Təftiş

From ..::Banker.az::..
Jump to: navigation, search

Təftiş (inspection) – dövlət maliyyə nəzarəti standartlarına uyğun olaraq nəzarət obyektinin maliyyə-təsərrüfat fəaliyyətinin konkret dövrünün bütün sahələri əhatə olunmaqla sənədli və faktiki yoxlanılmasıdır. Təftişin məqsədi nəzarət obyektinin maliyyə-təsərrüfat vəziyyəti barədə tam və dürüst məlumatın əldə edilməsindən və nəzarət obyektinin fəaliyyətində maliyyə və təsərrüfat nöqsanlarının, təsərrüfatsızlığın, dövlət vəsaitinin təyinatından kənarlaşdırılması və mənimsənilməsi hallarının aşkar edilməsindən, nöqsanlara yol verilməsinə səbəb olan şəraiti və dövlətə vurulmuş zərərin miqyasını müəyyən etməkdən, zərərin təqsirkar şəxslər tərəfindən bərpası və gələcəkdə belə nöqsanlara yol verilməməsi məqsədilə müvafiq tədbirlər görməkdən ibarətdir. Təftiş aparılarkən aşağıdakı üsullardan istifadə olunur: “seçmə” üsulu – bu üsulla nəzarət obyektinin hər hansı bir sahəsinin müəyyən dövrü seçilərək yoxlanılır və ciddi qanun pozuntusu aşkar olunduğu təqdirdə həmin sahə təftiş üçün müəyyən olunmuş bütün dövrü əhatə etməklə başdan-başa yoxlanılır; “başdan-başa” üsulu – bu üsulla nəzarət obyektini bank və xəzinə hesablarındakı, kassasındakı pul vəsaitlərinin hərəkəti, əməkhaqqının hesablanması və ödənilməsi, material qiymətlərinin, əsas vəsaitlərin, azqiymətli, tezköhnələn əşyaların hərəkəti yoxlanılır. Nəzarət obyektində onun fəaliyyətinin xüsusiyyətlərindən və işin həcmindən asılı olaraq tətbiq ediləcək üsul nəzarətçilər tərəfindən yerində müəyyən edilir. “Seşmə” üsulu ilə aparılan yoxlamalar zamanı nəzarətçilər tərəfindən sahənin, dövrün və əməliyyatların seçilməsi əsaslandırılmalı və bu barədə yekun sənədlərində müvafiq qeydlər edilməlidir. Təftişetmə audit institutlarının pulun norma, qanun və qaydalara uyğun xərcləndiyinə dair rəsmi yoxlamasına istinad edir. Milli və regional audit institutları zəif idarəetmə və ictimai pulun qeyri-münasib istifadəsini aşkarlamaqla dövlət idarəçiliyinə öz töhfəsini verir.


Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı



Təftiş (reviziya) - (latınca - revisio - yenidən baxılma) – müəssisənin, təşkilatın və ya ayrıca vəzifəli şəxslərin təyin olunmuş zaman mərhələsində maliyyə-təsərrüfat fəaliyyətinin sənədli yoxlanışı.



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com