19 C
Baku
Thursday, April 25, 2024

Ermənilərin Azərbaycanın təbii sərvətlərini talan etməsi faktına görə cinayət işi başlanıb

Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində faydalı qazıntıların qanunsuz hasilatının aparılmasına dair “AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Banker.az xəbər verir ki, bu barədə, Baş Prokurorluğu və “AzerGold” QSC-nin mətbuat xidmətlərinin məlumatında deyilir.

Aparılmış araşdırmalarla Ermənistandan Respublikasında və digər ölkələrdə hüquqi qeydiyyatdan keçmiş “Vallex Group”, “Base Metals”, “ACP”, “Lerna metalurgiayi İnstitute”, “Teghout” və digər şirkətlərin rəhbərlərinin və fiziki şəxslərin Azərbaycanın dövlət sərhədini Ermənistan ərazisindən qanunsuz olaraq dəfələrlə keçmələrinə, işğal altındakı ərazilərdə olan digər şəxslərlə mütəşəkkil dəstə halında Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmadan müəssisələr yaradıb işğal dövrü ərzində Kəlbəcər rayonu ərazisində yerləşən Söyüdlü, Qızılbulaq, Zəngilan rayonu ərazisində yerləşən Vejnəli, Tərtər rayonu ərazisində yerləşən Dəmirli və digər əlvan metal yataqlarından külli miqdar təşkil edən qızıl və digər əlvan metalların hasilatının aparılmaqla qanunsuz gəlir əldə etmələri müəyyən edilmişdir.

Araşdırmalar zamanı “Azərkosmos” ASC-nin “Azersky” peykinin yüksək ayırdetməli təsvirləri və geoloji-axtarış məlumatları əsasında işğal olunmuş ərazilərdə yerləşən filiz yataqlarında qanunsuz hasilat işlərinin aparılması sübut edilmişdir.

Həmin faktlar üzrə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə edilmişdir.

Bununla yanaşı, ölkəmizin qızıl və digər əlvan metal ehtiyatlarının talanması faktları üzrə qısa zamanda beynəlxalq audit şirkətlərinin mütəxəssisləri cəlb edilməklə dəymiş ziyanın müəyyən edilərək “AzerGold” QSC ilə birlikdə iqtisadi mübahisələr üzrə müvafiq beynəlxalq məhkəməyə, həmçinin işğal olunmuş ərazilərdə qanunsuz hasilatla məşğul olan şirkətlərin qeydiyyatdan keçdiyi ölkələrin hüquq mühafizə orqanlarına müraciət edilməsi nəzərdə tutulmuşdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər