23 C
Baku
Thursday, April 25, 2024

Etibarnamə ilə aparılan ticarətin fəsadları

Mütəmadi olaraq, etibarnamə ilə avtomobil alan şəxslərin problemlərlə üzləşməsi barədə eşidirik. Bəzən isə bu səbəbdən illərlə uzanan məhkəmə çəkişmələri də olur.
Çünki etibarnamə ilə faktiki alqı-satqı etmək dövlət tərəfindən tanınmır. Etibarnamə iki qaydada – sadə, yəni avtomobili sadəcə idarə etmək üçün, universal (“generalnı doverennost”) formada isə başqa şəxsə satmaq, bağışlamaq, girov qoymaq və etibarnamədə göstərilən digər hüquqları həyata keçirmək üçün verilir. Ancaq heç bir halda həmin avtomobilə mülkiyyət hüququ vermir. Alqı-satqı isə etibarnamədən fərqli olaraq, həmin avtomobilə dair alıcıya mülkiyyət hüququ verir. Yəni yalnız alqı-satqı halında avtomobil sizin mülkiyyətiniz sayılır.
Bu məsələnin hüquqi tərəfləri ilə bağlı araşdırmalarımız ortaya maraqlı nüanslar çıxardı. İlk növbədə etibarnamənin təyinatına, qanunvericilikdə etibarnamənin hansı məqsədlər üçün müəyyən edildiyinə nəzər salaq.
Mülki Məcəllənin 362.1.-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. “Yəni etibarnamə faktiki olaraq, digər şəxsə müəyyən hüquqlar verir. 2012-ci ilədək, nəqliyyat vasitəsinə sərəncam vermə (satmaq, bağışlamaq, girov qoymaq) səlahiyyətini nəzərdə tutan etibarnamələr daha uzun müddətə verilirdisə, 2012-ci ildə Mülki Məcəlləyə edilmiş müvafiq dəyişikliklərə əsasən, nəqliyyat vasitəsinə dair sərəncam vermək səlahiyyətini nəzərdə tutan etibarnamənin müddəti bir ildən çox olmamaq şərti ilə məhdudlaşdırıldı. Hal-hazırda el arasında “generalnı doverennost” və ya “baş etibarnamə” kimi tanınan həmin etibarnamə bir ildən artıq müddətə verilmir.
Göründüyü kimi, qanunvericilik etibarnaməni digər şəxsə müvəqqəti səlahiyyət verilməsi üçün nəzərdə tutub. Qanunvericilikdə avtomobilin alqı-satqısının etibarnamə verilməsi ilə rəsmiləşdirilməsi kimi prosedur nəzərdə tutulmayıb. Alqı-satqının rəsmiləşdirilməsi və mülkiyyət hüquqlarının yeni alıcıya keçməsi üçün alqı-satqı müqaviləsinin bağlanması zəruridir.
Etibarnamə ilə alınmış avtomobilin yaratdığı problemlər
 
Bəs etibarnamə ilə avtomobil almaq vətəndaşa hansı problemlərə səbəb ola bilər? Vəkil Asif Abdullayev “Bizim Yol”a açıqlamasında bildirdi ki, bu məsələ bir çox çətinlik və problemlərə gətirib çıxarır. “İlk olaraq, etibarnamənin müddətinin başa çatmasına nəzər yetirək. Avtomobilə dair sərəncam vermə səlahiyyətini nəzərdə tutan etibarnamə ən çoxu 1 il müddətinə verilir. Bu müddət bitdikdən sonra, etibarnaməyə xitam verilir və müvafiq olaraq avtomobili almış şəxsin hüquqları da itirilir. Belə olan halda, yenidən avtomobilin mülkiyyətçisini tapmaq və onu notariusa apararaq yeni etibarnamə almaq lazım olur.
Qanunvericiliyə əsasən, etibarnaməni verən şəxs, istənilən vaxt heç bir səbəb gətirmədən etibarnaməni ləğv edə bilər. Bu zaman etibarnamə ilə avtomobil almış şəxsin hüquqlarına xitam verilir. Təcrübədə bu cür hallar mövcuddur. Avtomobilin mülkiyyətçisi, öz hüquqlarından sui-istifadə edərək, etibarnaməni ləğv etdirir və daha sonra isə avtomobilin qaytarılmasını tələb edir. Nəzərə alınmalıdır ki, etibarnamə verən şəxs etibarnaməni ləğv etdikdə, bu barədə dərhal etibarnamə verdiyi şəxsi xəbərdar etməlidir. Belə xəbərdarlıq olmadığı təqdirdə, etibarnamə verilmiş şəxsin hərəkətləri tam səlahiyyətli hesab edilməlidir. Məsələn, tutaq ki, nəqliyyat vasitəsini bir şəxs digər şəxsə etibarnamə əsasında satıb. Bir aydan sonra satan şəxs etibarnaməni ləğv elətdirib, lakin bu barədə avtomobili alan şəxsə məlumat verməyib. Avtomobili alan şəxs isə etibarnamənin ləğv edildiyindən xəbərsiz olaraq, həmin nəqliyyat vasitəsini digər şəxsə alqı-satqı yolu ilə satıb. Belə olan halda, həmin şəxsin hərəkətləri nəticəsində əmələ gəlmiş hüquq və vəzifələr öz qüvvəsində qalır, baxmayaraq ki, etibarnamə bir müddət əvvəl ləğv edilib”-  deyə Asif Abdullayev bildirir.
Etibarnamə verən şəxs vəfat etdikdə etibarnaməyə xitam verilir
 
Vəkil bildirir ki, etibarnamə verən şəxs vəfat etdikdə də qüvvədən düşmüş sayılır. “Yəni avtomobili etibarnamə ilə satmış şəxs vəfat etdikdə, onun verdiyi etibarnamə öz qüvvəsini itirir artıq. Yenə də avtomobili almış şəxs pis vəziyyətdə qalır. Belə olan halda, avtomobili almış şəxs məcburdur ki, avtomobilin vərəsələrdən birinin adına rəsmiləşdirilməsini gözləsin və yalnız bundan sonra həmin vərəsə tərəfindən ona etibarnamə verilməsinə nail olsun. Təbii ki, vərəsə etibarnamə verməkdən imtina da edə bilər.
Qeyd etdiyim kimi, etibarnamə alqı-satqını rəsmiləşdirmir. Bu isə o deməkdir ki, etibarnamə ilə satılmış avtomobil yenə də əvvəlki sahibinin mülkiyyəti olaraq qalır. Alqı-satqı müqaviləsi bağlanmadığı üçün, avtomobilin mülkiyyətçisi əvvəlki sahibi qalır. Rəsmi olaraq, həmin avtomobilin mülkiyyətçisi əvvəlki sahibi – etibarnamə verən şəxs qalır. Bu isə o mülkiyyətçinin problemlərinin etibarnamə ilə avtomobili almış şəxsə keçməsinə zəmin yaradır. Misal üçün, etibarnamə vermiş mülkiyyətçinin banka borcu var. Borcun ödənilməsi barədə məhkəmə qərarı var. İcra məmuru yol polisinə sorğu verir və məlum olur ki, həmin şəxsin mülkiyyətində avtomobil var (etibarnamə ilə digər şəxsə satılmış). Həmin avtomobil üzərinə həbs qoyulur və hərrac vasitəsi ilə satılaraq, banka olan borc ödənilir. Belə olan halda, əhəmiyyət kəsb etməyəcək ki, həmin şəxs avtomobili etibarnamə ilə başqa şəxsə satıb. Mülkiyyət hüququ əvvəlki şəxsdə qaldığı üçün, onun borclarının ödənilməsi həmin avtomobilin hesabına həyata keçiriləcək” – hüquqşünas qeyd edir.
Vəkilin sözlərinə görə, avtomobili etibarnamə ilə almış şəxs, boşanmanın əlavə qurbanlarından birinə çevrilə bilər. “Bəzən təcrübədə belə hallarla rastlaşırıq ki, nikah dövründə ər, öz adına olan və nikah dövründə alınmış avtomobili etibarnamə ilə digər şəxsə satır. Təbii ki, avtomobil etibarnamə ilə satıldığından, mülkiyyətçi elə əvvəlki şəxs qalır. Bir müddət sonra, ər-arvad boşanırlar. Boşanma prosesində, əmlak bölgüsünə dair mübahisə açılır və avtomobili satmış şəxsin həyat yoldaşı avtomobilin birgə nikah dövründə alındığını iddia edərək, onun bölünməsini tələb edir. Belə olan halda həmin avtomobil təbii ki, onu etibarnamə ilə almış şəxsdən geri alınacaq”- deyə Asif Abdullayev qeyd edir.
Bütün bunları nəzərə aldıqda isə etibarnamənin avtomobil alqı- satqısı üçün o qədər etibarlı vasitə olmadığı qənaətinə gəlirik. Avtomobilin rəsmi qaydada alqı-satqı yolu ilə alınması etibarnaməyə nisbətən artıq xərc və vaxt tələb etsə də, bu rəsmiləşmə sizi gələcəkdə etibarnamə ilə bağlı yarana biləcək bir çox problemlərdən sığortalamış olacaq.
Sonda etibarnamə ilə bağlı problemlə qarşılaşmış şəxslərə tövsiyə edilir ki, əgər nəqliyyat vasitəsi onların əlindən alınıbsa, belə olan halda məhkəmə qaydasında avtomobilin alınması ilə bağlı ödənilmiş məbləğin geri qaytarılmasını mülkiyyətçidən tələb etsinlər.
bizimyol
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər