23 C
Baku
Friday, April 19, 2024

Dollar kreditləri üzrə problemin həlli yolu təklif olunub

Devalvasiyanın fəsadlarından biridə dollarda kreditlərin ödənişlərində yaranmış problemdir. Problem uzun müddətdir müzakirə olunmasına baxmayaraq , bu məsələ istiqamətində heç bir tutarlı addım hələdə atılmamışdır.

Mövzunun yenidən aktuallaşdıran isə Maliyyə naziri Samir Şərifov olmuşdur. Onun bu həftənin Bazar ertəsi bildirdiyinə görə, dollar kreditləri üzrə kompensasiyaların ödənilməsi dövlət üçün hazırda çətindir.

Bu mövzu barəsində bir çox ekspertlərin fikirləridə dəfələrlə səslənmişdir. Mövzu ətrafında ekspert, bank sahəsində böyük təcrübəsi olan Elman Sadıqovda fikirləri ilə paylaşmışdır. O məsələnin həllini aşağıdakı formada görür:

Öncəki müsahibələrimdə xarici valyutada verilmiş kreditlərin həlli üçün konkret təkliflərimi vermişdim. Təklifin əsas mahiyyəti banklara uzunmüddətli, aşağı faizlə (indiki 15%-lik uçot dərəcəsi ilə deyil) kredit verilməlidir və banklar bununla aşağıdakı 3 əsas problemin həllinə nail olacaqlar:

1) Xarici valyutada verilən kreditlərin problemləri bundan sonra getdikcə şişməyəcək. Banklar bununla qısa və ortamüddətli (0-3 il) zərərlərə məruz qala bilərlər, lakin növbəti 3 ildən sonra faydasını görəcəklər. Bankirlər və iqtisadçılar bununla nə demək istədiyimi bilirlər.

2) Bank sektorunda yaranan vəsaitləri konkret layihələrə yönəltmək mümkün olacaqdır ki, bu da real sektora öz töhfəsini verəcəkdir;

3) Ən əsas məsələ: banklar üçün əsas prioritet amil bundan sonra ayaqüstə qalmaq deyil, tədricən böyüməyə başlamaq və real sektora dəstək vermək olacaqdır.

Burada 2 əsas əks arqument vardır:

1) İnflyasiya güclənəcək;

2) Neftin qiyməti qalxmasa real sektorda problem qalacaq və verilən kreditlər batacaq; 1-ci arqumentə cavab: əksər mallarını idxal edən bir ölkədə devalvasiya (dəfələrlə qeyd olunduğu kimi, devalvasiya qaçılmaz idi, fəsadlarını aradan qaldırmaq və yaratdığı imkanlardan da maksimum effektiv faydalanmaq bizim bacarığımıza bağlıdır) varsa inflyasiyanın olması qaçılmazdır. İqtisadiyyatda pul kütləsinin azlığı inflyasiyanın sürətini müvəqqəti olaraq azaldar, amma qarşısını ala bilməz. Pul kütləsinin azlığı isə iqtisadi fəallığını azalmasına səbəb olur. Burada əsas çıxış yolu idxal olunan malların istehsal olunaraq əvəzlənməsidir. Əlbəttə, bütün malların (maşınların, mobil telefonların və sair) istehsalı çətin məsələdir, amma bir çox malları (geyim, ərzaq və sair) istehsal etmək olar. Bunun üçün də yenə kredit və maliyyə resursları lazımdır. Qeyd etdiyim kimi, banklara ayrılan kreditin hər manatı iqtisadi dəyər qazanmağa yönəlsə, bu məsələ tədricən həllini tapmış olar.

2-ci arqumentə cavab: Neftin qiymətinin yaxın 2-3 ildə 50, maksimum 55 dollardan yuxarı qalxma ehtimalı çox aşağıdır. Suriya məsələsinin həlli isə Avropanın enerji təminatı məsələsində prinsipial məsələ olduğu üçün çox çətindir və 2 böyük dövlətin maraqları burada toqquşur. Güzəştə gedən tərəf Avropa enerji bazarını itirmiş olur (məsələ Qatarın qazının boru xətti ilə Avropaya çıxarılıb çıxarılmamasındadır). Deməli, biz indi neftin bu qiymətlərindən də maksimum istifadə edərək real sektoru effektiv şəkildə yüksəltməyə çalışmalıyıq.

Nəticə budur ki, hər bir halda iqtisadiyyata resurs lazımdır. Bu resurs isə banklar vasitəsilə yönələcək.

Qeyd: Profesyonal analitiklər tərəfindən iqtisadi inkişafın “Yol Xəritəsi” demək olar ki, hazırlanmışdır. İnkişaf etdiriləcək prioritet istiqamətlərin sayı və siyahısı da bəllidir. Başda maliyyə sektoru da olmaqla bütün bu sahələrin inkişafı üçün maliyyə resursları lazımdır. Ucuz manatın da ixrac və istehsalın artması üçün əsas dəstək olma amili mübahisə predmeti deyil. Deməli, yenə də xarici valyutada verilən kreditlərin həll olunması ilə real sektora pul inyeksiyasının qaçılmaz olduğunu görürük. Deməli, əvvəl-axır bu yolu gedəcəyik.

 

Son xəbərlər
Digər xəbərlər