İnfrastruktur

From ..::Banker.az::..
Jump to: navigation, search

İnfrastruktur (infrastructure) – əsas maddi istehsal sahələrinə, sənayeyə, k.t., tikintiyə, əhaliyə xidmət edən təsərrüfat sahələri (nəqliyyat, şose yolları, dəmiryol xətləri və su bərələri, kanal, liman, boru kəmərləri, anbar və s. tikililər, enerji və qaz təsərrüfatı, ticarət, maddi-texniki təchizat, rabitə və telekommunikasiya sistemləri, su təchizatı, kanalizasiya, ümumi və peşə təhsili, elmə və səhiyyəyə çəkilən xərclər və s.) kompleksi, məcmusu. Bunlara bəzən sabit sərmayələr də deyilir. Bu sahələrə bir çox hallarda təhsil, səhiyyə, kitabxana xidməti və s. sahələr də əlavə edilir. Təyinatından göründüyü kimi, infrastruktura qoyulan xərclər tezliklə qazanc gətirmir. Bu səbəbdən də həmin sahələrə sahibkarlar çox vaxt maya qoyuluşundançəkinirlər. Odur ki, belə sahələri inkişaf etdirmək əsasən dövlətin üzərinə düşür. Öz imkanı olmadığı hallarda dövlət bu sahəni inkişaf etdirmək üçün çox zaman Dünya Bankından uzunmüddətli kreditlər alır. Xüsusilə əhali miqrasiyasının qarşısının alınması, yeni ərazilərin istifadəyə verilməsi ilə bağlı məsələlərin həllində infrastrukturun daha sürətli inkişafı planlaşdırılır. Ölkədə infrastruktur iki qrupa bölünür: a) istehsal infrastrukturu (bu, bilavasitə maddi istehsal sahələrinə xidmət göstərir); b) sosial infrastruktur (buraya ümumi və peşə təhsili və səhiyyə daxildir). İstehsal infrastrukturuna daxil olan sahələrin heç biri məhsul istehsal etmir, lakin istehsal prosesini bunlarsız davam etdirmək mümkün deyil. Yeni ərazilərin istifadə edilməsi, hər şeydən əvvəl, istehsal infrastrukturunun yaranmasını tələb edir. Sosial infrastruktur əhaliyə xidmət edən idarələr, qurğular sistemidir (məsələn, sərnişin nəqliyyatı, əhaliyə məişət xidməti idarələri və s.). İqtisadiyyatın inkişafının səmərəliliyi, əhalinin həyat şəraitinin yaxşılaşması bilavasitə infrastrukturun inkişaf səviyyəsindən asılıdır. Beləliklə, ölkədə iqtisadisosial inkişafın təmin edilməsində infrastruktur mühüm rol oynayır.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı