“DəmirBank” ın kreditorlarına yenə xəbərdarlıq edildi – üçüncü bildirirş

Ləğv prosesində olan “DəmirBank” ASC-nin Kreditorlarına bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu (ADİF) üçüncü dəfə xəbərdarlıq edib.

Banker.az bu barədə ADİF-ə istinadən xəbər verir.

Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi tərəfindən “DəmirBank” ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 27 dekabr 2017-ci il tarixli qərar qəbul edilib. Eyni qərarla “DəmirBank” ASC-yə  ADİF 27 dekabr 2017-ci il tarixindən ləğvedici təyin edilib.

Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə  alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

–       kreditorun adı və ünvanı;

–       tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

–       tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan xahiş olunur ki, birinci elanın dərc edildiyi gündən (“Xalq Qəzeti”nin 5 yanvar 2018-ci il buraxılışı) 60 (altmış) gün ərzində “DəmirBank” ASC-nin ləğvedicisi təyin edilən Əmanətlərin Sığortalanması Fonduna aşağıda qeyd edilən ünvana müraciət etsinlər:

Bakı şəhəri, Qarabağ küçəsi, 31, ləğv prosesində olan “DəmirBank” ASC-nin “Əməliyyat idarəsi” filialı.

 

Əlavə məlumatlar ücün əlaqə nömrələri:

( 99412) 444-71-71

( 99412) 447-77-44

( 99412) 596-65-91

Qaynar xətt – 941.


Ləğv prosesində olan “DəmirBank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 1 fevral 2018-ci il tarixindən etibarən “KapitalBank” ASC-nin filiallarında başlanılacaq və həmin tarixdən qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi təmin olunacaq.

Əlavə olaraq əmanətçilərin diqqətinə çatdırılır ki, 2 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən və Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə tətbiq edilən maksimal illik faiz dərəcəsi – milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində təsdiq edilib və Fondun iştirakçısı olan banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.

Ərizə formalarını qorunan əmanətçilər 1 fevral 2018-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti, 40 və Bakı şəhəri, Babək prospekti, 16, ünvanında yerləşən ofislərindən, aşağıda qeyd edilən “KapitalBank”-ın filiallarından və ya ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilər.

Aşağıdakı cədvələ uyğun olaraq qorunan əmanətçilər ləğv prosesində olan  “DəmirBank” ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən “KapitalBank” ASC-nin filialına 1 fevral 2018-ci il tarixindən müraciət edərək, şəxsiyyətini təsdiq edən sənəd, əmanət müqaviləsi və doldurulmuş ərizələri əsasında kompensasiyalarını ala bilərlər.

 

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının  22 dekabr 2017-cı il tarixli qərarı ilə “DəmirBank” ASC–yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilib.