Dövlət borcunun idarə edilməsi

From ..::Banker.az::..
Jump to: navigation, search

Dövlət borcunun idarə edilməsi (public debt management) – dövlət tərəfindən uyğun borc mənbələrinin tapılması, cəlb edilmiş vəsaitlərin səmərəli istifadə olunması, borcun qaytarılması məqsədilə pul fondlarının səfərbər edilməsi və son nəticədə qaytarılmasından ibarət tədbirlər kompleksi. Dövlət borcu idarə edilərkən həmin borc prolonqasiyaya (müddətin uzadılması), konversiyaya (şərtlərin dəyişdirilməsi), konsolidasiya və limitləşdirməyə məruz qala bilər. Dövlət borcunun idarə olunması prosesində aşağıdakılar yerinə yetirilir: Azərbaycan Respublikasının dövlət borcalmalarının strategiyası hazırlanır; borc öhdəliyinin şərtləri, maliyyə bazarlarından vəsaitlərin cəlb edilməsi imkanları qiymətləndirilir; dövlət borcunun və dövlət zəmanətinin müvafiq il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyənləşdirilmiş yuxarı hədlərinə (limitlərinə) əməl olunması təmin edilir; dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərilməsi və onların vaxtında qaytarılması təmin edilir; dövlət borcunun və dövlət zəmanəti üzrə yaranmış borcun strukturunu təkmilləşdirmək sahəsində zəruri tədbirlər görülür; dövlət borcunun təkrar maliyyələşdirilməsi və borc öhdəliklərinin təkrar strukturlaşdırılması əməliyyatları aparılır; dövlət borcu və dövlət zəmanəti ilə bağlı proseslərin qanunvericiliklə müəyyən edilmiş qaydada şəffaflığı təmin edilir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı