5 C
Baku
Friday, March 29, 2024

Çin devalvasiya etməyəcəyinə söz verib

Çin höküməti fevralın 26-27-də Şanxayda keçirilən G-20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin sammitində devalvasiya etməyəcəyinə və islahatlar keçirəcəyinə söz verib. 

“Kommersant” qəzetinin verdiyi xəbərə görə, G-20 iştirakçılarının fikrincə, 2008-ci ildən maliyyə tənzimçiləri tərəfindən tətbiq olunan monetar siyasətdə yumşalmalar iqtisadi artımı stimullaşdırmaq üçün kifayət etməyib. G-20 ölkələrinin hökümətləri ÜDM-i dəstəkləmək üçün fiskal metodlara əl atmalıdır. Buna baxmayaraq, sammitdə konkret fikirlər səslənməyib. Lakin iştirakçılar Çin hökümətinin ixracı və ÜDM-i artırmaq üçün yuanı zəiflətməyəcəyi barədə verdikləri zəmanəti müsbət qarşılayıblar.

G-20 iştirakçıları hazırda qlobal iqtisadiyyat üçün mövcud olan ən böyük risklərin maliyyə bazarlarının volatilliyi, ucuz xammal qiymətləri və B.Britaniyanın Avropa İttifaqından çıxma ehtimalının yaradacağı iqtisadi şok olduğunu bildirib. Qeyd edək ki, sonuncu amilin yarada biləcəyi risk ölkənin maliyyə naziri Corc Osbornun təşəbbüsü ilə kommunikeyə daxil edilib.

Sammitdə qəbul olunmuş müştərək sənəddə “ani valyuta məzənnəsi dəyişikliyi”nin yaradacağı əlavə risklər barədə yazılıb və bu mövzu əsas diqqət mərkəzində olub. Belə ki, ABŞ-ın maliyyə naziri Ceykob Lyuya görə, yuanın kəskin devalvasiyasının baş verməməsi maliyyə bazarlarında sabitliyin başlıca şərtidir. Çin Mərkəzi Bankının sədri Çjou Syaoçuan isə öz növbəsində sammit iştirakçılarını ixracı artırmaq naminə yuanı zəiflətməyəcəyini, ümumiyyətlə yuanın devalvasiyası üçün səbəb görmədiyini bildirib. O qeyd edib ki, Mərkəzi Bank xarici maliyyə şirkətlərinin (hedc fondları istisna olmaqla) daxili banklararası istiqraz bazarına daxil olmaq şərtlərini yumşaldıb. Bu bazarın həcmi 50 trln. yuan və ya 5,4 trln. dollara bərabərdir. Bu qərarın ölkədən kapital axınını azalacağına və borc bazarına yeni sərmayənin gəlməsinə şərait yaradacağı gözlənilir. MB sədri həmçinin, borc yükünün ÜDM-də xalis çəkisinin yüksək olduğunu və hər keçən gün daha da artdığını qeyd edərək, bu problemə diqqət ayrılmasının vacibliyini vurğulayıb.

Report

Son xəbərlər
Digər xəbərlər