15 C
Baku
Friday, March 29, 2024

EBRD Azərbaycana 500 milyon dollar kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üçün Azərbaycana 500 milyon dollar kredit ayırıb.

Kredit layihəsinin yekun icmalı oktyabrın 18-də EBRD-nin idarə heyəti tərəfindən təsdiq olunub. Bu vəsait “Cənub Qaz Dəhlizi”nin ən böyük hissəsini təşkil edən TANAP layihəsində istifadə edilməsi üçün “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinə (CQD) ayrılıb. Kredit CQD-nin TANAP üzrə öhdəliklərinin bir hissəsinin maliyyələşdirilməsinə yönəldiləcək.

Qeyd edək ki, EBRD ilə yanaşı, bir sıra digər beynəlxalq maliyyə institutları da TANAP layihəsini dəstəkləyib. Ümumi dəyəri 8,6 milyard dollar olan TANAP üçün daha əvvəl Dünya Bankı 800 milyon dollar kredit ayırıb. Bu kreditin 400 milyon dolları Azərbaycanın zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə, qalan hissəsi isə Türkiyənin zəmanəti ilə “Botaş” şirkətinə verilib. Asiya İnfrastruktur İnvestisiya Bankı isə TANAP-a 600 milyon dollar maliyyə vəsaiti ayırıb. Avropa İnvestisiya Bankı da TANAP layihəsinin maliyyələşdirilməsini nəzərdən keçirir.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi”nin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il tarixli 25 fevral Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

TANAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsidir. “Cənub Qaz Dəhlizi”nin digər seqmentlərini isə “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi və “Trans-Adriatik” (TAP) layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər