23 C
Baku
Thursday, April 25, 2024

Çin bazara daha 70 mlrd. dollar çıxarıb

Çin Xalq Bankı (mərkəzi bank) bu gün ölkənin maliyyə sisteminə 340 mlrd. yuan (52 mlrd. dollar) həcmində maliyyə resursları təqdim edib. Əməliyyat əks-repo aləti (əsasən bir həftəlik, illik 2,25% gəlirliklə) vasitəsilə həyata keçirilib. Bu, artıq ÇXB-nin həftə ərzində maliyyə sisteminə ikinci analoji intervensiyasıdır. Bundan öncə, fevralın 23-də Bank yenə də əks-repo əməliyyatı vasitəsilə maliyyə sisteminə 130 mlrd. yuan (20,1 mlrd. dollar) həcmində likvid vəsait verib. Likvidliyin artmasına baxmayaraq, Şanxay Fond Birjası indeksi (Shanghai Composite) 4%-ə yaxın azalaraq 2 800 bəndə düşüb.

Analitik qrup hesab edir ki, investorlar ÇXB-nin həftə ərzində ikinci dəfə maliyyə bazarlarını ümumilikdə 70,1 mlrd. dollarlıq likvidliklə təmin etməsini müsbət qarşılamayıblar. Maliyyə sistemində olan yuan qıtlığı dollara cari tələbatın artması ilə bağlıdır və Shanghai Composite indeksinin 1 il ərzində iki dəfəyə yaxın azalması, Çin iqtisadiyyatının yavaşlamasının ilkin göstəricisi hesab olunur. Səhmləri satmağa can atan investorlar və iqtisadiyyatın yavaşlaması ilə xaricdən alınan kreditlərini bağlamağa çalışan biznes sahiblərinin dollara tələbatı artıb. Ötən il valyuta ehtiyatları 1 trln. dollar əriyən Çində bu ilin yanvarında da təxminən 100 mlrd. dollar valyuta satışı həyata keçirilib. Bu tendensiyanın davam etməsi və yuanın devalvasiyası ehtimalları ilə bağlı fikirlər getdikcə maliyyə bazarlarında güclənir.

Qeyd edək ki, bu həftə Şanxayda G-20 ölkələrinin maliyyə nazirləri və baş bankirlərinin sammitində qlobal iqtisadi problemlərin müzakirə olunacağı gözlənilir. Görüşdə dünya iqtisadiyyatının canlandırılması üçün tövsiyələrin irəli sürüləcəyi bildirilir. Habelə, sammitdə proteksionist maliyyə siyasətinin bütün formalarından və “rəqabət” devalvasiyasından imtina edilməsinə dair razılığa gəlinəcəyi ehtimal olunur.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər