“Exchange”lərə elə də böyük tələbat olmayacaq”

Vətəndaşlar Valyutadəyişmə məntəqəsinin önündə

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən valyutadəyişmə məntəqələrinin fəaliyyəti ilə bağlı qaydalar təsdiqlənsə, hələ də bununla bağlı müraciətlər qəbul edilmir.

MBNP-dən mənbəyə bildirilib ki, valyutadəyişmə məntəqələrinə lisenziyaların verilməsinə bu sahə ilə bağlı bütün normativ xarakterli hüquqi aktlar qüvvəyə mindikdən sonra başlanılacaq.  Hazırda Palatada bununla dağlı son hazırlıq işləri aparılır, normativ sənədlər tamamlandıqdan sonra “Exchange”lərin açılması üçün müraciətlərin qəbuluna başlanacaq.

Qeyd edək ki, “Exchange”lərin açılması şərtləri də artıq  əvvəlki qədər sadə deyil. Bunun üçün müəyyən tələblərə əməl olunması ilə yanaşı, girov vəsait də tələb olunur. Belə ki, valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba müəyyən olunmuş məbləğdə girov vəsaiti yerləşdirməlidir.  Girovun tam məbləği müvəkkil bankda xüsusi hesabda depozitdə saxlanılır və lisenziyanın qüvvədə olduğu müddətdə geri qaytarılmır. FED.az-ın əldə etdiyi məlumata görə, “Exchange” açmaq üçün tələb olunan girov məbləği ölkənin müxtəlif bölgələri üçün fərqlənir. Bu məbləğ Bakı üçün 50 min dollar və 50 min manat, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 25 min manat və 25 min dollar, digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında 10 min manat və 10 min dollar təşkil edir.

İqtisadçı ekspert Əkrəm Həsənov isə hesab edir ki, artıq “Exchange”lə əvvəlki qədər maraq və tələbat qalmayıb. O, musavat.com-a açıqlamasında bildirdi ki, valyuta mübadiləsi əməliyyatları əvvəlki qədər çox deyil: “Hələ ötən il “Valyuta tənzimi haqqında” Qanuna dəyişikliklərlə bağlı söhbət təzə çıxanda  mən bildirmişdim ki, artıq bu sahəyə  tələbat azalıb. “Exchange” açmaq istəyənlər də başa düşürlər ki, valyuta mübadiləsi əməliyyatları əvvəlki qədər çox deyil, böyük ehtimalla bundan sonra da çox olmayacaq. Çünki iqtisadi böhran olan şəraitdə bu əməliyyatların da bir önəmi yoxdur. Banklar onsuz da bu xidməti göstərir. Bu baxımdan “Exchange”lərə elə böyük bir maraq və tələbat olmayacaq. Bu biznesə pul qoymaq istəyən varsa da, çox azdır. Əvvəllər “Exchange”lər ona görə sərf edirdi ki, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş 2 faiz, sonra isə 4 faizə qaldırılan marja tələbi var idi. Bu limitdən kənarlaşmaq olmurdu. Buna görə də böhran şəraitində “Exchange”lər bankları üstələyirdilər. Valyutadəyişmə məntəqələri  bu qaydaları pozurdular, ancaq banklar pozuntu etməyə qorxurdular. İndi marja tələbi də yoxdur və onlar başa düşürlər ki, böhran anlarında banklar da eyni əməliyyatları edə bilər. O baxımdan, valyuta mübadiləsi əməliyyatlarına tələbat olmadığı üçün maraq çox azdır”.

Əkrəm Həsənov onu da vurğuladı ki, “Exchange” açmaq istəyən şəxslərə 50 min manat depozit tələbinin qoyulması doğru bir qərardır: “Banka qoyulan 50 min manata faiz gələcək və istənilən halda iş adamı bundan da qazanacaq. Digər tərəfdən bu vətəndaşlar üçün də önəmlidir. Bu çox düzgün tələbdir. Tutaq ki,  bir vətəndaşa “Exchange”də saxta valyuta satdılar. Əməliyyatlar çox böyük məbləğdə də ola bilər. Vətəndaş xəbər tutub tədbir görənə kimi “Exchange”  yoxa çıxacaq, bağlanacaq, ölkədən çıxacaq. Bu zaman vətəndaş nə edəcək? Belə hallar üçün iş adamının bankda depozitinin olması  önəmlidir. Bank əməliyyatlarında belə problem yoxdur, çünki o bir günə bağlana bilməz, üzərində ciddi nəzarət var. O baxımdan mən hesab edirəm ki, “Exchange”lərin açılması ilə bağlı bu şərt çox düzgündür”.

İqtisadçının sözlərinə görə, “Exchange” açmaq istəyən potensial  iş adamları da başa düşür ki, banklar bu işi həyata keçirir: “Hazırda banklara marja tələbi yoxdur deyə, aktiv şəkildə bu işlə məşğuldurlar. Vətəndaş istənilən halda valyutadəyişmə əməliyyatını bankda həyata keçirməyə üstünlük verəcək, çünki bank daha etibarlıdır. Mən bir vətəndaş kimi, hər hansı bank filialı ilə “Exchange”i yanaşı görsəm, ən sevmədiyim bank olsa belə onu üstünü tutaram. “Exchange” haradasa Lombard kimi bir qurumdur. Etibarlılığı azdır. Sabah yoxa çıxa bilər, bağlana bilər. Əvvəl “Exchange”lərin üstünlüyü o idi ki, marja tələbini poza bilirdilər. “Exchange”lər çox zaman çirkli pulların yuyulması, ölkədən pulların çıxarılması mexanizmində də iştirak edirdilər.  İndi bunun üzərində ciddi nəzarət var. Dövlət Təhlükəsizlik Xidməti bu sahədə çox böyük  işlər gördü. Artıq bunu etmək mümkün deyil. Bir tərəfdən də buna görə, maraq azalıb. MBNP-nin qoyduğu qaydalar qüvvəyə minsə belə valyutadəyişmə məntəqələri kütləvi olmayacaq”.


©FED.az