Blockchain texnologiyası nədir və necə işləyir?

Son zamanlar Blockchain texnologiyası və ondan istifadə məsələsi gündəmdədir. Lakin çox az insan bu texnologiyanın mahiyyətinin nədən ibarət olduğu və necə işlədiyi barədə məlumata sahibdir.

Banker.az oxucunu qəliz texniki informasiya ilə yükləməmək üçün Blockchain texnologiyasının nədən barət olduğunu sadə şəkildə izah edəcək:

Blockchain nədir?

Blockchain – məlumatların saxlanması vasitəsi və yaxud tranzaksiyaların, müqavilələrin, sövdələşmələrin rəqəmsal reyestridir. Blockchaində verilmiş kreditlər, əmlak hüququ, yol hərəkəti qaydalarının pozulması, nigahla bağlı məlumatlar saxlamaq mümkündür. Daha doğrusu, demək olar ki, hər şey haqqında. Onun əsas və danılmaz üstünlüyü bu reyestrin əlavə bir yerdə saxlanmamasıdır. O bütün dünya üzrə bir neçə yüz, hətta min kompüter arasında bölüşdürülüb. Bu şəbəkənin istənilən İstifadəçisi reyestrin aktual versiyasına sərbəst girişə malikdir ki, bu da onu bütün iştirakçılar üçün tamamilə şəffaf edir.

Block chain – sistemdə nə vaxtsa həyata keçirilmiş bütün tranzaksiyaların ictimai bazasıdır. Blockchain terminindən daha çox istifadə olunur (ingilis dilində Blockchain – block-blok, chain-zəncir). İlk dəfə bu termin Bitcoin kriptovalyutası ilə həyata keçirilmiş paylanmış məlumat bazasının adı olaraq peyda olub.

Blockchain necə işləyir?

Rəqəmsal qeydlər “bloklar”-da birləşir, bu bloklar isə daha sonradan çətin riyazi alqoritmlərin köməkliyi ilə kriptoqrafik və xronoloji “zəncir”-də birləşir. Hər blok özündən əvvəlki blok ilə əlaqəlidir və özündə bir sıra qeydə sahibdir. Yeni bloklar nizamlı şəkildə zəncirin sonuna əlavə olunur.

Şifrələmə prosesi eyni şəbəkədə işləyən çox sayda müxtəlif kompüterlər vasitəsilə yerinə yetirilir. Onların hesablaması nəticəsində hər biri eyni nəticəni əldə etdikdə bloka unikal rəqəmsal imza atılır. Reyestr yeniləndikdən və onda yeni blok təşkil edildikdən sonra, o dəyişdirilə bilməz. Bununla da onu saxtalaşdırmaq mümkün deyil. Ona sadəcə yeni qeydlər əlavə etmək olar. Bir detalı nəzərə almaq mütləqdir ki, reyestr bütün kompüterlərdə eyni anda yenilənir.

Blockchain texnologiyasını xüsusi edən nədir?

Məlumat bazasının paylanmış formada olması Blockchaini xakerlər tərəfindən demək olar ki, qırılmaz edir. Çünki xakerlər öz məqsədlərinə çatmaq üçün şəbəkədə olan bütün kompüterlərdəki mılumat bazası nüsxələrinə eyni anda giriş əldə etməlidirlər. Texnologiya həmçinin şəxsi məlumatların təhlükəsizliyini təmin etməyə imkan verir, belə ki, şifrələnmə prosesi geri dönülməzdir. Hətta orijinal sənəd və yaxud tranzaksiya gələcəkdə dəyişilsə də, nəticədə digər rəqəmsal imza əldə edəcək ki, bu da sistemdə uyğunsuzluq olduğunu bildirir.