İstehlak büdcəsi

From ..::Banker.az::..
Jump to: navigation, search

İstehlak büdcəsi (consumption budget) – ailənin gəlir və xərclərinin balansı, yaxud ev təsərrüfatının orta statistik büdcəsidir. O, ayrı-ayrı sosial qrupların həyat səviyyəsini xarakterizə edir. Ev təsərrüfatı büdcələrinin seçmə müayinəsi əhalinin həyat səviyyəsinin öyrənilməsi üzrə dövlət statistik müşahidəsi metodu hesab olunur və dövlət statistika orqanları tərəfindən həyata keçirilir. İstehlak büdcəsini xarakterizə edən göstəricilərdən ayrı-ayrı sosial normativlərin (məsələn, mövcud sosial standartlar nəzərə alınmaqla minimum istehlak büdcəsi, bir nəfərin yaşayış minimumu və s.) hesablanmasında istifadə olunur. Ev təsərrüfatı gəlirlərinin heşablanması zamanı ailənin bütün gəlir mənbələri – həm pul formasında gəlirləri (əməkhaqqı, sosial transferlər, sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən gəlirlər və s.) və həm də natura şəklində (güzəştlər, yardımlar, məhsullar və s.) daxilolmaların dəyəri nəzərə alınır. Ailənin son istehlakına çəkilən xərclər ev təsərrüfatının natural gəlirləri məbləğində istehlak xərcləridir. Ev təsərrüfatının bütün pul xərcləri özündə istehlak xərclərini və istehlakla bağlı olmayan xərcləri əks etdirir. İstehlak xərcləri ərzaq məhsullarının, alkoqollu içkilərin, qeyri-ərzaq məhsullarının alınması, habelə əməyin ödənilməsinə çəkilən xərcləri əhatə edir. İstehlakla bağlı olmayan xərclər məcburi ödənişlərdən və müxtəlif üzvlük haqlarından (vergi və yığımlar, sığorta üzrə ödənişlər, ictimai təşkilatlara ödənilən üzvlük haqqı, pul köçürmələri, hədiyyələr və s.) ibarətdir. İstehlak büdcəsi xərclərinə investisiya, xarici valyutaların və qiymətli kağızların alınması xərcləri, bank hesabındakı vəsaitlər daxil deyil.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı