8 C
Baku
Thursday, March 28, 2024

“BOKT-ların fəaliyyəti genişləndikcə, bankların gəlirləri azalır”

Son dövrlərdə Azərbaycanda bank olmayan kredit təşkilatı (BOKT) və lombardların sayında böyük artım müşahidə olunmaqdadır. Eyni zamanda belə qurumlardan borc götürən insanların da sayı artır. Ekspertlər isə bütün bunları təsadüfi saymır. Bankların kredit verilişində yeni şərtlərin müəyyən olunmasının bu vəziyyəti yaratdığı qeyd olunur.

Bu arada o da bəlli olur ki, verilən kreditlərdə bank olmayan kredit təşkilatının xüsusi çəkisi daha sürətlə artır. Son məlumatlara əsasən, Azərbaycanda verilən kreditlərin 97 faizini banklar, 3 faizini bank olmayan kredit təşkilatları ayırır. Mərkəzi Bankın avqustun 1-nə olan statistik məlumatına görə, bu il kredit təşkilatları 17 milyard manat həcmində kredit verib. Cəmi kreditin 16,5 milyard manatını banklar, 502,1 milyon manatını qeyri-bank kredit təşkilatları ayırıb. Təhlillər göstərir ki, 2010-cu illə müqayisədə qeyri-bank kredit təşkilatlarının kredit qoyuluşunda payı bir qədər artıb. Qeyd edilən dövrdə qeyri-bank kredit təşkilatları kredit bazarının təxminən 2 faizini formalaşdırırdı. İndi isə bu rəqəm artıb.

Bank kreditlərində sərt məhdudiyyətlərin tətbiqi fonunda, qeyd olunduğu kimi, bank olmayan kredit təşkilatlarının fəaliyyətinin genişlənməsi müşahidə olunur. Banklardan fərqli olaraq, onlar fəaliyyətini daha sürətlə genişləndirir. Bu da, öz növbəsində, bankların gəlirlərinin azalmasına təsirsiz ötüşmür. Bank olmayan kredit təşkilatlarının fəaliyyəti genişləndikcə bankların gəlirlilik səviyyəsi azalır. Belə vəziyyət isə ilin sonunadək fəaliyyətini dayandıracaq bankların sayını artıra bilər. Məlum olduğu kimi, cari ilin sonuna kimi Mərkəzi Bankın tələbi ilə yerli kommersiya bankları nizamnamə kapitalını indiki ilə müqayisədə 5 dəfə artırmalıdır. Hazırda sözügedən kapitala bağlı tələb 10 milyon manatdırsa, gələn ilin əvvəlindən etibarən 5 dəfə artaraq 50 milyona çatmalıdır. Bankların hamısının bu tələbi ödəyə bilib-bilməyəcəyi hələ dəqiq məlum deyil. Yaranmış durumda bir sıra bankların məhz bank olmayan kredit təşkilatına çevrilməsi tam gözəlniləndir ki, elə Mərkəzi Bank da bunda maraqlıdır.

Xatırladaq ki, artıq Mərkəzi Bank ölkə banklarının birləşməsi və ya bank fəaliyyətini dayandırıb başqa formada fəaliyyət göstərməsinə dair hazırlaqlara başlayıb. Mərkəzi Bankın müəyyən etdiyi “Bankların yenidən təşkili Qaydaları” məhz bankların bir-biri ilə birləşməsini, başqa banklara qoşulmasını, eləcə də bank kimi fəaliyyətini dayandırıb bank olmayan kredit təşkilatına çevrilməsini nəzərdə tutur. Bütün bunlar isə bank olmayan kredit təşkilatlarının sayının daha da artacağını deməyə əsas verir. Ekspertlər bildirir ki, birləşmək istəməyən bankların, məhz müflis olmaqdansa, bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərməsi daha məqsədəuyğundur. Bu onlara imkan verəcək ki, hüquqi subyekt kimi fəaliyyət göstərsinlər. Onu da qeyd edək ki, Mərkəzi Bankın məcmu kapitalla bağlı tələbinin arxasında, bank sektorunun gücləndirilməsi ilə yanaşı, bankların sayının azaldılması məqsədi dayanır.

Bank olmayan kredit təşkilatları ilə yanaşı, lombardların da sayında ciddi artım yaşanır. Belə ki, 3 il əvvəl Azərbaycanda 600-ə yaxın lombard fəaliyyət göstərirdisə, bu gün onların sayı 1200-ə yaxınlaşır. Artıq sirr deyil ki, banklar arayışsız kredit vermədiyindən, aşağı gəlirli insanların ən çox üz tutduğu məkan sələm xidməti və xüsusilə lombardlardır. Vəziyyətin təhlili də göstərir ki, bankların kütləvi kreditləşməni dayandırması kredit axtaran vətəndaşları ya lombardlara, ya da sələmçilərə üz tutmağa vadar edib. Belə vəziyyət göstərir ki, bank sektorundakı son dəyişikliklərdən daha çox faydalananlardan biri də məhz lombardlardır. Əslində öncədən bəlli idi ki, Mərkəzi Bankın inzibati islahatları lombardların fəaliyyətinə geniş imkanlar yaradacaq. Lakin banklardakı kredit sərtləşmələri lombardların təklif etdiyi borclar üzrə faizləri artırmasına gətirib çıxarıb. Səbəb isə, ekspertlərə görə, sadədir, belə ki, kütləvi kredit təklif edən bank yoxdur, tələb isə yüksək olaraq qalmaqdadır. Lombardlar isə bu tələbdan yararlanmağa çalışır. Xüsusən də istehlak kreditləşməsinin dayandırılmasından sonra lombardların təklif etdiyi pullara tələbatın kəskin artması müşahidə edilir.

Digər tərəfdən, lombardlarda girovun qiymətləndirilməsi mexanizmi yoxdur. Bunun nəticəsidir ki, yüksək faizlə verilən pul girovun təxminən yarısı dəyərində olur. Faizlər yüksək olduğundan pulun geri ödənilməsində risq faktoru yüksəkdir. Buna rəğmən, lombard xidmətindən istifadə edənlərin sayı durmadan artır.

Son xəbərlər
Digər xəbərlər