“Borclu vətəndaşlarin xaricə çixişinin yasaqlanmasi problemli kreditləri artirir”

“İnsanlar burada özünə iş tapa bilmir, qonşu ölkələrdə işləyib, pul qazanır və kredit borcunu ödəmək üçün ölkəyə qayıdır. Getmə səbəbini bilmədən vətəndaşın ölkədən çıxışına qadağa qoyulması, üstəlik pulu olmadığı halda kreditin ödənişini tələb etmək sadəcə zülmdür.”

Bu barədə bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov bildirib.

“Vətəndaş krediti qaytara bilmirsə, bank onu məhkəməyə verməlidir. Məhkəmə bankın xeyrinə qərar verərsə, bu, qanuni qüvvəyə mindiyi vaxtdan üzrsüz səbəbdən borc ödənilmədiyi təqdirdə şəxsin ölkədən çıxışına qadağa qoyula bilər”.- deyə o bildirir.

Hasənovun qənaətincə, icra məmuru vətəndaşın əmlakı olduğu halda qəsdən krediti ödəmədiyini sübut etməlidir:

“Vətəndaşlara dəfələrlə demişəm ki, qanunsuz şəkildə ölkədən çıxışınıza qadağa qoyulursa, şikayət edin. Amma bəzi banklar borcu olanların qanunsuz şəkildə ölkədən çıxışa qadağa tətbiq edilməsinə nail olur. Hüquq mühafizə orqanı Dövlət Sərhəd Xidmətinə müraciət edir, vətəndaşın ölkədən çıxışına qadağa qoyulur. Halbuki bu, məhkəmə qərarı olmadan qanunsuzdur. Amma son bir ildə kiminsə ölkədən çıxışına məhkəməsiz şəkildə qadağa qoyulmasına rastlaşmamışam”.

Vaxtı keçmiş krediti olan şəxslərə sərt qadağaların tətbiq edilməsinin nəticələrinə toxunan Ə. Həsənov vurğulayıb ki, bu problemli kreditlərin həcminin artmasına səbəb olur:

“Çünki çox insan burada özünə iş tapa bilmir, qonşu ölkələrdə işləyib, pul qazanır, kredit borcunu ödəmək üçün ölkəyə qayıdır. Getmə səbəbini bilmədən vətəndaşın ölkədən çıxışına qadağa qoyulması, üstəlik pulu olmadığı halda kreditin ödənişini tələb etmək sadəcə zülmdür”.

Ekspert onu da əlavə edib ki, deputat Əli Məsimlinin problemli kreditlərin restrukturizasiyası ilə bağlı təklifi məsələni həll etməyə imkan yara bilər: “Restruktizasiya verilmiş kreditlərin şərtlərinin dəyişdirilməsidir. Məsələn, Azərbaycan Beynəlxalq Bankı (ABB) dollar əmanətləri üzrə faizləri birtərəfli qaydada endirdi. Faktiki əməliyyat şərtlərini qanunsuz şəkildə restruktizasiya etdi. Bunu isə faizi verə bilməməklə əsaslandırdı. Belə çıxır ki, bankın vətəndaşa borcu olduqda faizləri endirə bilər, amma vətəndaşın banka borcu olanda qanun yada düşür.

Bütün bu problemlərin həlli üçün deputatın təklif etdiyi qanun qəbul olunarsa, faydalı olacaq”.

Qeyd edək ki, deputat Ə. Mənsimli Azərbaycanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisinin təhlükəli həddə çatdığını vurğulayıb. Onun sözlərinə görə, problemli kreditlərin restrukturizasiyası ilə bağlı qanun qanunun qəbulu kredit problemi ilə üzləşmiş insanların gözləntilərinin özünü doğrultmasında mühüm rol oynaya bilər.