Tarif güzəştləri

From ..::Banker.az::..
Jump to: navigation, search

Tarif güzəştləri (tariff concessions) – rəsmi qanunvericiliyə əsasən, tarif güzəştləri (tarif preferensiyaları) dedikdə, Azərbaycan Respublikasının ticarət siyasəti həyata keçirilərkən qarşılıqlı və ya birtərəfli qaydada Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azadetmə, rüsum dərəcələrinin aşağı salınması, malın preferensial gətirilməsi (çıxarılması) üçün tarif kvotaları şəklində verilən güzəştlər başa düşülür. Tarif güzəştlərinin verilməsi, rəsmi qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının xarici dövlətlərlə ticarət-siyasi münasibətləri həyata keçirilərkən aşağıdakı mallar üzrə gömrük rüsumlarından azadetmə, gömrük dərəcələrinin aşağı salınması, yaxud preferensial idxal (ixrac) üçün kvotalar qoyulması kimi güzəştlər verilə bilər: mənşəcə Azərbaycan Respublikası ilə gömrük ittifaqı və azad ticarət zonası yaratmış və ya bu cür ittifaqın, yaxud zonanın yaradılmasına dair müqavilə imzalamış dövlətlərə mənsub olan mallar; mənşəcə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən beş ildə bir dəfədən az olmamaq şərti ilə dövri olaraq yenidən baxılan milli preferensiya sistemindən istifadə edən inkişaf etməkdə olan ölkələrə mənsub mallar. Azərbaycan Respublikasının ticarət siyasəti həyata keçirilərkən Azərbaycan Respublikasının gömrük ərazisi hüdudlarında aşağıdakı mallar üzrə əvvəl ödənilmiş gömrük rüsumlarının qaytarılması, rüsum dərəcələrinin azaldılması və müstəsna hallarda gömrük rüsumlarından azadetmə kimi güzəştlər verilə bilər: Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən olunmuş gömrük rejimlərinə uyğun olaraq gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan mallar; Azərbaycan Respublikasının iştirakçısı olduğu hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən mallar; Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilən dövlət ehtiyacları üçün Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan mallar; xarici sərmayənin iştirakı ilə yaradılan müəssisələrin və xarici müəssisələrin nizamnamə fonduna pay şəklində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikası hökumətinin və ya onun səlahiyyətli dövlət orqanlarının məhsulların bölgüsü barədə bağladıqları sazişlərdə nəzərdə tutulmuş hallarda və ya Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən edilmiş qaydada xarici investisiyaların öz xərcini ödəməsi dövründə həmin müəssisələrin özü tərəfindən istehsal edilərək Azərbaycan Respublikası ərazisindən çıxarılan müxtəlif növ mallar.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı