risk dərəcəsi üzrə qazancın maksimum müəyyən faizi həcmində gəlir əldə edirdi. Hətta bu rəqəm  30, 40, 50%-dək təşkil edirdi. Bu cür fəaliyyətdə sələmçilik əlamətləri olduğu üçün daha sonra özünü doğrultmadı və narazıçılıqlara səbəb oldu. Bu isə bu sahənin inkişafına zərbə vururdu. Ticarətin və  şəhər-dövlətlərinin inkişafı sığortanın inkişafında yeni mərhələ yaratmışdı.

Müasir mənada sığorta termininə bənzər ilk termin 14-cü əsrin başlanğıcında Brüggedə (ildiki Belçikanın şəhəri) istifadə olunmuşdur. “Chronyk van Vlaendern” adlanan bu termin dəniz sığortasının mövcudluğunu göstərirdi.

Sığortayla bağlı ən qədim hüququ sənəd 1435-ci ildə qəbul edilmiş Barcelona fərmanıdır.

Təkrarsığorta müqaviləsii hesab edilə biləcək ilkin razılaşmalar isə 14-cü əsrin sonlarında yaranmağa başladı. 1370-ci ildə özündə təkrarsığorta elementlərini əks etdirən ilk bilinən təkrarsığorta müqaviləsi hazırlandı. Latın dilində yazılmış müqavilə Genuyadan Sleys marşrutu istiqamətində üzən gəmidəki yük üzrə məsuliyyəti Cadizdən Sleysə qədər olan hissədə ilkin sığortaçıdan başqa sığortaçıya ötürürdü.  Bu razılaşma özündə təkrarsığortanın əsas elementlərini özündə birləşdirirdi. Çünki risk bir tərəfdən digərinə ilkin sığortaçının iştirakı olmadan ötürülürdü. Lakin müqavilədə sığorta haqqı qeyd olunmamışdı.

Sığorta inkişaf etdikcə bir sığortaçının  tutumundan böyük riskləri sığortalamaq lazım idi. Bu zaman brokerlər bir riski bir neçə sığortaçıya təklif edirdilər. Bu sığortaçılar öz paylarına uyğun riski qəbul edir və imzalayırdılar. (under write risk). Bu təkrarsığortadan çox şəriklik sığortaya əsaslanırdı.

 

1609-cu ildə Antverpdə qəbul edilmiş qanunla təkrarsığorta açıq şəkildə qəbul edilmişdir.

Yanğın sığortası sahəsi təkrarsığortanın inkişafına xüsusi təkan verdi. 19-cu əsrin birinci yarısında əksər yanğın təkrarsığorta müqavilələri təkrarsığortaçılar tərəfindən şəriklik sığorta əsasları ilə hazırlanırdı. Təkrarsığorta müqavilələri fakultativ əsasda bağlanılırdı. Sığorta şirkətləri özlərinə məlum olan sirlərin yerli rəqibləri tərəfindən öyrənilməməsi üçün xarici sığortaçılara müraciət etməyə üstünlük verirdilər.

1842-ci ildə Hamburq şəhərində yanğın baş verdi. Yanğın şəhərin dörddə bir hissəsini məhv etdi, 20 000 insan evsiz qaldı. Şəhərin yenidən bərpası 40 ildən artıq vaxt apardı. 1667-ci ildə İngiltərədəki Böyük yanğından sonra yaradılan Şəhər yanğın fondu bu hadisədən sonra müflis oldu və Alman sığortaçılara ciddi zərər dəydi. Bu hadisədən sonra sığortaçılar öz məsuliyyətlərini məhdudlaşdırmağa başladılar. Alman şirkətləri öz kapitallarının xaricə axınının qarşısını almaq üçün özləri öz risklərini təkrarsığorta etmək üçün yollar axtarmağa başladılar. Beləliklə 1846-ci ildə ilk müstəqil təkrarsığorta şirkəti olan – Köln Re şirkətinin əsası qoyuldu.Şübhəsiz ki bu şirkətin yaranmasında 1842-ci İl Hamburq yanğınının böyük rolu olmuşdur. 1852-ci ildə ilk təkrarsığorta müqaviləsi bağlanılır. 19-cu əsrin sonlarında Almaniya artıq 10-dan çox təkrarsığorta şirkəti meydana gəlmişdi. Təkrarsığorta fəaliyyəti daha sonra digər Avropa ölkələrində yaranmağa başladı.

1848-ci ildə İsveç hökuməti ABŞ konstitusiyası və Fransız inqilabından təsirlənərək yeni federal konstitusiya qəbul etdi. Bu konstitusiya həmçinin İsveçrədə sığorta sahəsinin inkişafı üçün şərait yaratdı. 1857-ci ildə Sviss həyat (Swiss Life) şirkətinin əsası qoyuldu. 1863-cü ilədək İsveçrədə ən azı 6 sığorta şirkəti mövcud idi. Əvvəllər İsveçrədə təkrarsığorta yerli  şirkətlər arasında şərikli sığortaya əsaslanırdı. 1861-ciildə Glarus-dakı böyük yanğın digər böyük yanğınlar kimi sığorta və təkrarsığortanın vacibliyini göstərdi.  Bu 1863-cü ildə 3 şirkət tərəfindən Sviss Re şirkətinin yaranmasına gətirib çıxardı. Bir çox xarici şirkətlər Svis Re ilə işləməyə maraq göstərirdilər və tezliklə Almaniya, İtaliya, Fransa ilə müqavilələr imzalandı.

Almaniyada çoxsaylı təkrarsığorta əməliyyatlarına baxmayaraq kapitalın böyük hissəsi xarici bazarlara axırdı. 1880-ci ildə Munihdə bankirlər və sənayeçilər tərəfindən Munih Re şirkətinin əsası qoyuldu. Munih Re daha çox xarici bazarlara üz tuturdu.1886-cı ildə Muhih Re-nin Fransa və Rusiyada agentlikləri vardı. Artıq 1890-cı ildə onun Londonda və Nyu-yorkda ofisləri vardı.

Digər ölkələrdə olduğu kimi İngiltərədə də istifadə olunan ilkin təkrarsığorta sistemi daha çox şərikli sığortaya əsaslanırdı. Bu digər Avropa ölkələrindən və ABŞ-dan götürülmüşdür. 1854-cü ildə İngilis və Şotland həyat şirkətləri təkrarsığorta fəaliyyətinə başladılar. Risklər fakultativ əsasda qəbul edilirdi.

Köln Re 1854-1860-cı illərdə həyat təkrarsığortası fəaliyyəti göstərdi. Sviss Re 1865-ci ildə ilk həyat təkrarsığorta müqaviləsini yazdı. Həyat təkrarsığortası zəif inkişaf edirdi. 1865-1880-ci illərdə Sviss Re-dən başqa heç bir şirkət həyat sığortası sahəsində fəaliyyət göstərmirdi.

Amerikada ilk təkrarsığorta şirkəti Hartford Təkrarsığorta şirkəti 1912-ci ildə yarandı. Bu şirkət digər sığortaçılar tərəfindən qəbul edilən bütün növ riskləri təkrarsığortalayırdı.

 

1-ci dünya müharibəsi dövründə təkrarsığorta bazarı iki qütbə bölündü- təchizatçı ölkələr və tələbkar ölkələr. Təchizatçı ölkələr Almaniya, İsveçrə, Avstriya-Macarıstan və Rusiya idi. ABŞ şirkətləri bazarda öz yerlərini hələ tuta bilməmişdilər. Müharibə ərəfəsində bütün müstəqil təkrarsığorta şirkətlərinin ümumi gəlirinin  67%-i Alman şirkətlərinin payına düşürdü.  Müharibədən əvvəl 6 Rusiya təkrarsığorta şirkəti ABŞ-da fəal idi.

Təkrarsığorta nədir:

Təkrarsığorta – artıq sığortalanmış riskin yenidən sığortalanmasıdır və sığortaçını götürdüyü risklərə qarşı müdafiəsi məqsədi daşıyır.

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının “Sığorta Terminləri lüğəti”-də təkrarsığortaya bu cür tərif verilir:

“Təkrarsığorta müqaviləsi bir sığortaçı və ya xalis təkrarsığortaçı (təkrarsığortaçı) ilə digər sığortaçı və ya xalis sığortaçı (sedent) arasında, sedentin sığorta haqqı müqabilində bağlamış olduğu bir və ya bir çox sığorta polisi üzrə baş verən zərərlərin əvəzinin ödənilməsi məqsədilə bağlanan sığorta müqaviləsidir”.

İngilis hüquqşünası Ceyms Park 1799-cu ildə qeyd edir: İngiltərə qanunvericiliyində göstərildiyi kimi təkrarsığorta – ilkin sığortaçı tərəfindən qəbul etdiyi risklər üzrə öz məsuliyyətini azaltmaq üçün təkrarsığortaçı adlanan başqa anderayterlərə göndərməsidir.

 

Almaniya qanunvericiliyində isə daha qısa olaraq təkrarsığorta- sığortaçı tərəfindən götürülən risklərin sığortası kimi anlayış verilib.

“Sığorta fəaliyyəti haqqında” Rusiya Federasiyasının qanunvericiliyində isə təkrarsığorta- bir sığortaçının (təkrarsığorta etdirənin) sığorta etdirən qarşısındakı öhdəliklərinin hamısının və ya bir qisminin müqavilədə müəyyən edilmiş şərtlərlə başqa sığortaçıda (təkrarsığortaçıda) sığortalanmasıdır.

 

Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il tarixli “Sığorta fəaliyyəti haqqında” Qanununda isə təkrarsığorta anlayışı belə verilib: “Sığortaçının sığorta müqaviləsi üzrə sığortaladığı risklərin bütövlükdə, yaxud bir hissəsinin təkrarsığortaçı ilə bağlanmış müqaviləyə müvafiq olaraq ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir”.

 

Təkrarsığorta aparılan sığorta əməliyyatlarının maliyyə sabitliyini aktivlərinin həcmindən asılı olmayaraq hər bir sığorta şirkətinin normal fəaliyyətini təmin etmək üçün ən zəruri şərtlərdən biridir

 

Təcrübə də göstərir ki, istənilən sığortaçı riskləri nə qədər diqqətlə qəbul etsə belə bir-birindən ayrı sığorta obyektləri portfeli yarada bilməz, çünki sığorta şərtləri ilə müxtəlif risklərə təminat verilir ki, sığortalanmış həmin obyektlərdə eyni zamanda zəlzələyə, yanğına, sel və digər təbii fəlakətlər baş verə bilər, yəni risklərin akkumulyasiyasına (bir yerə yığışmasına) məruz qala bilər. Aydındır ki, sığortalanmış obyektlər üzrə sığorta məbləğləri sığortaçının sahib olduğu kapitaldan daha çoxdur və adı qeyd olunmuş katastrofik risklərdən birinin baş verməsi sığortaçının maliyyə sabitliyinə nəinki böyük zərbə vurar, hətta şirkətin iflasına gətirib çıxara bilər. Məhz bu səbəbdən sığortaçı öz üzərinə götürdüyü öhdəliklər üzrə sığorta məbləği və sığorta portfeli arasında tarazlığı yaratmaq üçün təkrarsığorta adlanan  mühüm bir institut mövcuddur.

 

Hər bir fəaliyyət sahəsində olduğu kimi təkrarsığorta sahəsində də özünəməxsus terminlər mövcuddur ki, bur terminlər barədə məlumatlı olmadan təkrarsığorta fəaliyyəti göstərmək mümkünsüzdür

.

Həmin terminlərdən daha çox istifadə olunanları aşağıdakı kimi sıralaya bilərik:

 

Təkrarsığortaçı – sığorta və ya təkrarsığorta fəaliyyəti göstərmək üçün müvafiq lisenziyaya malik olan, sığortaçı və təkrarsığorta müqavilələri əsasında sığortalanmış (təkrarsığortalanmış) riskləri təkrarsığortalayan təkrarsığorta münasibətlərinin tərəfi.

 

Təkrarsığortalı (Sedent)- Sığortaladığı və ya təkrarsığortaladığı riskləri təkrarsığorta müqaviləsi əsasında təkrarsığortaya ötürən sığortaçı və ya təkrarsığortaçı.

 

Bəzən riski təkrarsığorta edən tərəf riski yenidən təkrarsığorta etdirir. Bu proses retrossesiya təkrarsığortaya ötürən tərəf isə retrosedent adlanır.

 

Sessiya – Sığortaçı tərəfindən təkrarsığorta müqavilələri əsasında təkrarsığortaya ötürülən riskin müəyyən bir hissəsi.

 

Bodero –Təkrarsığorta müqavilələri üzrə risk barədə məlumatları özündə əks etdirən, sığortaçı və ya təkrarsığortaçı tərəfindən təkrarsığortaya ötürülən risklər barədə periodik olaraq təkrarsığortaçıya verilən hesabat.

 

Sedent komissiyası – Təkrarsığortaçı tərəfindən sığortaçıya və ya təkrarsığortaçıya riski əldə etmə və digər xərclərini qarşılamaq üçün ödədiyi məbləğ. Bu özündə mənfəət faktorunu da əks etdirir.

 

Tantyema – Sığortaçı təkrarsığorta müqaviləsinin sonunda təkrarsığortaçının gəlirindən komisiya alır. Bu sığortaçının təkrarsığortaçının portfelində iştirakını təsdiqləyir vəhəvəsləndirmə məqsədi daşıyır.

 

Kovernot – Vasitəçi, broker və yaxud birbaşa anderayter tərəfindən sığortalıya verilən risklərin sığortaya qəbul edilməsi faktını təsdiqləyən yazılı bildiriş. Özündə müqavilə şərtlərini əks etdirir.

Eksedent(surplus) – Təkrarsığortada eksedent dedikdə sığortaçının şəxsi tutum məbləğini aşan və təkrarsığortaya ötürülən riskin müəyyən hissəsi.

Şəxsi tutum – Təkrarsığorta müqavilələri üzrə sığortaçının təkrarsığortaya ötürmədiyi və öz üzərində saxladığı riskin müəyyən hissəsi.

Slip – Fakultativ təkrarsığorta zamanı sığortaçı tərəfindən təkrarsığortaya ötürülən risk barədə məlumatları özündə əks etdirən müqavilə.

Müasir dövrdə sığorta sisteminin inkişafında mühüm yer tutan təkrarsığorta əhəmiyyəti aşağıdakı səbəblərlə bağlıdır.

  • Sığortaçının illik maliyyə balansının müdafiəsi;
  • Risklərin sığortaçı tərəfindən qəbul edilməsi üçün əlavə maliyyə imkanlarının təmin edilməsi;
  • Sığortaçı tərəfindən qəbul edilmiş risklərin təkrar sığortalanması;
  • Sığortaçının maliyyə sabitliyinin və ödəniş qabiliyyətinin təmin edilməsinə dəstək;
  • Sığortaçı tərəfindən sığortalanmış risklər üzrə hadisə baş verdiyi zaman təkrarsığortaçı tərəfindən kompensasiyanın tez verilməsi.

Risklərin təkrarsığortaya ötürülməsi formaları.

Risklərin təkrarsığortaya ötürülmə formalarına və tərəflərin qarşılıqlı hüquqi münasibətlərinin tənzimlənməsinə görə təkrarsığorta müqavilələri fakultativ və obliqator(məcburi) əsasda bağlanılır.

  1. Fakultativ təkrarsığorta:

Fakultativ təkrarsığorta növü üzrə riskləri sığortaya qəbul edən ilkin sığortaçı riskləri təkrarsığortaya ötürülməsi üçün konkret məsuliyyət daşımır. Hər bir risk üzrə tərəflərin məsuliyyəti və öhdəliyi hər bir müqavilə üzrə ayrıca razılaşdırılır. Sığortaçı və ya təkrarsığortaçı qəbul etdiyi bütün riskləri təkrarsığortaya ötürülməsi üçün məsuliyyət daşımır. Hər bir risk ayrı-ayrılıqda müzakirə edilir. Razılaşmaya əsasən risk bütövlükdə və ya hissə-hissə təkrarsığortaya ötürülə bilər. Konkret risklər üzrə də təkrarsığorta təminatı alına bilər. Misal üçün əmlakı bütün risklərdən sığortalayan sığortaçı müharibə və ya terrorizm riski üzrə təkrarsığorta təminatı ala bilər.

Təkrarsığortaçı da öz növbəsində riski götürmək üçün heç bir məsuliyyət daşımır. O riski bütövlükdə və ya müəyyən bir porsiyada götürə bilər və ya hər hansı əlavə şərtlər tələb edə bilər. Riski təkrarsığortaya ötürən tərəf təkrarsığortaçıdan müəyyən komisyon mükafat tutmağa haqlıdır ki, bu riskin əldə edilməsi və rəsmiləşdirilməsi (agent/broker komissiyalarının verilməsi, şəhadətnamələrin verilməsi, uçot vərəqlərinin aparılması və digər inzibati işlər üçün) xərclərini qarşılaması üçün istifadə olunur.

Bu tip təkrarsığortanın ən əsas çatışmayan cəhəti ondan ibarətdir ki, təkrarsığortaçı təklif olunan riski qəbul etməyə məcbur deyil. Hadisə baş verdikdə risk üzrə təkrarsığorta təminatı alınmadığı halda zərər ödənişi sığortaçı tərəfindən ödənilməlidir ki, bu sığortaçının maliyyə ehtiyyatlarını sarsıda bilər.

  1. Obliqator müqavilə:

Fakultativ təkrarsığorta müqavilələrindən fərqli olaraq obliqator təkrarsığorta müqavilələrində tərəflər arasında münasibətlər məcburi xarakter daşıyır.

Bu tip müqavilələr tərəflərin hüquq və vəzifələrini və məsuliyyətini müəyyən edən əsas sənəd olmaqla  yanaşı, tərəflər arasında mübahisə yarandıqda məhkəmə və arbitraj prosesində baxılma qaydasını da özündə əks etdirdiyi üçün müqavilənin şərtləri aydın yazılmalıdır ki, tərəflər maddi xərclər yaradan prosedurlardan yayınsınlar.

Müqavilə qaydaları məcburi xarakter daşıdığı üçün ilkin sığortaçı qəbul etdiyi bütün risklərin müəyyən edilmiş hissəsini təkrarsığortaçıya ötürməyə, təkrarsığortaçı isə riski qəbul etməyə məcburdur.

Müqaviləyə əsasən təkrarsığortaçı iştirak etdiyi hissə üzrə təkrarsığorta haqqı əldə etməyə haqlıdır. Həmçinin sığortaçının komisyon mükafatı, tantyeması, komissiyaların hesablanması qaydası müqavilədə göstərilir.

Təkrarsığorta müqavilələri götürülən risklərə görə ödənişin , həmçinin komisyon mükafatın həcminə görə mütənasib və qeyri-mütənasib növlərə bölünür.

2.1 Mütənasib təkrarsığorta

Mütənasib təkrarsığorta 2 növə ayrılır: Kvotalı (quota share) və eksedent(surplus) müqavilələr.

2.1.1 Kvotalı müqavilə təkrarsığortanın ən sadə növüdür. Müqavilə şərtlərinə görə sığortaçı qəbul etdiyi bütün risklərin müəyyən edilmiş faizini təkrarsığortaçıya ötürməyə məcburdur. Eyni zamanda ötürülən riskə uyğun təkrarsığorta haqqını ödəyir və hadisə vaxtı təkrarsığortaçı öz payı həcmində məsuliyyət daşıyır.

Bu tip müqavilələrin əsas çatışmayan cəhəti ondan ibarətdir ki, təkrarsığortaçının hər bir risk üzrə sabit iştirak faizi əvvəlcədən müəyyənləşdirilir və maksimum məsuliyyət limiti göstərilə bilər. Bəzən sığortaçı üçün az təhlükəli sayıla biləcək və şəxsi tutumundan az riskləri təkrarsığortaya göndərmək məcburiyyətində qalır. Yəni məcburi olaraq öz qazancından təkrarsığorta haqqı ödəməli olur.

2.1.2 Eksedent(surplus) əsaslı müqavilələrdə əsas faktor ondan ibarətdir ki, sığortaçı iqtisadi cəhətdən əsaslandırılmış şəxsi tutumunu öz üzərində saxlayır, artıq hissəni isə təkrarsığortaya ötürür. Sığorta ödənişi tərəflər arasında saxlama payına mütənasib həyata keçirilir.

Bu tip müqavilələrdə əsas amil sığortaçının əsaslandırılmış şəxsi tutumunun iqtisadi cəhətdən düzgün hesablanmasıdır. Şəxsi tutum hesablanarkən daha çox sığortaçının portfelinin sabit olması şərti ilə son 5-10 ili götürülür. Saxlama payı az müəyyən edilərsə sığortaçı riskin daha çox hissəsini təkrarsığortaya göndərir və daha az qazanc əldə edir. Əksinə çox müəyyən edilərsə hadisə baş verdiyi halda sığortaçı daha çox zərərə uğraya bilər və bu da onun maliyyə sabitliyinə xələl gətirə bilər.

2.2 Qeyri-mütənasib təkrarsığorta

Mütənasib təkrarsığortadan fərqli olaraq burada əsas faktor sığorta məbləği deyil sığorta ödənişidir. Bu tip müqavilələrdə sığortaçı müəyyən qədər məsuliyyəti öz üzərində saxlayır və hadisə baş verdikdə həmin limitə qədər ödəniş edir artıq hissəni isə təkrarsığortaçılar ödəyir. 2 cür aparılır

2.1 Artıq zərər müqavilələr (excess of loss)

Təkrarsığortanın daha geniş yayılmış növüdür. Sığortaçı daha riskli sayıla biləcək portfelini təkrarsığorta etdirir. Sığortaçı zərərin müəyyən əsaslandırılmış hissəsini şəxsi tutumunda saxlayır. Artıq hissəni isə təkrarsığortaya ötürür. Hadisə zamanı sığortaçı şəxsi tutmunun həcmi qədər ödəniş edir artıq hissəni isə təkrarsığortaçı ödəyir. Sığortaçı portfelini müəyyən qatlara (layer) bölüb bir neçə təkrarsığortaçıya ötürəbilər. Misal üçün sığortaçının şəxsi tutumu 100 000 AZN-dir. Sığortaçı 100 000 AZN-dən artıq 5 000 000 AZN-lik təkrarsığorta təminatı alır. 1-ci qat üzrə 100 000 AZN-dən artıq 1 000 000 AZN, 2-ci qat üzrə 1 100 000 AZN-dən artıq 3 000 000 AZN, 3-cü qat 4 100 000 AZN-dən artıq 5 000 000 AZN. 3 500 000 AZN-lik hadisə baş verdikdə 100 000 AZN sığortaçı tərəfindən 1 000 000 AZN 1-ci təkrarsığortaçı tərəfindən, 1 900 000 AZN 2-ci təkrarsığortaçı tərəfindən ,500 000 AZN isə 3-cü təkrarsığortaçı tərəfindən ödənilir. Təkrarsığortaçılar daha çox ilk qatda iştirak etməyə maraqlı olurlar.

Təkrarsığorta haqqı müqavilə dövründə müdafiə olunmuş portfel üzrə hesablanmış brutto sığorta haqqının müəyyən faizi həcmində müəyyən  olunur. Adətən sığorta haqqının müqavilənin əvvəlində qiymətləndirilən və gözlənilən miqdarı məlum olduğu hissəsi qədər  avans-depozit mükafat ödənilir və müqavilənin sonunda faktiki sığorta haqqına əsasən yekun mükafat hesablanır.

2.2 Artıq zərərlilik müqavilələri (stop loss)

Bu tip müqavilələr sığortaçını sığortanın müəyyən bir növü üzrə işlərin aparılmasının ümumi xərclərinin həmin növ üzrə zərərliliyin müqavilədə müəyyən olunmuş faizindən və ya müəyyən ölçüsündə artıq olmaması hallarından müdafiə edir. Burada zərərlilik limiti elə müəyyən olunur ki, sığortaçı öz cavabdehliyində olan hissədə məsuliyyətdən yayına bilməsin. Yəni müqavilənin məqsədi sığortaçıya əlavə gəlir vermək yox sadəcə onun zərərinin müəyyən hissəsinin qarşılanmasıdır. Misal üçün portfel üzrə zərərliliyin 110 faizindən 120 faizinədək.

Bu tip müqavilələr daha çox katastrofik risklərdən portfelin müdafiə olunması üçün vacibdir. Çünki baş verən bir və ya bir neçə hadisə şirkətin nəinki növ üzrə ümumi fəaliyyətinə mənfi təsir göstərə bilər.

©Cəfərov Ramin – Sığorta mütəxəssisi (“AZSIĞORTA”)