8 C
Baku
Thursday, March 28, 2024

BVF Azərbaycanda aparılan islahatları dəstəkləyir

İqtisadiyyat naziri Şahin Mustafayev Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanın daxil olduğu ölkələr qrupunun icraçı direktoru və Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və BVF arasında əməkdaşlıq, yeni iqtisadi şəraitlə bağlı ölkəmizdə makroiqtisadi vəziyyət və həyata keçirilən geniş islahatlar, o cümlədən biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar, ölkə iqtisadiyyatının prioritetləri barədə müzakirələr aparılıb.

Ş.Mustafayev qeyri-neft sektorunun inkişafının prioritet olduğunu vurğulayıb, Azərbaycan iqtisadiyyatı, son zamanlar iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, sahibkarlığın stimullaşdırılması məqsədilə sahibkarlıq sahəsində yoxlamalar dayandırılıb, lisenziyaların və icazələrin sayı kəskin azaldılıb, gömrük prosedurları sadələşdirilib, Apelyasiya şuraları yaradılıb, maliyyə bazarlarına nəzarət gücləndirilib, investisiyaların təşviqi sahəsində bir sıra tədbirlər həyata keçirilib. Belə tədbirlər davamlı olacaq.

Azərbaycanın beynəlxalq maliyyə institutları, o cümlədən BVF ilə əməkdaşlığa önəm verdiyini qeyd edən nazir ölkəmizdə həyata keçirilən islahatlarda, makroiqtisadi sabitliyin qorunması, qanunvericiliyin və biznes mühitinin təkmilləşdirilməsi, özəl sektorun mövcud durumda maliyyə resurslarına çıxışının genişləndirilməsi sahəsində beynəlxalq maliyyə qurumlarının da rolunun olduğunu bildirib.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi Azərbaycanda iqtisadi sahədə aparılan çevik islahatlar barədə fikirlərini bildirib, Fondun bu addımları dəstəklədiyini vurğulayıb. Qeyd edilib ki, hökumət tamamilə doğru olaraq hazırkı dövrdə özəl sektorun dəstəklənməsini prioritet istiqamət kimi müəyyənləşdirib.

Görüşdə cari ilin gözlənilən makroiqtisadi göstəriciləri barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Digər xəbərlər