Rüsumlardan azadetmə

From ..::Banker.az::..
Jump to: navigation, search

Rüsumlardan azadetmə (duty exemption) – rəsmi qanunvericiliyə əsasən, gömrük rüsumlarından aşağıdakılar azad edilirlər:

a) yüklərin, baqajın və sərnişinlərin beynəlxalq daşımalarını həyata keçirən nəqliyyat vasitələri, habelə onların yol boyu, dayanacaqlararası məntəqələrdə normal istismarı üçün lazım olan və ya həmin nəqliyyat vasitələrinin qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları, yanacaq, ərzaq və digər əmlak;

b) dənizdə balıq ovlayan Azərbaycan Respublikası gəmilərinin və Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən icarəyə (fraxta) götürülmüş gəmilərin fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, yanacaq, ərzaq və başqa əmlak, habelə həmin gəmilərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;


c) rəsmi, yaxud şəxsi istifadə üçün xarici ölkələrin nümayəndələri tərəfindən və ya Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə və Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə bu cür malları rüsumsuz gətirmək və rüsumsuz çıxarmaq hüququna malik olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar;

ç) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, gömrük sərhədi ərazisindən çıxarılan Azərbaycan Respublikasının valyutası və bu əraziyə gətirilən xarici valyutalar (numizmatika məqsədilə istifadə olunanlardan başqa), qiymətli kağızlar;

d) Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlətin mülkiyyətinə keçirilməli olan mallar; d) qəza və dağıntıların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə və ya humanitar yardım kimi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar, o cümlədən məktəblər, məktəbəqədər müəssisələr və müalicə ocaqları üçün pulsuz dərs vəsaitləri;

e) texniki yardım da daxil olmaqla, təmənnasız yardım və xeyriyyə məqsədilə dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar, habelə qrant haqqında müqaviləyə və ya qərara əsasən, qrant kimi alınan pul və (və ya) digər maddi yardımlar;

ə) üçüncü ölkələr üçün nəzərdə tutulmuş və Azərbaycan Respublikasının gömrük ərazisindən tranzit rejimi ilə gömrük nəzarəti altında keçən mallar;

j) Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən fiziki şəxslər tərəfindən istehsal və kommersiya təyinatı olmayan və yalnız şəxsi istifadə üçün çıxarılan mallar;

i) Azərbaycan Respublikasının ərazisinə qaytarılan milli mədəniyyət sərvətləri;

k) yığma komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölkəyə gətirilən idman avadanlığı, texnikası və malları;

l) kütləvi informasiya vasitələri – kütləvi informasiya vasitələri məhsullarının ixracına, habelə fəaliyyətinin təşkili üçün idxal etdikləri avadanlıq, zəruri xammal və digər vasitələrə görə; ı) əməkçi miqrantın qazandığı vəsaitin və bu vəsaitlə əldə etdiyi əşyaların, məişət avadanlıqlarının, həmçinin əmək fəaliyyəti üçün zəruri olan alətlərin, əməkçi miqrant əmək fəaliyyətinə başladıqda və əmək fəaliyyəti sona çatdıqda Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılmasına görə rüsum ödənilmir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı