16 C
Baku
Saturday, April 20, 2024

Faiz maksimumu kredit almaq istəyən şəxslərə nə vəd edir?

Müəllif: Xəyal İsmayılov

Bir çox hallarda bazarlar iqtisadi fəaliyyətin təşkili üçün ən yaxşı üsul hesab edilir. İqtisadi fəaliyyəti tənzimləməkdə mühüm rol oynayan qiymət hər hansı təsadüfi bir prosesin nəticəsi deyil. Qiymət həm də tələb və təklifi tarazlaşdırma mexanizmi kimi çıxış edir.

Bir çox iqtisadçılar dövlət tənzimlənməsi olmayan rəqabətli bazarda qiymət maksimum və minimumları təyin etmək vasitəsi ilə tələb və təklifi tarazlaşdırmaq cəhdlərini qəbul etmirlər.

Mərkəzi Bank tərəfindən kommersiya banklarına kredit faizləri üzrə faiz maksimumlarının tövsiyyə edilməsi heç də kredit alan insanlar baxımından arzuolunan müsbət nəticələrə gətirib çıxarmayacaqdır. Fikrimizi əsaslandırmaq üçün aşağıdakı qrafikə diqqət edək.

2015-07-29-15-28-29

Qrafikdə gördüyünüz kimi tarazlıq faiz dərəcəsi 10%-dir. Bu faiz dərəcəsində kredit almaq istəyən şəxslərin həcmi (tələbin) isə 10 nəfər təşkil edir. Bu zaman 10% dərəcə ilə kredit almaq istəyən 10 nəfər bazarı tarazlıq vəziyyətinə gətirmişdir. Və bu halda bazar tarazlıq vəziyyətində olacaqdır. Əgər Mərkəzi Bank faiz maksimumu kimi tarazlıq faiz dərəcəsindən aşağı, məsələn 8% olaraq tarazlıq faiz dərəcəsini kommersiya banklarına tövsiyyə etsə bazarda nə baş verəcəyinə diqqət edək. Bu zaman faiz maksimumu 10%-ə bərabər olan tarazlıq faiz dərəcəsindən aşağı olduğu üçün bazar faiz dərəcəsi 8% olacaqdır. Bu faiz dərəcəsində təklifin həcmi 8 kredit, tələbin həcmi isə 12 kredit olacaqdır. 8% dərəcə ilə kommersiya bankları 8 kredit verə biləcəkləri halda tələbin həcmi isə 12 kredit təşkil edir. Qrafikdən göründüyü kimi də kredit bazarında tələbin həcmi təklifin həcmini üstəliyir və bazarda çatışmazlıq yaranır. Son nəticədə 4 nəfərin kreditə tələbi olsa da onlar kredit əldə edə bilmirlər.

Cədvəldə rəqabətli bazarda dövlət (Mərkəzi Bank) tərəfindən icbari qiymət maksimumunun təyin edilməsi nəticəsində bazarda çatışmazlıq yaranır və əmtəə (kredit) satıcıları (kommersiya bankları) isə qıt olan məhsulu bu və ya digər yolla çox saylı alıcılar arasında bölüşdürməli olurlar. Bu zaman bir sıra arzuolunmayan hallar ortaya çıxır. Satıcılar alıcılara qarşı ayrıseçkiliyə yol verir, qanunsuz olaraq hüquqazidd ödənişlər tələb edir, uzun növbələrdə alıcılar vaxt itkisinə məruz qalır və son nəticədə də bazarda çatışmazlıq olduğu üçün hamı əmtəəni (krediti) əldə edə bilmir. Bundan fərqli olaraq azad rəqabətli bazarda isə kredit faiz dərəcəsi tarazlığa çatdıqda tarazlıq faiz dərəcəsini ödəmək istəyən hər kəs kredit əldə edə bilər.

Buna görə də sonda qeyd edək ki, Mərkəzi Bank faiz maksimumu təyin etmək əvəzinə, kredit bazarında neqativ halları aradan qaldırmalı və rəqabətli bazar formalaşması istiqamətində səylərini durmadan davam etdirməlidir.

Son xəbərlər
Digər xəbərlər