15 C
Baku
Saturday, April 20, 2024

Birjada Indekslər Necə Hesablanır?

İndeks birjada qiymətli kağızların (və ya şirkətlərin) ümumi dəyərini göstərmək üçün istifadə olunan əsas göstəricidir.

İqtisadiyyatın hansı istiqamətə yönəldiyini, şirkətlərin səhmlərinin qiymətinin necə dəyişdiyini öyrənmək üçün tez-tez bu göstəriciyə istinad edirlər. Bəs indekslər necə hesablanır?

ABŞ birjalarında əsas üç indeks göstəricisi diqqətlə izlənir: Dow Jones, S&P500 və NASDAQ indeksləri. Dow Jones en böyük 30 şirkətin səhmlərini əhatə edirsə, ikincisi 500 böyük, üçüncüsü isə NASDAQ birjasında yerləşdirilən Amerikan və xarici şirkətəri əhatə edir. Adətən bazarı ən yaxşı ifadə edən indeks olaraq S&P500 istifadə edilsə də, digər indekslər də çox vacibdir. İndeksdən həm də investisiya portfelinin performansını müəyyən etmək üçün istifadə edilir. Adətən belə müqaisə üçün indeks uyğun ölçü olur. Məsələn, portfelinizdə 20 ən böyük şirkətin səhmi varsa, portfelin gəlirliliyini Dow Jones indeksi ilə müqaisə etmək məqsədəuyğun olardı. Əgər portfelinizdə 250 böyük şirkət varsa S&P500 indeksi ölçü olaraq seçilməlidir. Yazıda bu iki indeksin necə hesablandığını izah edəcəyik.

Dow Jones 30 indeksi qiymət çəkili indeksdir. Burada qiyməti çox olan səhmin ümumi indeksə təsiri çoxdur. Məsələn bazarda iki şirkətin səhmi olsun: A və B. A səhminin qiyməti 20 AZN, B-ninki isə 60 AZN olsun. Deməli, indeks dəyəri (20+60)/2=40 olacaq. Gördüyünüz kimi, qiyməti çox olan səhmin indeks üzərində təsiri də çoxdur. Fərz edək, növbəti gün səhmlərin qiyməti dəyişir: Hər iki səhmin qiyməti olur 30. Deməli, A-nin qiyməti 10 AZN artmış, B-ninki isə 30 AZN azalmışdır. Yeni indeks belə hesablanacaq: (30+30)/2=30. İndeks təxminən 25 faiz azalaraq 40-dan 30-a düşür.

Bəzən səhmlərin qiyməti ifrat artanda şirkət onları bölür və ya denominasiya edir. Məsələn 1 köhnə səhm, 2 yeni səhmə bərabər olur. Bu zaman, Dow Jones indeksinə dəyişiklik etmək lazımdır ki, səhmlərin bölünməsi indeksə təsir etməsin. Bir az əvvəlki nümunədə əgər B şirkəti səhmlərini bölürsə, onda bir səhmin qiyməti 30 manat olacaq. Əvvəl qiymətlər 2-yə bölünürdü (2 burada bölən adlanır). İndeks dəyəri dəyişmədən yeni bölən hesablanmalıdır. Bu isə (20+30)/(bölən)=40 tənliyi ilə hesablana bilər. Burada yeni bölən 1,25 olmalıdır. Deməli qiymətlər növbəti gün eyni miqdarda dəyişərsə, yeni indeks belə hesablanacaq: (30+15)/1,25=36. Beləliklə, yeni indeks cəmi 4 bənd (10 faiz) azalaraq 36 olur.

Göründüyü kimi, qiymət-çəkili indeks bazardakı vəziyyəti tam əks etdirmir. Bazarda şirkətlərin ümumi dəyərini deyil, sadəcə qiymətlərini nəzərə alır. Bu baxımdan dəyər (value) çəkili indeks daha məqsədə uyğundur. S&P500 indeksi bu indekslərdəndir. Əvvəlki nümunəyə qayıtsaq, fərz edək ki, A şirkətinin bazarda 1.000 səhmi var, B şirkətinin isə 100. Deməli, A şirkətinin ilkin bazar dəyəri 20.000 AZN, B şirkətinin isə 6.000 AZN olacaq. İndeks belə hesablanacaq: (20.000 + 6.000) = 26.000. Qiymətlər eyni qayda ilə dəyişərsə yeni indeks belə olacaq: (30.000+3.000) = 33.000. Deməli indeks 7.000 bənd və ya 27 faiz artmışdır. İlkin dəyəri 100 olaraq götürsək, sonrakı indeks 127 olacaq. S&P500 indeksi üçün baza dəyəri olaraq 1941-ci ildən başlayaraq 10 rəqəmi seçilmişdir. Eynilə, bəzi şirkət qərarlarının indeksə təsirini azaltmaq üçün bölən hesablanır. Bu zaman səhmlərin bölünməsi indeksə təsir etmir, çünki indeks hesablanarkən səhmlərin sayı nəzərə alınır. Ancaq, şirkətlərin ayrılması, birləşməsi, yeni səhm emissiyası, şirkətin bazardakı səhmlərini geri alması zamanı indeksin böləni dəyişdirilir.

Müəllif:Dr. Fariz Hüseynov , Şimali Dakota Dövlət Universitenin maliyyə müəllimi

Son xəbərlər
Digər xəbərlər