17 C
Baku
Friday, April 19, 2024

Ekspert Azərbaycanda dolların məzənnəsinin artması üçün heç bir əsas yoxdur deyir

Azərbaycanda manatın ucuzlaşması və xarici valyutaların məzənnəsinin artması üçün heç bir əsas yoxdur.

Bunu Trend-ə “NIKOİL Bank”ın İdarə heyəti sədrinin müşaviri, maliyyə eksperti Cəlal Nağıyev deyib.

Ekspertin fikrincə, manatın sabitliyini bir sıra amillər təmin edir:

“İlk növbədə, Azərbaycanda daxili istehsalat artır. Sahibkarlar, xüsusən də kiçik və orta biznes nümayəndələri öz istehsalatlarının yaradılması və ya genişləndirilməsi istiqamətində biznes kreditlərin əldə olunması üçün daha tez-tez müraciət etməyə başlayıb”.

Ekspert əlavə edib ki, turizm sektorunun inkişafı hesabına ölkəyə daha çox xarici valyuta daxil olur:

“Bunlardan başqa, iri qaz layihələrini də unutmaq olmaz. Bu layihələr orta perspektivdə ölkəyə xarici valyuta axınını təmin edəcək. “Əsrin müqaviləsi”nin uzadılması çərçivəsində xarici investorlar Azərbaycana on milyardlarla dollar investisiya qoyacaq, bonus qismində isə əlavə 3,6 milyard dollar ödəniləcək”.

O qeyd edib ki, daha bir amil neft qiymətləridir: “Azərbaycan nefti son 3,5 illik maksimumu yeniləyərək 74 dollara çatıb. Ona görə də hesab etmək olar ki, bu il dövlət büdcəsinin icrası ilə problem olmayacaq”.

C.Nağıyev vurğulayıb ki, əhalinin milli valyutaya inamı da kifayət qədər yüksəkdir və artmaqda davam edir:

“Bu ilin fevral ayının yekunlarına əsasən, ölkə banklarında milli valyutada əmanətlərin həcmi 2935,2 milyon manat təşkil edib ki, bu da 2017-ci ilin fevralı ilə müqayisədə 2 dəfə çoxdur. Bir il ərzində əmanətlərin həcmi 37,8 faizədək artıb”.

Son xəbərlər
Digər xəbərlər