“Dəyəri artmış manat hətta Azərbaycan hökuməti üçün də sərfəli deyil” – ekspert

“Milli valyutanın stabilləşməsindən danışmağa dəyməz. Hətta neft qiymətləri bir qədər bahalaşsa və 1 barrel üçün 50-55 dollar səviyyəsində qalsa belə, manatın gələcəkdə möhkəmlənmə şansı yoxdur. Azərbaycan milli valyutasının dəyəri şişirdilib”.

Banker.az xəbər verir ki, bu fikirləri Azərbaycan vəkillər kollegiyasının üzvü, bank eksperti Əkrəm Həsənov Echo.az saytına bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycan Respublikasının Mərkəzi bankı bazarda pul kütləsinin sıxılması sayəsində manatın məzənnəsini süni şəkildə qoruyub saxlaya bilir.

“Dolların məzənnəsinin nisbi olaraq stabil saxlanılması sonsuz olaraq davam etməyəcək, buna görə də, ölkənin maliyyə orqanları gələcəkdə manatın dəyərini artıra bilməyəcəklər və bunu etməyəcəklər. Üstəlik, ilin sonuna yaxın, dövlət büdcəsini doldurmaq mütləq olduqda, qiyməti şişirdilmiş manat hətta hökümət üçün də sərfəli olmayacaq” – deyə Həsənov bildirib.

Onun sözlərinə görə, ucuz manat dövlət maliyyə orqanları üçün xilas rolunu oynayır.

“Məsələn, Azərbaycan Maliyyə nazirliyi devalvasiyada maraqlıdır. Buna görə də, manat qısa zaman ərzində cari səviyyədə saxlanılacaq, lakin daha sonra “ödəniş zamanı” yetişəcək. Manatın devalvasiyası – zaman məsələsidir və gözləmək üçün az vaxt qalıb” – Həsənov qeyd edib.

Ekspert həmçinin qeyd edib ki, rus rublu ilə manatı müqayisə etmək lazım deyil.

“Rublun dəyərini hökumət orqanları deyil, bazar təyin edir. 2014-cü ildən etibarən rubl manatdan fərqli olaraq sərbəst üzməyə keçid edib. Lakin bizim rubldan üstün cəhətimiz ondan ibarətdir ki, hazırda rublun dəyəri yalnız neft qiymətlərindən deyil, həmçinin qərb sanksiyalarından da asılıdır. Buna görə də, rublun bu nöqteyi-nəzərdən də problemləri ola bilər, axı, sansksiyalar hətta neft qiymətlərinin bahalaşması fonunda belə rubla mənfi təsir etdi. Manat mövcud konyuktura ilə ilin sonuna qədər özünü qoruyub saxlaya bilər, lakin əlbəttə ki, iqtisadiyyata pul buraxılsa” deyə ekspert fikrini tamamlayıb.

Son günlərin populyar mövzularından biri də avronun manata nəzərən bahalaşması oldu. Bu mövzu sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.

İqtisadçı Natiq Cəfərli “yeni devalvasiya dalğası”-nı şərh edib:

“Avronun Azərbaycanda bahalaşması dünyada baş verən bir sıra iqtisadi və siyasi hadisələr ilə əlaqədardır. Belə ki, Avropa Mərkəzi bankı (AMB) kəmiyyət yumşaldılması proqramı çərçivəsində avronun emissiyası ilə bağlı planlarını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır. Bununla əlaqədar olaraq, investorlar bu valyutanın tezliklə bahalaşacağına ümid edərək onu almağa başladılar.

Almaniyada keçiriləcək seçkilər və Yunanıstanın 2014-cü ildə maliyyə böhranının başlaması anından ilk dəfə olaraq dövlət istiqrazları buraxmaq planları da avro məzənnəsinə təsir edir. Bundan əlavə, ABŞ-da yaşanan siyasi qeyri-stabilliyi də qeyd etmək lazımdır. Ölkədə baş verənlər həmçinin dolların dünya valyutalarına nəzərən məzənnəsinə də təsir edir.

Azərbaycan Mərkəzi Bankı isə öz növbəsində diqqətini manat-dollar məzənnəsinə yönəldib. Manatla münasibətdə dollar məzənnəsini stabilləşdirən Mərkəzi bank milli valyuta ilə münasibətdə avronun məzənnəsini əhəmiyyətli dərəcədə qaldırmalı idi.

Avronun manata nəzərən məzənnəsinin artması avrozonadan ölkəmizə idxal edilən məhsulların qiymətinin bahalaşmasına səbəb olacaq. Bu qiymət artımı isə əsas olaraq dərman, avtomobil, ehtiyat hissələri və qida məhsullarına şamil olunacaq” – deyə Natiq Cəfərli vurğulayıb.