4 C
Baku
Friday, March 29, 2024

Bu qərardan çox şey asılıdır, eləcə də manatın taleyi: həlledici gün

“Anlaşmanın müddətinin uzadılması ilə bağlı qərar verilsə, neftin qiymətində artıma doğru addımlar olacaq”

“Noyabrın 30-da Vyanada keçiriləcək OPEC toplantısında neft hasilatının azaldılması ilə bağlı anlaşmanın müddətinin uzadılması gözlənilir və bunun ilhamverici qüvvələri Səudiyyə Ərəbistanı ilə Rusiyadır”.

Bunu açıqlamasında Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban deyib. Onun sözlərinə görə, artıq Rusiyanın ən böyük neft hasilatçıları hasilatın azaldılmasını dəstəkləyir.

“Yəni, bir il bundan əvvəl özəl şirkətlər buna tərəddüd edirdi. Ancaq hazırda Rusiyanın böyük şirkətlərinin hamısı bunu dəstəkləyir. Həm iri neft hasilatçısı olan ölkələrin, həm də şirkətlərin maraqları üst-üstə düşür” — Şaban bildirib.

“Neftin qiymətinin təqribən 30 faizədək artımı onların gəlirlərini kifayət qədər artırıb. Hesab edirlər ki, 2018-ci ilin martından sonra səyləri birləşdirsələr, gələn il neftin orta qiyməti yenə artıma doğru getsə, onların gəlirləri artacaq, biznes fəaliyyətləri genişlənəcək” — müsahibimiz əlavə edib.

Ekspertin sözlərinə görə, 1 il bundan əvvəl OPEC-in hasilatın azaldılması qərarını 11 ölkə dəstəkləmişdisə, indi Rusiyanın səyi nəticəsində bu ölkələrin sayının daha da artması gündəmdədir.

İ. Şaban neftin qiymətləri ilə bağlı proqnozlarını da dilə gətirib. O deyib ki, noyabrın 30-da qəbul ediləcək qərardan çox şey asılıdır: “Anlaşmanın müddətinin uzadılması ilə bağlı qərar verilsə, neftin qiymətində artıma doğru addımlar olacaq”.

“Ötən ilin noyabrında qiymətlər 45 dollar ətrafında idi. Qərar qəbul ediləndən sonra dekabr ayında qiymətlər 5 dollar artıb. Amma düzdür, çox böyük artımdan söhbət gedə bilməz” — mütəxəssis vurğulayıb.

İqtisadçı-ekspert Sabit Bağırov da Sputnik-ə açıqlamasında bu toplantıda anlaşmanın uzadılmasının ehtimalının böyük olduğunu deyib: “OPEC və Rusiya qərarın uzadılmasını razılaşdıracaq”.

Neftin qiymətlərinə gəlincə, iqtisadçı düşünmür ki, gələn il orta qiymət 50-55 dollardan yuxarı olsun: “Əgər Vyana toplantısında qərar qəbul olunmazsa, neftin qiyməti düşəcək. Tendensiya enməyə doğru olacaq”.

“Amma çox şey bazardakı spekulyativ oyunlardan asılıdır. Eyni zamanda, gələn il dünyada hansısa hadisələr baş verərsə, neftin qiymətinə təsiri olacaq” — S. Bağırov qeyd edib.

Qeyd edək ki, neft hasilatının azaldılması ilə bağlı cari anlaşmanın müddəti 2018-ci il martın 31-də bitir.

Son xəbərlər
Digər xəbərlər