13 C
Baku
Thursday, April 18, 2024

Elman Rüstəmov görüş keçirib

Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti cənab Siril Müllerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüş zamanı DB-nin Azərbaycan üzrə kredit portfelinin cari vəziyyəti, yeni təyin olunmuş vitse-prezidentlə tanışlıq və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir.

Görüşdə Azərbaycanın DB ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan sədr E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun davamlı inkişafı, maliyyə, o cümlədən bank sektorunun iqtisadi inkişafda rolunun daha da artırılmasına dair ətraflı fikrilərini bölüşdü. E.Rüstəmov qlobal iqtisadi mühit və regional çağırışlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və ölkəmizin DB-nin institusional təcrübəsindən faydalanacağına ümidli olduğunu bildirdi.

Nümayəndə heyətinin rəhbəri cənab S.Müller ölkəmizin müstəqillik dövründə uğurlu inkişaf yolundan danışaraq yoxsulluğun azaldılması, inklyuziv iqtisadi artım və məqsədyönlü infrastruktur layihələrinin icrası istiqamətində əldə etdiyi nailiyyətlərini xüsusilə vurğuladı. Cənab Müller Mərkəzi Bankın DB ilə uzunmüddətli sıx əməkdaşlıq əlaqələrini müsbət dəyərləndirərək hər iki qurum arasındakı əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsinin əhəmiyyətini önə çəkdi. Qeyd etdi ki, DB-nin 2016-2020-ci illər üzrə Azərbaycan ilə Ölkə Tərəfdaşlıq Strategiyası ölkənin inkluziv və dayanıqlı iqtisadi artımı üçün mühüm dəstək olacaqdır. Sənədin ölkəmizin orta və uzun müddətli strateji baxışına söykəndiyini qeyd edən cənab Müller hazırki mürəkkəb qlobal iqtisadi şəraitdə DB-nin Azərbaycanın strateji tərəfdaşı kimi ölkəyə lazımı dəstək verəcəyini əminliklə vurğuladı.

Görüş zamanı ölkədə həyata keçirilən və DB tərəfindən maliyyələşdirilən layihələrin icra vəziyyəti, dünyada baş verən proseslərin inkişaf etməkdə olan ölkə iqtisadiyyatına təsiri, DB-nin yeni şəraitdə siyasəti, üzv ölkələrə dəstəyi, eləcə də əlavə dəstəyə ehtiyacı olan istiqamətlər kimi məsələlər də müzakirə olunmuşdur.

Son xəbərlər
Digər xəbərlər