23 C
Baku
Thursday, April 25, 2024

Elman Rüstəmov: Ərzaqların qiyməti bahalaşmayacaq

“Banklara göstəriş vermişik ki, əmanətçilərə hər bir şərait yaratsınlar”.

Çevik məzənnə siyasəti idxalı bahalaşdıra bilər. Lakin bu gün Azərbaycanın ərzaq məhsulları üzrə idxaldan asılılığı çox aşağıdır.

Buna görə də, Azərbaycana inflyasiya idxalını gözləmirik. Ərzaqların qiyməti bahalaşmayacaq – bunun iqtisadi əsası yoxdur. Lakin biz dollarlaşma prosesi gözləyirik. Burada qəribə heç bir şey yoxdur. Bu, psixoloji və xarici amillərin, qonşularımızda gedən devalvasiya proseslərinin təsiri altında baş verib. Qazaxıstanda artıq dollarlaşma 70%-ə çatıb. Bunun səbəbi kəskin devalvasiyadır, əhalinin öz milli valyutalarına etibarlarını itirməsidir.

Bunu Oxu.az saytına istinadən Azərbaycan Dövlət Televiziyasına (AzTV) müsahibəsində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmov bildirib ki, AMB bu il aşağı inflyasiya gözləyir.

“Ötən il Azərbaycanda 1,4% inflyasiya olub. Bu il Azərbaycanda birrəqəmli inflyasiya gözləyirik. Sərəncamımızda olan bütün vəsaitlərdən istifadə etməklə buna nail olmağa çalışacağıq”.

Mərkəzi Bank sədri həmçinin əhalinin son günlər milli valyutada olan ehtiyatlarını xarici valyutaya dəyişmək üçün valyutadəyişmə məntəqələri, banklara üz tutmalarından danışıb:

“Əhalinin banklarda 7 milyarddan çox manat ekvivalentində ehtiyatı var. Onun bir qismi xarici, digər hissəsi isə yerli valyutadadır. Son zamanlar biz görürük ki, müəyyən dollarlaşma prosesi gedir. Və bu 4% artımdır.

Bizim banklara göstərişimiz bundan ibarətdir ki, heç bir maneə törətmədən, öz valyuta ehtiyatlarını xarici valyuta ehtiyatlarına çevirmək istəyən əmanətçilərə hər bir şərait yaratsınlar. Təkrar etmək istəyirəm, bu sadəcə dollarlaşma prosesidir. İstənilən vətəndaş heç bir maneə olmadan bunu edirsə, buna onun tam haqqı var”.

E.Rüstəmov həmçinin yerli banklarda milli və xarici valyutada olan əmanətlərin faiz dərəcələri arasında olan fərqə də toxunub:

“Banklarda əmanətlərin miqrasiyasının qarşısını almaq üçün əvvəllər manat depozitləri üzrə faiz dərəcələri xarici valyuta ilə üzəridə faiz dərəcələrindən yüksək idi. Bu gün biz müşahidə edirik ki, xarici valyuta üzrə faiz dərəcələri milli valyuta üzrə faiz dərəcələrinə yaxınlaşır Bu da doğrudur. Bir daha Azərbaycan bank sisteminə müraciət etmək istəyirəm ki, əhalinin əmanətlərinə qarşı həssas olsunlar. Əmanətlərin konvertasiyasını təmin etsinlər. Biz bu prosesi izləyirik. Bu çox normal haldır”.

Mübadilə məntəqələri ilə bağlı demək istəyirəm ki, xarici valyutaya tələbat artıb, deyə, AMB sədri bildirib.

“Bizim kifayət qədər valyuta ehtiyatlarımız var. Bankları tam təchiz edirik, imkanlarımız var. Öz əlində olan manat vəsaitlərini iki valyutada saxlamaq, yaxud onu konvertasiya etmək əhalinin öz seçimidir. Bizim milli valyutanın emitenti kimi qarşımızda dayanan ilk tələb də onun konvertasiyasını təmin etməkdir.

Başqa dövlətlərin təcrübəsinin tam əksinə olaraq kəskin devalvasiyaya getmədik və bunu düşünmürük.

Bir daha demək istəyirəm ki, əhalinin seçimi var, öz vəsaitlərini hansı valyutada saxlamağı seçmək əhalinin hüququdur. O hal pisdir ki, seçim yoxdur. İqtisadi azadlıq nədir? – Seçim var.

Azərbaycan dövləti vətəndaşın seçiminin təminatçısıdır”, – deyə, E.Rüstəmov bəyan edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.