8 C
Baku
Thursday, March 28, 2024

Daha təsirli iqtisadi tədbirlər devalvasiya ehtimalını azaldır

İqtisadçı ekspert Elman Sadıqov son dövrlər qonşu ölkələrdə baş verən proseslərin Azərbaycan manatına olan təsiri haqqında Banker.az öz fikirlərini bildirmişdir.

Onun sözlərinə görə, ölkəmizin 3 əsas qonşusu ABŞ-ın iqtisadi sanksiyalarına məruz qalmaqdadır. Türkiyə, Rusiya və İranın Azərbaycanın ən aktiv və xüsusilə qeyri-neft sektorunda yüksək payı olan ölkələr olması və digər məsələlər dəfələrlə qeyd olunduğu üçün təkrara ehtiyac yoxdur. Məsələyə fərqli prizmadan yanaşmağa çalışaq.

Ən çox müzakirə mövzusu devalvasiyanın olub olmayacağıdır. Məsələnin qoyuluşu yanlışdır. Çünki, hazırda ölkənin öz daxili şəraiti və reallıqları, neftin qiyməti, tədiyyə balansının profisiti (bu profisit hər nə qədər kövrək olsa da) manata təzyiqin olmadığını göstərir. Müzakirə mövzusu bu sanksiyaların ölkəmizin iqtisadiyyatına gözlənilən təsirləri olmalıdır. Birincisi, düşünürəm ki, hazırda qonşu ölkələrdə yaranan vəziyyətin ölkəmizin iqtisadiyyatına təsirləri ölçülür, təhlillər aparılır. Yaranmış və yaranmaqda olan risklər müəyyən olunur, həmin risklərin yumşaldılması tədbirləri görülür və görüləcəkdir. Təhlillər göstərir ki, əslində hər 3 ölkəyə qoyulan sanksiyalar (bu sanksiyaların mahiyyəti, əhatə dairəsi və xüsusiyyətləri ölkələrə görə fərqlənsə də nəticələri eynidir; həmin ölkələrin valyutalarını dəyərdən salır və iqtisadiyyatı zəiflədir) elə Azərbaycana da dolayısı yolla qoyulmuş sanksiyalar deməkdir. Çünki, ölkəmiz dolayı yolla həmin sanksiyaların təsirinə məruz qalmaq riski ilə üzləşir. Lirə və rialın dəyərdən düşməsi ölkəmizə xüsusilə kənd təsərrüfatı mallarının, o cümlədən tikinti məhsulları daxil olmaqla ölkəmizdə istehsal olunan digər məhsulların istehsalını yüksək risk altına qoyur. Digər tərəfdən rublun dəyərdən düşməsi Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsulları üzrə gəlirliyi minimuma endirir. Rusiyada istehsal olunan malların ölkəmizə idxalını daha cəlbedici edir. Deyilənləri ümumiləşdirsək, hər 3 ölkə üçün Azərbaycan daha çox məhsul satışı üçün rəqabət meydanına çevrilə bilər. Bu isə ölkədən valyuta axınını da sürətləndirər, istehsalı da məhv edər.

Vəziyyət bu cür davam edərsə, 1 dolların 70 Rusiya rublunu, Türkiyədə isə 7, daha sonra 7.5, addım atmazsa 9-10 lirəyə qədər ucuzlaşacağı inandırıcıdır. İranda vəziyyət daha qarışıqdır. Ölkədə 2-3 kurs vardır. Rəsmi kurs isə real bazar kursundan azı 2-3 dəfə fərqlənir (ucuzdur). Biz USD/RUR və USD/AZN paritetlərini analiz etdikdə görürük ki, 1 dollar 70-75 rubl həddi Azərbaycan üçün pis olsa da katastrofik risk daşımır. 1 dollar 75 rubl həddini keçərsə risk dərəcəsi çox yüksək olar. Türkiyə lirəsində isə paritet analizləri göstərir ki, 1 dolların 4.2 lirədən baha olması idxal təzyiqini nisbətən artırır. Lakin, 1 dolların 5 lirədən baha olması riskləri artırsa da idarəolunan həddə olur, 6 lirəni keçməsi isə idxal təzyiqinin artması üçün yüksək risk deməkdir. İran rialı isə artıq bütün risk hədlərini keçmişdir.

İlk baxışda bu hal devalvasiyanın qaçılmaz olduğunu göstərsə düşünürəm ki, yanıldıcı yanaşmadır. Xüsusilə, aşağıdakı səbəblər devalvasiya riskini, daha sadə dillə desək ehtimalını azaldır:
– Türkiyə və Rusiyadakı mövcud vəziyyət, xüsusilə yerli valyutaların dəyərdən düşməsi təbii iqtisadi amillərdən deyil, tətbiq olunan sanksiyalar səbəbindəndir. Xüsusilə Türkiyəyə qarşı sanksiyaların uzunmüddətli olacağı ehtimalı azdır;
– Neftin qiymətinin 60 dollardan yuxarı olması manata olan təzyiqləri minimallaşdırır;
– Bu kimi vəziyyətlərdə devalvasiya yeganə çıxış yolu olmur. Devalvasiya həm də nisbi anlayışdır. Tutaq ki, bu gün müəyyən faiz nisbətində devalvasiya oldu. Sabah həmin ölkələrdəki valyutalar daha da uzuşlaşsa onların ardınca gedəcəyik? O halda biz özümüz-özümüzü sanksiyaların təsiri altına atmış olarıq. Digər tərəfdən, xüsusilə İranda sanksiyaların (daha sərt olduğu üçün) davamlı və daha təsirli olacağı gözlənilir.
Bu və digər səbəblərdən qonşu ölkələrdəki devalvasiyaların ölkə iqtisadiyyatının hansı sahələrinə hansı səviyyədə mənfi təsir edəcəklərini müəyyənləşdirərək həmin təsirləri minimallaşdırmaq üçün tədbirlər görüləcəkdir. Bu tədbirlərdən ən təsirlisi və zaman-zaman bir çox ölkələrdə də tətbiq olunanı proteksionist siyasəti daha da gücləndirməkdir. Kənd təsərrüfatı, digər istehsal sahələrini gömrük sistemi vasitəsilə iqtisadi tənzimləmələrin effektiv tətbiqinə nail olmaqdır. Burada rüsum və tarif artımı nəzərdə tutulmur. Bu tədbirlər normal iqtisadi şəraitlərdə daha çox tətbiq olunur. Xüsusilə İran və Türkiyədə valyutaların dəyərsizləşməsi o qədər sürətlə davam edir ki, rüsum və tarif artımının effekti olmaz, əksinə, daha riskli vəziyyət yaradar. Həm idxal, həm bahalaşma davam edər, istehsal isə məhv olar. Burada ən effektiv yol kvota təyinidir ki, öncəki məqalə və müsahibələrimdə bu məsələyə geniş toxunduğum üçün təkrara yol vermək istəmirəm.

Ümumiyyətlə, bu proseslərin nə ilə nəticələnəciyini müəyyən etmək çətindir. Türkiyənin vəziyyəti düzəltmək şansı daha çoxdur. Rusiya ilə bağlı Krım və Ukrayna məsələsi daha prinsipial xarakter daşıdığı üçün nisbətən çətindir. Nə qədər qəribə görünsə də, İranın şansı hələ də qalmaqdadır (ABŞ danışıqlar üçün açıq olduğunu bildirib). Lakin, danışıqlar olmasa ən sərt sanksiyalar da İrana tətbiq olunduğu və İranla bağlı risklərin daha yüksək olduğu üçün ən ciddi mənfi təsirlərin də (həm də uzunmüddətli) İranla bağlı olacağı ehtimalı yüksəkdir.

Sonda onu da vurğulamaq istəyirəm ki, qonşu ölkələrdəki valyutaların dəyərdən düşməsi manatın dəyərdən düşəcəyi demək deyildir. Əvvəla, neftin hazırki qiymətləri manata olan təzyiqləri minimallaşdırır. İkincisi, bu hadisələrin manata təsiri birbaşa deyil, dolayıdır. Bu dolayı təsir isə getdikcə ucuzlaşmaqda olan idxal və nəticədə yarana biləcək valyuta axını vasitəsilədir. Biz bu dolayı təsirlərin risklərini minimallaşdırsaq, o zaman manata olan təzyiqi də minimuma endirmiş olarıq. Xüsusilə mövcud şəraitdə devalvasiya çıxış yolu deyil. Məhz bu səbəblərdən mövcud şəraitdə devalvasiyaya getmədən qeyd etdiyim və etmədiyim bir çox iqtisadi resursların dəstəyi ilə görüləcək tədbirlərin effektiv olacağı şansı daha çoxdur.

Son xəbərlər
Digər xəbərlər