Feynman metodu: istənilən fənni tez bir zamanda öyrənməyə imkan verən 3 addım

Fizika üzrə Nobel mükafatı laureatı Richard Feynman istənilən mövzunu tez bir zamanda və daha dərindən mənimsəməyə imkan verən öyrənmə alqoritmini tərtib edib.  

Məşhur fizik “nəyisə bilmək” və “nəyinsə adını bilmək” arasındakı fərqi dərk edib və onun uğurunun əsas səbəblərindən biri məhz budur.

Feynman öyrənmək istədiklərini digərlərindən daha yaxşı anlamağa imkan verən öyrənmə düsturunu aşkar edib. Bu düstur “Feynman metodu” adını alıb və istənilən fənni daha sürətlə və yaxşı öyrənməyə kömək edir. Öyrənmək istədiyinizin mövzu, fənn və yaxud hər hansı bir anlayış olmasının heç bir əhəmiyyəti yoxdur. Bu düstur hər biri üçün keçərlidir. Və ən əsası odur ki, bu düsturu həyata keçirmək çox asandır. Həddindən artıq asan.

Bu əla öyrənmə metodu olmaqla yanaşı, tamamilə fərqli düşüncə tərzinə açılan pəncərədir.

Feynman metodunda üç addım var.

 

1-ci addım  – Bunu uşağa öyrədin

 

Təmiz vərəq götürün və öyrənmək istədiyinizi bura yazın. Bu fənn, yaxud mövzu haqqında nə bildiyinizi, bunu bir uşağa izah etməli olsaydınız necə edəcəyinizi yazın. Lakin bunu böyük yaşda olan dostunuza deyil, əsas ilkin anlayışları anlamaq üçün söz bazasına malik səkkiz yaşlı uşağa izah etməli olduğunuzu unutmayın.

Əksər insanlar nəyisə anlamadıqda çətin sözlərdən və professional jarqonlardan istifadə etməyə meyillidirlər. Problem ondadır ki, biz özümüz özümüzü axmaq vəziyyətinə salırıq, çünki məhz olaraq nəyi anlamadığımızı dərk etmirik. Jarqonlardan istifadə edilməsi anlamadığımızı ətrafdakı inssanlardan gizlətmək istəyimiz ilə bağlıdır. İdeyanı əvvəldən sona qədər azyaşlı uşağın belə anlayacağı sadə sözlərlə yazdıqda (yalnız ən geniş yayılmış sözlərdən istifadə edin) özünüzə onun mahiyyətini daha dərindən anlamağa kömək edirsiz və anlayışlar arasında əlaqəni sadələşdirirsiniz. Buna səy göstərsəniz probleminizin məhz olaraq harada olduğunu dəqiq olaraq anlayacaqsınız. Bu isə yaxşıdır, bu, öyrənmə imkanınızın olduğuna işarədir.

 

2-ci addım –  Təkrar edin

 

Birinci addımda qaçınılmaz olaraq biliyinizdə olan problemlər ilə üzləşəcəksiniz: ola bilsin ki, haradasa vacib bir şeyi unutmusunuz, izah edə bilməmisiniz və yaxud sadəcə vacib anlayışların əlaqələndirilməsi zamanı çətinlik çəkmisiniz. Bu çox vacibdir, çünki biliyinizin sərhədlərini artıq aşkar etmisiniz.

Kompetentlik — insanın özünün sahib olduğu bacarıqların sərhəddini bilməsidir və siz elə indicə onu aşkar etdiniz! Bu təhsilin, öyrənmə prosesinin başlandığı nöqtədir. İndi dolaşıqlığın harada olduğunu bilirsiniz, elə isə, ilkin materiala qayıdın və onu sadə terminlərlə izah etməyi bacardığınız ana qədər təkrarən öyrənin.

Biliyinizin sərhəddini dərk etmək həmçinin etməyə meyilli olduğunuz səhvlərin sayını da azaldır və biliyinizin tətbiq edilməsi zamanı uğur qazanmaq şanslarınızı artırır.

3-cü addım – təşkil edin və sadələşdirin

İndi bir sıra əlyazma qeydlərə sahibsiniz. Onları nəzərdən keçirin və ilkin materialdan hər hansı professional termini səhvən ora yazıb, yazmadığınızı yoxlayın. Sıra həmin qeydlərdən sadə nitq hazırlamaqdadır. Onu yüksək səslə oxuyun. İzah sadə təsir bağışlamırsa və qəribə səslənirsə, bu, biliyiniz hələ də qaydaya salınmağa ehtiyac duyduğunun əlamətidir.