Collison qardaşlarının tarixçəsi: kənddənsinizsə $9 milyardlıq startapı necə yarada bilərsiniz?

Patrick və John Collison qardaşları bu il Forbes nəşrinin dünyanın ən varlı insanları siyahısında yer aldı. Bundan əlavə, 27 yaşlı John (Patrickin 29 yaşı var) sərvətini sıfırdan toplamış ən gənc milyarder elan edildi. Ona qədər bu titul Johndan yaşca iki ay böyük olan Snap rəhbəri Evan Spiegelə məxsus idi.

Collison qardaşlarını varlı edən Stripe elektron ödəniş xidmətidir. Qardaşlar sözügedən bu xidməti 2010-cu ildə yaradıb. 2016-cı ilin noyabrında Stripe 9 milyard dollar qiymətləndirilmə ilə 150 milyon dollar investisiya cəlb etdi. Yatırım edənlər isə Elon Musk, PayPal şirkətinin digər təsisçisi Peter Thiel, həmçinin Sequoia Capital vençur fondu idi.

Banker.az irland kəndindən olan qardaşların Forbes siyahısına qədər keçdikləri yolun tarixçəsindən bəhs edəcək:

İrland kəndində keçən uşaqlıq:

John və Patrick Collison İrlandiyanın Limerik şəhərində dünyaya gəliblər. Ailə daha sonradan mərkəzi İrlandiyada Drominir kəndində məskunlaşır. Qardaşlar adi kənd məktəbində təhsil alır. Dərslər sıxıcı olduqda, onlar parta altında kitab oxuyurdular.

Patrick Collisonun sözlərinə görə, kənddə uşaqların inəklərin arxasınca qaçmaqdan başqa edəcək bir şeyləri yoxdu. Qardaşlar bekarçılıqdan proqramlaşdırma ilə məşğul olmağa başlayır. O deyib: “Şənbə günü mağazaya getdim, proqramlaşdırmaya aid kitab aldım və proqramlaşdırmağa başladım. Elə ilk gündəcə öz ilk saytımı yaratdım və kitab o qədər yaxşı kitab idi ki, bunu etməkdə mənə heç kim kömək etmədi”.

Patrick Collison 16 yaşında yaratdığı şəxsi proqramlaşdırma dili və süni intellektlə işə görə “İlin gənc alimi” mükafatı ilə təltif edilir. Adətən İrlandiyada məktəblilər buraxılış imtahanlarını vermək üçün 2 il sərf edirlər. Collison 30 imtahanı mükəmməl nəticə ilə 20 gün ərzində verir.

İmtahanlarını həll edən gənc məzun təhsilini ABŞ-da Massaçusets Texnoloji universitetində davam etdirir. Bir neçə il sonra, bütün bu illər ərzində Patrickin proqramlaşdırma üzrə yarışdığı qardaşı John da ABŞ-a Harvard universitetində təhsil almağa yollanır.

İlk milyonlar və milyard dollarlıq ideya:

Qardaşlar təhsillərinin ilk ilində Limerikdə sifarişlər kompüter proqramlarının yazılışı ilə məşğul olan Suppa şirkətini təsis edirlər. Lakin İrlandiyada maliyyələşmə cəlb etmək mümkün olmur, bu səbəbdən də startap Kaliforniyaya köçürülür. Burada, Y-Combinator biznes inkubatoru sayəsində qardaşlar nəhayət inkişaf üçün pul tapa bilir.

Patrick Collison Y-Combinatorda startapın adını Auctomatic olaraq dəyişir. 19 yaşlı Patrick və 17 yaşlı John Collison 2008-ci ilin mart ayında onu 5 milyon dollar qarşılığında kanadalı Live Current Media-ya satırlar. Bununla da, irlandiyalı yeniyetmələr dollar milyonçusuna çevrilir. Tezliklə böyük qardaş universiteti ataraq Live Current Media-da texniki direktor işləməyə yollanır.

2009-cu ildə John Collison Harvardda təhsilinə başlayır. O öz təhsilini bir neçə IT-layihələrdə işləyərək idarə edirdi. Onların hər biri müxtəlif platformalar vasitəsilə Johna ödəniş edirdi və ödənişi qəbul etmək rahat deyildi. O bu problemi dəfələrlə qardaşı ilə müzakirə etmişdi. Beləliklə, qardaşlar istənilən tranzaksiyanı mərkəzləşmiş şəkildə qəbul etməyə imkan verən xidmət yaratmaq ideyası üzərində düşünməyə başlayır. Onlar 2010-cu ildə onun üzərində işləməyə başlayır.

Şirkət ilk olaraq Dev/Payments adlanırdı, lakin bu ad həddindən artıq çətin və rahat deyildi. Uzun müzakirələrdən sonra qardaşlar qısa və rahat Stripe adı üzərində dayanır. Stripe.com domeni Massaçusets texnoloji universitetinin məzunlarından birinə məxsus idi. Qardaşlar bu domeni bir neçə min dollar qarşılığında alırlar.

İnkişaf və milyardlar

Layihə üzərində altı aylıq işdən sonra Collison qardaşları həqiqətən də dəyərli bir şeyin üzərində işlədiklərini anlayır və bütün zamanlarını Stripe-a həsr etməyə qərar verirlər. Bunun üçün Patrick işini, John isə Harvardı tərk edir. Qardaşlar şirkətin böyük gələcəyinin olduğunu və ilkin mərhələlərdə investisiyaya ehtiyac duymadığını dərk etməklərinə baxmayaraq, investorlara kömək üçün müraciət etməyə qərar verirlər. Söhbət beynəlxalq ödəniş sistemindən getdiyindən, nəhəng müştərilərin cəlb edilməsi üçün 20 yaşlı startapçılar üçün ciddi bir şəxsin öhdəliyi tələb olunurdu.

Patrick Collison yenidən kömək üçün Y-Combinatora müraciət edir. Burada Stripe xidmətinin inkişaf etdirilməsi üçün bir neçə on min dollar ayrılır. Tezliklə biznes inkubatora PayPal şirkətinin həmtəsisçisi Peter Thiel gəlir. Qardaşlarla tanışlıqdan sonra Thiel şirkətə yatırım etməyə qərar verir. Nəticədə qardaşlar Thiel və Elon Muskdan, həmçinin Sequoia Capital və SV Angel da daxil olmaqlq bir sıra vençur fonddan 2 milyon dollar investisiya cəlb edə bilir.

 

Stripe ilk növbədə istifadəsi zamanı sadəliyinə görə digər platformalardan fərqlənir. Ödəniş qəbul etmək üçün qeydiyyatdan keçmək kifayətdir. Hazırda şirkətin təqribən 100 000 müştərisi var. Stripe kartlar üzrə həyata keçirilmiş tranzaksiyalardan 2,9% komissiya haqqı tutur. Əgər tranzaksiya lap çoxdursa, komissiya aşağıdır. Şirkət öz platformasında illik olaraq həyata keçirilən tranzaksiya həcmini açıqlamasa da, bəzi qiymətləndirmələrə görə, bu məbləğ 50 milyard dollar təşkil edir.