“Bitcoin”ə sərmayə qoymaq, qumar oynamaq qədər risklidir – Yerli iqtisadçı deyir

‘‘Bitcoin’’ə sərmayə qoymağa dəyərmi?

Banker.az-ın məlumatına görə, rəqəmsal valyutalar arasında getdikcə daha məşhurlaşan ‘Bitcoin’lərlə bağlı yaranan marağı nəzərə alaraq, iqtisadçı Qubad İbadoğlu bu suala qısa şəkildə aydınlıq gətirib.

Ekspert qeyd edib ki, 2009-cu ildə 1 ABŞ sent nominal dəyəri ilə tədavülə çıxan ‘Bitcoin’ 1 ay sonra 1 dollara, 2 il sonra 10 dollara, hazırda isə 16,5 min dollara satılmağa və tədiyyə vasitəsi kimi bəzi hesablaşmalarda istifadə olunmağa başladı:

“Son dəyərləndirmələrə görə, ümumi bazar dəyəri 329 milyard dollar təşkil edən ‘Bitcoin’in taleyi çox adamı düşündürməyə və narahat etməyə başlayıb. Fikrimcə, bu valyutanın dəyəri virtual bazarda əsasən spekulyativ tələb və təklifə bağlı olduğundan onun real bazar dəyəri formalaşmasınadək ziqzaqvari dəyişiklər gözləniləndir”.

Eləcə də oxu: “Bitcoin”nin $52 milyardlıq kapitalı yoxa çıxdı

Q.İbadoğlu deyib ki, ‘Bitcoin’in bazar dəyərinin belə sürətlə davamlı artması mümkün deyil:

“‘Bitcoin’in taleyi bazar payı yüksək olan şirkətlərin bu valyuta ilə hesablaşmalara keçidindən, onu aparıcı ölkələrin Mərkəzi Banklarının tanımasından və tədavülə buraxmasından asılı olacaq. Odur ki, ‘Bitcoin’ə sərmayə qoyanlar indiki şərtlərlə qumar oynamaq qədər riskə gedirlər. Çünki, hələ özünü valyuta bazarında tam təsdiq etməyən, hesablaşmalar üçün yüksək komission haqları və tələb olunan əlavə vaxta görə klassik valyuta vahidlərindən geri qalan ‘Bitcoin’lə böyük pullarla “oynamaq” təhlükəlidir”.