12 C
Baku
Thursday, March 28, 2024

Bürokratik süründürməçiliyə son qoyulur – Yeni növ “ASAN Xidmət”

Tikinti işi aparmaq istəyən sahibkarlar üçün icazənin “Bir pəncərə” sistemi vasitəsi ilə verilməsi cəmiyyətdə alqışa səbəb olub

Ölkədə tikinti prosesi, bu zaman meydana çıxan problemlər vətəndaşları daim narahat edir. Dəfələrlə dövlət başçısı səviyyəsində müvafiq qurumlara insanların süni şəkildə incidilməməsi, bürokratik əngəllər yaradılmaması yönündə xəbərdarlıqlar edilib.

Və son zamanlar bu istiqamətdə müəyyən müsbət tendensiyalar müşhidə olunur. Məsələn, ötən ay Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi nümayəndəsi Akif Abdullayev mətbuata bildirib ki, bundan sonra Bakıda tikinti işi aparmaq istəyən sahibkarlar Bakı Şəhər İcra Hakimiyyətindən icazəni “Bir pəncərə” sistemi vasitəsi ilə alacaqlar və sahibkarların sənədləri müxtəlif əllərdə gəzməyəcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı isə bildirib ki, dövlət başçısının müvafiq fərmanı ilə tikintiyə icazə prosedurları sadələşdirilib. Belə ki, əvvəl prosedurların sayı 21 idisə, hazırda bu, 9-a endirilib.

Sahibkarlar üçün tikinti prosedurlarının sadələşdirilməsi ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov bunun mühüm problemlərdən biri olduğunu deyib: “Hər zaman Dünya Bankının “Doing Business” indeksi hesablanarkən Azərbaycan məhz tikinti sahəsində icazələrin sayı və müddətinə görə ən geridə qalmış ölkələr siyahısına daxil olunur. Bu isə ümumi nəticələrdə öz əksini tapır. Həmçinin bu istiqamətdə çox ciddi qeyri-şəffaflıq hökm sürür. Tikinti xərclərinin maya dəyəri kifayət qədər yüksəkdir”.

rashadhasanov
İqtisadçı-ekspert Rəşad Həsənov

 

“Bu isə son olaraq daşınmaz əmlak bazarı daxil olmaqla, bu kimi sahələrdə qeyri-adekvat qiymətlərə gətirib çıxarıb. Çünki real xərclərlə rəsmi xərclər arasında çox ciddi fərq var idi. İcazələrin verilməsi üçün iri məbləğdə rüşvət tələb olunurdu və bu istiqamətdə fəaliyyət göstərən qurumlar demək olar ki, tikinti icazələrini satırdılar, yəni, bunun alveri ilə məşğul idilər”, — deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, daşınmaz əmlak bazarında tələbin aşağı düşməsi, əhalinin alıcılıq imkanlarının zəifləməsi fonunda bu sektorun fəaliyyət imkanları kifayət qədər məhdudlaşdırılıb: “Eyni zamanda bu sektora investisiya qoyuluşlarının həcminə də mənfi təsir göstərib. Belə bir şəraitdə Azərbaycanın beynəlxalq reytinq siyahılarında mövqeyinin gücləndirilməsi və “Doing Business” indeksi baxımından reputasiyasının yüksəldilməsi mümkündür. Həmçinin ölkə daxilində tikinti sektorunun canlandırılması və prosedurların sayının azaldılması, tələb olunan günlərin sayının minimuma endirilməsi vasitəsilə müəyyən qədər nəticə əldə etmək mümkündür”.

Ekspertin qənaətincə, tikinti sektoru ən qeyri-şəffaf sektorlardan biri hesab olunur: “Bu istiqamətdə fəaliyyət göstərən dövlət qurumları demək olar ki, öz fəaliyyətində ciddi nöqsanlara yol verir, burada bir bazar formalaşdırıblar. Həmçinin özəl subyektlər də qeyri-qanuni fəaliyyətlərə yol verirlər. Burada əmək bazarı, dövriyyənin leqallaşdırılması, satışdan sonrakı proseslər, mənzil-tikinti kooperativlərinin (MTK) vətəndaşların hüquqlarını pozması və s. kifayət qədər ciddi problemlər var”.

“Problemlər hər iki tərəfdən — həm biznes subyektlərinin fəaliyyətindən, həm də dövlət qurumlarının fəaliyyətindən qaynaqlanır. Bu da indiki halda Azərbaycan iqtisadiyyatının 10 faizindən artıq bir hissəsini təşkil edən, ciddi əməktutumlu hesab olunan bir sektorun inkişaf etməsi, böyüməsi qarşısında ən böyük maneələrdəndir”, — ekspert bildirib.

Ekspert qeyd edib ki, səsləndirilən fikirlər reallaşarsa, müəyyən qədər daşınmaz əmlak bazarında qiymətlərin aşağı düşməsi, bu sahədə investisiya axınının güclənməsi, rəqabətin artması müşahidə olunacaq: “Həmçinin, bu istiqamətdə mənfəət normasının yüksəlməsi sözügedən sektorda sahibkarlıq fəaliyyətinin aktivləşməsi ilə nəticələnə bilər”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə də açıqlamasında tikinti işi aparmaq istəyən sahibkarlar üçün icazənin “Bir pəncərə” sistemi vasitəsi ilə verilməsini müsbət qiymətləndirib: “Uzun müddətdir Azərbaycanda sahibkarlıq mühitinin qiymətləndirilməsi Dünya Bankının “Doing Business” hesabatında da öz əksini tapır. Hesabatda Azərbaycanı digər ölkələrlə müqayisədə nisbətən geridə tutan əsas göstərici də məhz tikintiyə icazələrin verilməsindəki ağır prosedurlar, bürokratiya idi”.

“Əgər “Bir pəncərə” sistemi tətbiq olunacaqsa, bu, “Doing Business” hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasına gətirib çıxaracaq”, — deyə dosent vurğulayıb.

E.Bağırzadənin sözlərinə görə, bu, eyni zamanda, Azərbaycanda real olaraq investisiya mühitini yaxşılaşdıracaq: “Çünki investisiya mühitinin əsas elementlərindən biri də məhz tikintiyə icazələrin alınmasıdır. Yəni tikinti, xüsusilə də kapital qoyuluşları zamanı ən çox istifadə olunan mexanizmlərdən biridir. Bunun da ölkədə asanlaşması müsbət haldır. Azərbaycanda bu sahədə “Bir pəncərə” sistemi tətbiq edilirsə, alqışlanmalıdır və bu, çoxdan olmalı idi”.

Ekspertin fikrincə, belə bir addımın atılması daşımaz əmlak bazarında müəyyən qədər rəqabətli mühitin yaradılmasına gətirib çıxaracaq: “Çünki artıq istənilən sahibkar asanlıqla tikintiyə icazə ala bilirsə, bu, daşınmaz əmlak bazarında, xüsusilə də mənzil inşaatında müəyyən təklifin və bu sahədə rəqabətin artmasına səbəb olacaq. Bu da heç şübhəsiz ki, qiymətlərə təsir göstərə bilər, amma, bu, dolayı təsirdir. Yəni birbaşa təsirinin olacağını demək olmaz. Bunun üçün müəyyən zaman lazımdır”.

Son xəbərlər
Digər xəbərlər