Büdcə təsnifatının beynəlxalq standartları

From ..::Banker.az::..
Jump to: navigation, search

Büdcə təsnifatının beynəlxalq standartları (international standarts on budget classification) – büdcə təsnifatlarının beynəlxalq standartları da mövcuddur. Xüsusən bir çox milli təsnifatların formalaşmasında əsas kimi qəbul edilən Birləşmiş Millətlər Təşkilatının hökumət funksiyalarına uyğun xərc təsnifatını (COFOG) göstərmək olar. COFOG 10 bölmədən ibarətdir:

1. Ümumi dövlət xidmətləri;

2. Müdafiə;

3. İctimai intizam və təhlükəsizlik;

4. İqtisadi əlaqələr;

5. Ətraf mühitin qorunması;

6. Məskunlaşma və icma məsələləri;

7. Səhiyyə;

8. Rekreasiya, mədəniyyət və din;

9. Təhsil;

10. Sosial müdafiə;

Göründüyü kimi, bu təsnifat hökumətin baza funksiyalarına uyğun olaraq və çox lakonik tərtib edilmişdir. Milli büdcə sistemimizi təkmilləşdirərkən BMT-nin həmin təsnifat sistemindən yararlanmaq mümkündür. Bir sıra ölkələr UN COFOG təsnifat sistemini olduğu kimi (məsələn, Slovakiya) və ya modifikasiyalı milli versiyası ilə birgə (məsələn, Latviya) qəbul etmişlər. Beynəlxalq büdcə təcrübəsində büdcə xərcləri elastik olan və elastik olmayan xərclərə bölünür. Azərbaycanda tətbiq edilən dövlət büdcəsinin təsnifat sistemində iqtisadi, funksional və inzibati təsnifatdan istifadə edilir. Proqram əsaslı təsnifata keçid isə planlaşdırılır. Büdcə təsnifatının tərtibində və büdcənin ümumi sistemləşdirilməsində nəzərə alınmalı digər mühüm bir sistem isə Beynəlxalq Valyuta Fondunun 2001-ci ildə işlənib hazırlanmış “Hökumət Maliyyəsi Statistikası”dır (GFS). Bu sənəd maliyyə axınının hərəkətini izləməyə və korporativ mühasibatlığın üstünlüklərinin büdcələşdirmə fəaliyyətinə tətbiqinə imkan verir. Həmçinin bu, makroiqtisadi və fiskal statistikanın daha təkmil forması hesab edilə bilər. Bu sistemin təqdim etdiyi fiskal statistika dövlət sektorunun ölçülərini, onun məcmu tələbə, investisiya və yığıma təsirini, fiskal siyasətin iqtisadiyyata, resurslardan istifadəyə, monetar şərtlərə və borclanmaya təsirini, habelə vergi yükü, tarif siyasəti və sosial müdafiə sistemini təhlil etməyə imkan verir. GFS sektorların və təşkilatların geniş təsnifatı ilə başlayır. Bu belə bir iqtisadi məntiqdən irəli gəlir ki, dövlət maliyyə sisteminin bütün komponentləri və bu sistemin bütün oyunçularının rolu bəlli olmalıdır.


Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı