Dövlət borcu

From ..::Banker.az::..
Jump to: navigation, search

Dövlət borcu (public debt) – dövlətin hüquqi və fiziki şəxslərə, habelə xarici dövlətlərə və beynəlxalq təşkilatlara müvafiq faiz ödənilməklə qaytarmalı olduğu, milli və ya xarici valyuta ilə ifadə edilmiş borc öhdəlikləridir. Dövlət borclanmaya əsasən təxirəsalınmaz sosial-iqtisadi xərclərin maliyyələşdirilməsi və büdcə kəsirinin yerinin doldurulması məqsədilə gedir. Dövlət borcu ötən illərin borcundan və yeni yaranan borcdan ibarət olur. Müddətinə görə isə qısamüddətli, ortamüddətli, uzunmüddətli borc öhdəlikləri fərqləndirilir.

Azərbaycan Respublikasında dövlət borcu aşağıdakı formalarda ola bilər:

1. Hökumətin aldığı kreditlər.

2. Hökumət adından buraxılan qiymətli kağızlar şəklində dövlət istiqrazları.

3. Hökumətin təminat verdiyi digər borc öhdəlikləri.

Dövlət borcu müvafiq xərclərin maliyyələşdirilməsi üçün dövlət zəmanəti ilə alınan və dövlətin öhdəliyi əsasında müəyyən edilmiş müddətlərdə qaytarılması nəzərdə tutulan maliyyə vəsaitidir. Büdcə ili ərzində alınan dövlət borcunun məbləği, onun istifadəsi və dövlət borcuna xidmət göstərilməsi ilə bağlı xərclər dövlət büdcəsində əks etdirilir. Büdcə gəlirlərinin həcmindən və ayırmaların səviyyəsindən asılı olmayaraq dövlət borcu üzrə xidmətlər (əsas borc və faiz) tam və vaxtında həyata keçirilməlidir. Faizlər və borclar kredit müqaviləsinə, yaxud dövlət qiymətli kağızlarının şərtlərinə əsasən vaxtında ödənilməlidir. Daxili və xarici dövlət borclarının yuxarı həddi müvafiq büdcə ili üçün dövlət büdcəsi haqqında qanunla müəyyənləşdirilir. Azərbaycan Respublikasında dövlət borcu dövlətin adından bağlanmış müqavilələrin öhdəlikləri üzrə ödənilməli olan borc.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı