“Dəmir Bank”ın qorunan əmanətlərinin qaytarılmasında nə çətinlik var?

Məlumat var ki, Əmanətlərin Sığortalanması Fondu (ADIF) ötən ilin sonunda müflis elan edilmiş “Dəmirbank”ın sığortalanmış əmanətlərinin bir qismini də qaytarmaqdan imtina edir.

Banker.az bildirir ki, bu barədə hüquqşünas və bank məsəlləri üzrə ekspert Əkrəm Həsənov deyib.

Hüquqşünas bildirir ki, bu dəfə səbəb odur ki, əmanət müqaviləsi müddəti bitdikdən sonra faiz dərəcəsi bank tərəfindən qorunan əmanətlər üçün nəzərdə tutulan maksimal səviyyədən yuxarı artırılıb.

Məsələn, vətəndaş 1 illik 15%-lə manat əmanəti qoyub. Müddət bitəndən sonra vətəndaş əmanətini götürməyə gəlməyib və bank birtərəfli qaydada faiz dərəcəsini 15,5%-ə çatdırıb.

“Xatırladıram ki, milli valyutada qorunan əmanətlər üzrə maksimal faiz dərəcəsi 15% olduğu üçün sözügedən halda əmanət artıq sığortasız hesab edilir. Eyni ilə xarici valyutadakı əmanətlər üzrə maksimal faiz dərəcəsi 3%-dir, onu da müddət bitən kimi guya bank artırıb.

Məsələnin həqiqi mahiyyətini başa düşmək üçün nə hüquqşünas olmaq lazımdır, nə də maliyyəçi! Nə vaxtdan banklar könüllü olaraq birtərəfli qaydada (əmanətçinin xəbəri belə olmadan!) müddəti bitmiş əmanətlər üzrə faiz dərəcəsini artırmağa başlayıb? Nə vaxtdan banklarımız belə əliaçıq olub? Aydın məsələdir ki, bu hoqqa sırf əmanətin sığortasız qalması üçün həyata keçirilib. Bunu ya bank “sağlığında” edib (Əmanətlərin Sığortalanması Fonduna sığorta haqqı ödəməmək üçün), ya da indi Əmanətlərin Sığortalanması Fondu köhnə tarixlə edib ki, əmanətləri kompensasiya etməkdən yayınsın (bunu artıq hüquq-mühafizə orqanları araşdırmalıdır).”

Lakin bunun kim tərəfindən edilməsindən asılı olmayaraq həyata keçirilmiş bu faiz artımını Əkrəm Həsənov qanunsuz sayır: “Belə ki, Mülki Məcəllənin 947.4-cü maddəsinə əsasən əmanətçinin müddətli əmanətin məbləğini müddət qurtardıqdan sonra qaytarmağı tələb etmədiyi hallarda müqavilə tələbli əmanətin şərtləri ilə uzadılmış sayılır, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın. Məlum olduğu kimi, tələbli əmanətin faiz dərəcəsi müddətli əmanətin dərəcəsindən qat-qat aşağı olur. Buna görə də faiz dərəcəsi artmalı deyil, əksinə, azalmalı idi.

Hər bir halda Mülki Məcəllənin 950.1-ci maddəsinə görə banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə təmin etməlidirlər. Məcəllənin 950.3-cü maddəsinə əsasən bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir. Buna görə də qorunan (sığortalı) əmanət heç bir halda bankın birtərəfli hərəkəti nəticəsində qorunmayan (sığortasız) əmanətə çevrilə bilməzdi. Vətəndaş müqavilə bağlayarkən əmanətinin qorunan olmasına dair iradəsini birmənalı ifadə edib və sonradan onu dəyişməyib!
Buna görə də belə halla qarşılaşan əmanətçilər Əmanətlərin Sığortalanması Fondundan əmanətin kompensasiya edilməsini tələb etsinlər. Fond vəzifəsini icra etməsə, məhkəməyə müraciət etsinlər.”

Ekspert Əkrəm Həsənov bildirir ki, digər banklarda əmanət saxlayanlar isə bu bankın əmanətçilərinin aqibətindən ibrət alsın və ehtiyatlı olsunlar, o cümlədən müddətin bitməsi məsələsində diqqətli olsunlar.

“Ümumən isə əmanətçilərə tövsiyəm odur ki, bankla hər hansı danışıqları yazılı formada etsinlər və müraciətlərinin banka təqdim edilməsi barədə təsdiqi saxlasınlar.” – deyə o bildirir.